إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Aşuranı tarixdən silmək üçün atılan addımlar uğursuz olub

Aşuranın tarixdən silinməsi üçün çox səylər göstərilib, amma bu, mümkün olmayıb. Bu faciəyə hər dəfə edilən hücumda onun yeni özəlliyi ortaya çıxıb.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu fikirləri ilahiyyatçı və yazıçı Cavid Cabbarlı Aşura günü və imam Hüseynin (ə) şəhid edilməsinin üçüncü günü münasibətilə Salamnews-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Aşura qiyamına qarşı çoxsaylı addımlar atılsa da, bu gün daim qeyd edilir və onun dəyərləri sabahkı günlərə də daşınacaq: "Bu hadisə hər il əvvəlkindən daha da təntənəli şəkildə qeyd olunur. Üçüncü məsum imam həzrət Hüseynin (ə) və onun 72 tərəfdarının Kərbəla səhrasında zəmanənin zalımı tərəfindən şəhid edilməsinin kədəri bu gün də qəlblərimizdədir, bu müsibət daha geniş formada sabaha daşınır.

Bu hadisənin tarixdən silinməsi üçün kifayət qədər səy göstərilib, lakin bu, mümkün olmayıb. Bu faciəyə hər dəfə edilən hücumda onun yeni özəlliyi ortaya çıxıb. Bu hadisə günəş kimidir; ətrafında dövrə vuranlara öz şüaları ilə fayda verir, ona tərəf şığıyanları isə hərarəti ilə məhv edir.

Əksəriyyət düşünür ki, 1404 il əvvəl baş vermiş bir döyüş səhnəsi niyə yaddan çıxmır? Niyə hər il daha da təntənəli şəkildə yad edilir? Bu “niyə”lərin sayını çox uzatmaq olar. Kərbəla hadisəsinə qiymət vermək və bu “niyə”lərin cavabını tapmaq üçün ən azı o dövrün ictimai-siyasi vəziyyəti ilə az da olsa, tanış olmalıyıq. Digər tərəfdən, bu qiyamın mahiyyətini və yaranma səbəblərini bilməliyik.

İmam Hüseyn (ə) sonuncu peyğəmbər həzrət Məhəmmədin (s) nəvəsi və ədalət simvolu kimi tanınan imam Əlinin (ə) övladıdır. Onun həzrət İbrahim (ə) və İsmayıldan (ə) gələn soyu dünyada ən mötəbər və şərəfli soy hesab olunur. Əlbəttə, Aşura qiyamını yaddaşlara həkk edən səbəb bu deyil.

Xüsusi qeyd etməliyəm ki, imam Hüseyn (ə) qiyamını dini çərçivəyə salıb məhdudlaşdırmaq düzgün deyil. Onun Yezidə ünvanladığı bircə kəlmə bəs edir ki, bu iddianı irəli sürək: “Mənimkimilər səninkimilərə beyət etməz!"

Bu cümlə qiyamın mahiyyətini dərk etmək üçün ipucu verir. Əgər bir çoxlarının dediyi kimi, savaş imam Hüseynlə (ə) Yezid arasında hakimiyyət uğrunda gedirdisə, o zaman imam “Mən sənə beyət etmərəm" deməzdi.

Hər kəsin dərk etdiyi bir həqiqət var – xeyir və şər, haqq və batil. Bu savaş da batilin ən yüksək zirvədə dayandığı, haqqın ən aşağı həddə yuvarlandığı bir vaxtda baş verdi. İslam dini bəşəriyyət üçün xilaskar funksiyasını tam şəkildə üzərinə götürdüyü halda, onun başına ilahi göstərişləri açıq şəkildə pozan biri keçdi. Müsəlmanların xəlifəsi olan Yezid it oynatmağı, meymun saxlamağı, əyyaşlıq etməyi və müxtəlif cinayətləri ilə məşhurlaşmışdı. Belə bir vaxtda imam Hüseyn (ə) ilahi höccət olaraq, bəşəriyyətin mənəviyyatsızlıq bataqlığında məhv olmasında özünün də məsuliyyət daşıyacağını anlayaraq, zülmə qarşı qiyam etdi. Onun məqsədi Yezidi hakimiyyətdən kənarlaşdırıb şahlıq kürsüsündə oturmaq deyildi. Bunu tarix də sübut edir. Aşura qiyamının hər səhnəsi göstərir ki, burada ancaq və ancaq şəhadət olub. İmamın məqsədi Yezidin islam dininə aid olmadığını çatdırmaq idi və o, bunu çatdırdı."

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Noyabr, 2014  15:22 Çap

Bu bölmədə

16 İyul, 2024
Bu gün Aşuradır

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!