إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD dinc əhalini qətlə yetirdiyi zamandan, başları kəsdiyi andan Quranı dəyişib

Son günlər KİV-lər İslam xilafəti elan etmiş "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının Qurani-Kərimin bəzi hissələrində dəyişiklik edəcəyini açıqladığı haqda məlumatlar yayıb. Həmin məlumatlarda bildirilir ki, Suriya və İraqda etdiyi qırğınlarla gündəmə gələn İŞİD indi də Quranın təhrif edildiyini iddia edərək, təhrif olunan surələr üzərində düzəlişlər edəcəyini bildirib.

İslam şüarları ilə çıxış edən terrorçu qruplaşma xüsusilə Quranın 109-cu surəsi olan "Kafirun" surəsini dəyişdirmək istədiyini vurğulayıb. Xatırladaq ki, "Sizin dininiz sizə, mənim də dinim mənə" ayəsinin yer aldığı həmin surə hər bir inanc sahibinin öz seçimində sərbəst olduğunu açıqlayır və tolerantlıq nümunəsi kimi dəyərləndirilir.

Bu xəbər sosial şəbəkələrdə qızğın mübahisələrə səbəb olub. Belə ki, İslam təliminə görə, Qurani-Kərim Allah tərəfindən hər cür təhrifdən qorunur. Bunu təsdiqləyən müvafiq ayə də var. "Hicr" surəsinin 9-cu ayəsində deyilir: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!".

İddialara görə, Quranın təhrif olunmadığı bütün müsəlmanlar tərəfindən yekdil olaraq qəbul edilir və İŞİD-in belə bir bəyanatla çıxış etməsi xəbəri doğru sayıla bilməz. Amma terrorçu qruplaşmanın Quranla bağlı belə bir təşəbbüslə çıxış edib-etmədiyindən asılı olmayaraq, aydın olan məsələ budur ki, praktik olaraq İŞİD artıq Quranı dəyişib! İnandığını iddia etdiyi Quranın ruhuna zidd olaraq, Allah adı ilə dinc insanlara qarşı qətliamlar və amansız cinayətlər törətməklə! İnancı onlar kimi olmayanların qanının halal olduğunu elan etməklə!

İslam xilafəti iddiasında olan qruplaşma İslam adı ilə terrorçuluq etməklə əməli şəkildə dünyaya göstərmişdir ki, onun inandığı Quran müsəlmanların iman gətirdiyi və insanlar arasında dinc yaşayışı, sülh və əmin-amanlığı təbliğ edən Qurandan fərqli bir kitabdır! Müsəlmanların inandığı Quran bir insanı haqsız yerə qətlə yetirməyin bütün bəşəriyyəti qətlə yetirmək olduğunu öyrədir. Dində məcburiyyətin olmadığını bəyan edir. İnsanlarla xoş davranmağı buyurur. Bəşəriyyəti fitnə-fəsaddan uzaq olmağa çağırır. İŞİD-in "Quranı" isə (praktik olaraq) bütün bu dəyərlərin əksini əmr edir və insanları qan gölünə qərq edir.

Odur ki, İŞİD-in formal olaraq Quranı dəyişib-dəyişməyəcəyi elə bir əhəmiyyət daşımır. Fakt budur ki, məna cəhətdən İŞİD dinc əhalini qətlə yetirdiyi zamandan, başları kəsdiyi andan Quranı dəyişib.

Mənbə- İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Avqust, 2014  17:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!