إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əli Həsənov - İslam həmrəyliyi müsəlman ölkələrinin problemlərdən xilas olmasına böyük kömək göstərər

Əli Həsənov: "İslam həmrəyliyi müsəlman ölkələrinin problemlərdən xilas olmasına böyük kömək göstərər"

 

Tehranda səfərdə olan baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İranın İmam Xomeyni İmdad Komitəsinin sədri Hüseyn Ənvəri ilə görüşüb.

Ahlibeyt.az-ın Salamnews agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Ə.Həsənov Azərbaycan və İran xalqlarının eyni dinə və mənəvi dəyərlərə malik olduğunu vurğulayıb: "Bu amillər hər iki xalqın yaxın dostluq və qardaşlıq şəraitində yaşamasını şərtləndirir."

İmam Xomeyni İmdad Komitəsi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 20 illik əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən Ə.Həsənov Komitənin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd olunub ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi, onun ərazi bütövlüyü və suverenliyinə hər zaman hörmətlə yanaşır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan baş nazir müavini ATƏT-in Minsk qrupunun müvafiq fəaliyyətinə baxmayaraq, problemin hələ də həllini tapmadığını diqqətə çatdırıb: "Bu gün dünyanın siyasi mənzərəsinə nəzər saldıqda, daha çox müsəlman ölkələrində qanlı münaqişələrin baş verdiyini görürük. Azərbaycan da müsəlman ölkəsidir və bu acınacaqlı mənzərə bizi narahat etməyə bilməz. İslam həmrəyliyi müsəlman ölkələrinin problemlərdən xilas olmasına böyük kömək göstərər. Ona görə də Azərbaycan və İran bütün sahələrdəki əməkdaşlıq əlaqələrini daha da genişləndirməlidir. Ölkələrimiz arasındakı dostluq əlaqələri elə yüksək səviyyədə olmalıdır ki, heç bir qüvvə bu dostluğa zərər vura bilməsin.

Sonda Ə.Həsənov həmsöhbəti H.Ənvərini Bakıya səfərə dəvət edib.

H.Ənvəri dəvətə görə təşəkkür edib və bildirib ki, İran və Azərbaycan arasında, hər şeydən əvvəl, dini və mənəvi əlaqələr mövcuddur: "Lakin Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil; ölkə iqtisadi cəhətdən xeyli inkişaf edib, dünyada layiqli yer tutub. Biz qonşu və dost dövlət olaraq, Azərbaycanın uğurlarına sevinirik."

Sonra H.Ənvəri rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında Ə.Həsənova məlumat verib

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2014  12:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!