إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Mərəşi Nəcəfi(r) və Şeyx Cavad Təbrizi(r) Xanım Məsumənin(s.ə) kəraməti barədə

Mərhum Ayətullah Mərəşi Nəcəfi nəql edir ki, cavanlıq vaxtlarımda maddi vəziyyətim yaxşı deyildi. Qızımın cehizini almağa imkanım yox idi. Hz.Məsumənin(s.ə) hərəminə gedib ona təvəssül etdim. Gözüm yaşlı halda Xanıma(s.ə) müraciətlə dedim: "Ey mənim seyyidəm və mövlam! Niyə mənim yaşayışıma diqqət etmirsiz? Axı, mən bu imkanla qızımı necə köçürəcəm?"

Sözləri qurtarıb elə həmin əhvalla evə qayıtdım. Evə çatmışdım ki, özümdən getdim. Həmin halda idim ki, qapının döyüldüyünü eşitdim. Qapını açdım və bir nəfəri gördüm. Məni görcək dedi ki, Hz.Məsumə(s.ə) səni çağırır. Tez-tələsik hərəmə tərəf yollandım. Hərəmə çatanda gördüm ki, bir neçə kəniz hərəmi təmizləməklə məşğuldurlar. Səbəbini soruşdum, cavab verdilər ki, bəs indi Xanım(s.ə) təşrif buyuracaqdır. Bir az keçmişdi ki, arıq və solğun, səsi və qoxusu nənəm Fatimeyi-Zəhra(s.ə) kimi olan(bir neçə dəfə nənəm Zəhranı(s.ə) yuxuda görmüşdüm) Hz.Məsumə(s.ə) təşrif buyurdu. Yaxınlaşıb əlindən öpdüm. Hz.Məsumə(s.ə) mənə müraciətlə buyurdu: "Ey Şəhab!(Şəhabəddin Mərəşi Nəcəfinin adıdır) Niyə bizi suçlayır,, əlimizdən şikayət edir və deyirsən ki, biz sənin yaşayışına diqqət etmirik? Bil ki, sən Quma daxil olan vaxtdan bizim nəzərimiz və inayətimiz altındasan".

Elə bu zaman özümə gəldim. Özümə gələn kimi anladım ki, Xanım Məsuməyə(s.ə) qarşı hörmətsizlik etmişəm. Tez hərəmə Hz.Məsumədən(s.ə) üzr istəməyə yollandım. Bir müddət keçdi və hacətimə çatdım və ümumi vəziyyətim yaxşılaşmağa doğru başladı.

Mərhum Ayətullah Şeyx Cavad Təbrizi nəql edir ki, Feyziyyədə(mədrəsədə) hücrədə qaldığım vaxtlar idi. Bir zaman oldu ki, çörək almağa belə imkanım olmadı və bir neçə gün ac qaldım. Bu vəziyyətdə yollandım Hz.Məsumənin(s.ə) hərəminə. Hərəmdə Xanım Məsuməyə(s.ə) belə ərz etdim: "Bibi can! Biz sizə pənah gətirmişik. Bizim sahibimiz sizsiz. Biz sizin kərəm süfrənizin başında qərarlaşmışıq". Bunları deyib hərəmdən çıxdım. Elə bu zaman gördüm kimsə məni azəricə səsləyir: Mirzə Cavad! Çöndüm və gördüm ki, Təbrizdən olan həmşəhərlilərimdəndir. Mənə dedi: "Hardasan? Sənə bir az pul gətirmişəm. Bayaqdan səni gəzirəm ki, sənə verəm".

Puları alıb hərəmə daxil oldum və Xanıma(s.ə) dedim: "Bibi can! Çox sağ olun. Çox tez mərhəmət etdiniz. Bilirəm ki, bu pulları siz göndərmisiz".

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2011  01:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!