إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Mosul xristianları Kərbəlaya sığınır

"İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının işğal etdiyi Mosul ərazisindən qaçqın düşmüş xristian ailələri Kərbəla şəhərinə sığınırlar. Kərbəla vilayətinin rəhbərliyi ötən gün KİV-ə verdiyi açıqlamada bildirib ki, Kərbəla əhalisi və yerli hakimiyyət orqanları qaçqın xristianlara hər cür yardım etməyə hazırdırlar.

Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə Kərbəla vilayətinin valisi Əqil ət-Türeyhi bəyan edib ki, "məntəqə əhalisinin xristian qaçqınlara yardım etməyə hazır olduğunu bildirməsi bir daha Hüseyn (ə) Kərbəlasının bütün məzlumlar üçün sığınacaq yeri olduğunu göstərir."

Vali qeyd edib ki, bundan əvvəl də Kərbəla təcavüzə məruz qalmış digər vilayətlərdən qaçqın düşmüş əhali üçün də sığınacaq yeri olub: "İndiyədən əl-Ənbar, Səlahəddin və Diyalə vilayətlərindən minlərlə qaçqın, xüsusilə əhli-sünnə əhalisi Kərbəlada məskunlaşmışdır. İndi də xristian qaçqınlar buraya sığınırlar."

İŞİD-in nəzarətində olan ərazilərdən qaçqın düşən xristian iraqlılar Kərbəlada əmin-amanlıqda olduqlarını və yerli əhalinin onlara hər cür dəstək olduqlarını bildiriblər.

Xatırladaq ki, ötən cümə günü özünü xəlifə elan etmiş İŞİD lideri Əbu-Bəkr Bağdadi Mosulda yaşayan xristian əhalisinə müraciət edərək, onlardan ya İslam dinini qəbul etmələrini, ya da xilafətə cizyə vermələrini tələb edib. Əks halda, bu tələb yerinə yetirilmədiyi təqdirdə, xristian əhalini qətlə yetirəcəklərini bəyan edib.

Bu ultimatumdan sonra, minlərlə mosullu xristian ev-eşiklərini tərk edərək İraqın şimalına - İraq Kürdüstanına və ölkənin cənubuna, şiə bölgəsinə köç etməyə məcbur olublar. Dünən İraq Kürdüstan muxtariyyatı beynəlxalq ictimaiyyətdən qaçqınlara yardım etmək üçün kömək istəyib.

Beləliklə, Kərbəla günümüzdə yeni elan edilmiş xilafətin zülmündən yaxa qurtarmaq üçün ona sığınan minlərlə müsəlman və xristianın, sünni və şiənin, ərəb, türkman və kürdün sığınacaq yerinə çevrilir. Vaxtıyla Əməvi xilafətinin qətliamına şahid olmuş Kərbəla dövrümüzün xilafətinin cinayət və qətliamından qaçıb canını qurtaran dinc əhalinin sığınacaq yerinə çevrilir. Amma bu gün Mosul və bir sıra digər məntəqələr müasir dövrümüzün xilafətinin zülmünün yeni Kərbəlası qismində çıxış edir. "Hər gün Aşuradır, hər yer Kərbəladır" ifadəsi isə həmin bölgə əhalisi üçün sadəcə bir şüar deyil, həyatın gerçəkliyidir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyul, 2014  17:20 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!