إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİDİ-i Amerika yaradıb? – Hillari Klinton yazır

“BBC“ radiosu İslam Şam və İraq Dövlətinin (İŞİD) ABŞ tərəfindən yaradılması ilə bağlı iddiaların anatomiyasını araşdırıb. Azərbaycanda da bu iddiaların populyar olduğu kimsəyə sirr deyil.


Ahlibeyt.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə “BBC“-nin Liviya üzrə müxbiri Suzanne Kianpour Beyrutdan hazırladığı yazısında bu iddia ilə bağlı deyilənləri nəzərdən keçirib.

Jurnalist yazır ki, Livan rəsmilərindən biri ilə restoranda söhbət edərkən o, dedi ki, sui-qəsd planları hazırlamaq və bu barədə nəzəriyyələr quraşdırmaq Yaxın Şərqə xas olan xüsusiyyətdir. Bu, bizim qanımıza hopub.

O, bildirdi ki, Beyrutda dolaşan şayiələrdə deyilir ki, İŞİD-in arxasında duran və bu terrorçu təşkilatı yaradan Amerikadır. Bu faktı ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton öz “Çətin Seçim” (Hard Choices) kitabında etiraf edib.

Livanda bu şayiələr İŞİD-in bu ölkəyə hücumundan sonra daha da artıb. Terrorçular Livanın Suriya ilə sərhəddə olan Arsal kəndinə hücum etdikdən sonra yüzlərlə insan ev-eşiyini qoyub qaçmalı olub. Elə o vaxtdan bölgədə İŞİD-i yaratdığı söylənilən Amerikaya qarşı ittihamlar sürətlə çoxalmağa başladı.

İŞİD-in Livan Ordusuna qarşı törətdiklərini əks etdirən görüntülər İnternetdə yayılmağa başladı. Bu da Amerikanı ittiham edənlərin sayını xeyli artırdı. Söylənilir ki, İŞİD-in mövcudluğu Amerikaya bağlıdır və bu terrorçu qrup Ağ Evin xoşuna gəlir.

Sübut isə həm də ABŞ prezidentliyinə namizəd olacağı gözlənilən Hillari Klintonun adıçəkilən kitabındadır. Bu kitabın sosial mediada geniş müzakirəsi əsasən bu sübutla bağlıdır. Sübutsa ondan ibarətdir ki, xanım Klinton bildirib ki, Suriyada üsyançılar Bəşər Əsədə qarşı mübarizəyə qalxanda ABŞ onları müdafiə etmədi. Nəticədə cihadçılar tezliklə üsyançıları sıxışdırıb meydandan çıxardılar və əsas qüvvəyə çevrildilər.

İş o yerə çatıb ki, Liviya Xarici İşlər Nazirliyi ABŞ-ın bu ölkədə olan səfiri  David Haleni təcili olaraq rəsmi görüşə dəvət edib.

Vəziyyətin gərginliyini nəzərə alan səfir Facebook səhifəsində bəyanatla çıxış etməli olub: “İŞİD-in Amerika tərəfindən yaradılması ilə bağlı deyilənlər ağ yalandan başqa bir şey deyil. Amerikanın İŞİD-i dövlət kimi tanıyacağı ilə əlaqəli deyilənlər də əsasız fikirlərdir. İŞİD terror təşkilatından başqa bir şey deyil. Livanda dövriyyədə olan bu kimi şayiələr saxtadır və heç bir əsası yoxdur“.

Jurnalist yazır ki, əslində bu kimi şayiələrin ortaya çıxması üçün tarixdə bəzi məqamlar var. Amerika bir çox hallarda dünyanın müxtəlif yerlərində olan hərbi və partizan qruplarını müdafiə edib, onlara gərəkən dəstəyi əsirgəməyib. Əlbəttə ki, dərhal ağıla Əfqanıstanda olan mücahidlər gəlir. Bəllidir ki, “əl-Qaidə“ də onlardan yarandı.

Qeyd olunur ki, ABŞ-ın Körfəz ölkələrindəki müttəfiqləri də İŞİD-i dəstəkləməkdə ittiham olunurlar.

Araşdırıcı Octavius Pinkard da qeyd edir ki, müəyyən ölkələrdə rejim dəyişikliyinə nail olmaq üçün Amerika belə silahlı qruplardan istifadə edib. Onlara hər cür yardım göstərib.

“BBC“ deyir ki, Livanda yayılmış bu kimi şayiələr Amerikanın bu ölkədəki maraqlarını zərbə altında qoya bilər.

İndi Beyrutda insanlar deyirlər ki, “Hizbullah“ İŞİD-in Livana girməsinə imkan verməyəcək. Daha “Amerika bizə kömək edəcək“, deyən yoxdur.

Livanda bir çox insan o fikirdədir ki, ABŞ və Səudiyyə bu məsələlərdə ortaqdırlar.

Octavius Pinkard qeyd edib ki, İŞİD-in hücumu Livan Ordusu ilə “Hizbullah“ı bir araya gətirdi.  Onlar Suriyada davam edən vətəndaş müharibəsinin bu ölkəyə sıçramasına imkan vermək istəmirlər.

O da aydın görünür ki, “Hizbullah“, Dəməşq və Tehran üçlüyünün apardığı bu təbliğat Amerikanı üstələyir.

Ancaq ABŞ İŞİD-ə qarşı qırıcı uçaqları işə saldıqdan sonra Facebook-da Ağ Evə münasibət yenidən müsbətə doğru dəyişməyə başlayıb.

Livanlılardan biri sosial şəbəkədə yazıb ki, heç vaxt Amerikanın hərbi müdaxiləsinə bu qədər sevinməmişdim.

Görünən odur ki, Amerikanın İraqda İŞİD-ə qarşı uğurları artdıqca ona olan mənfi münasibət əks istiqamətdə dəyişəcək...

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Avqust, 2014  21:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!