إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlmanlar belə “İslam xilafətinə” qarşı səfərbər olmalıdırlar

Ramazan ayının ilk günündə "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşması ələ keçirdiyi İraq və Suriya ərazilərində İslam Xilafəti yaratdığını elan edib. Terrorçu qruplaşma dünyanın hər tərəfindəki "cihadçıları" yeni elan edilmiş xilafətə beyət etməyə çağırıb. Qruplaşma "İraq və Şam İslam Dövləti" adını da dəyişdirərək bundan sonra "İslam Dövləti" adlanacağını bəyan edib. İslam.az-ın verdiyi xəbərə görə, bu haqda amerikalı SİTE monitorinq qrupu məlumat yayıb.

Bu arada, qruplaşmanın sözçüsü Əbu Məhəmməd Ədnani YouTube-da yaydığı video-müraciətində ilk dəfə olaraq "İslam Xilafətinin" xəlifəsinin - "bütün dünya müsəlmanlarının rəhbərinin" adını elan edib. Bu şəxs Əbu-Bəkr Bağdadi kimi tanınan İbrahim Əvvad əs-Samərraidir. Xatırladaq ki, daha əvvəl İraq Daxili İşlər Nazirliyi Əbu-Bəkr Bağdadi kimi tanınan İŞİD liderinin şəxsiyyətini müəyyən etmiş və onun tam adının İbrahim Əvvad İbrahim Əli əl-Bədri əs-Samərrai olduğunu açıqlamışdır.

Qeyd edək ki, əvvəllər məscid imamı olmuş adı çəkilən şəxs dünyanın ən təhlükəli terrorçularından sayılır və ABŞ Dövlət Departamenti 4 oktyabr 2011-ci il tarixində Əbu Bəkr əl-Bağdadi haqqında informasiya verən, ölü, ya dirisini gətirən şəxsə 10 milyon dollar mükafat vəd etmişdir. Onun uzun illərdən bəri "əl-Qaidə"nin İraq qolunun lideri olduğu bildirilir.

İŞİD sözçüsü öz bəyanatında İslam xilafətinin yaradılmasını "dünya müsəlmanlarının çoxdankı arzusu" olduğunu vurğulayıb. Beləliklə, 21-ci əsrdə İslam Xilafəti rəsmən elan edildi.

Xatırladaq ki, 7-ci əsrdə bünövrəsi qoyulmuş İslam Xilafəti dəyişik formalarda 20-ci əsrin əvvəllərinədək, 13 əsr müddətincə mövcud olmuşdur. 3 mart 1924-cü il tarixində Atatürkün təşəbbüsü və Türkiyə parlamentinin qərarı ilə son İslam xilafəti sayılan Osmanlı xilafəti rəsmən ləğv edilmişdir. Son 90 ildə çoxlu sayda sünni məzhəbli qruplaşmalar tərəfindən yeni İslam xilafəti yaradılmasına cəhdlər edilmişdirsə də, buna nail olunmamışdır. Nəhayət 29 iyun 2014-cü ildə 90 illik fasilədən sonra müasir dövrümüzün ən amansız terrorçu qruplaşması olan İŞİD-in təşəbbüsü ilə yenidən "İslam Xilafəti" elan edildi.

Tarixə nəzər saldıqda şahidi oluruq ki, əslində "İslam" adı ilə yaradılan Əməvi, Abbasi və Osmanlı xilafətləri də kütləvi qətliamlar və çoxlu sayda insanların qanları bahasına qurulmuş və mövcud olmuşdur. Xəlifə postuna yiyələnmək üçün qarşıdakı bütün maneələr amansızlıqda aradan qaldırılmış, hətta oğul atanı, ata oğulu, qardaş qardaşı belə qətlə yetirməkdən çəkinməmişlər. İndi də İŞİD din adı ilə rəqibləri fiziki olaraq məhv edib, teokratik məzmunlu dövlət qurma ənənəsini gerçəkləşdirir. Elə sələfləri olan xilafətlər kimi öz liderini "bütün müsəlmanların xəlifəsi" adlandırır və bütün dünya müsəlmanlarını ona beyət etməyə çağırır. Şübhəsiz ki, müsəlmanlar ən ağır cinayətlər törətmiş, müsəlman başları kəsmiş bu terrorçu qruplaşmanın çağırışına səs verməyəcək və din adı ilə cinayətlər törədən bu "xilafətə" qarşı səfərbər olacaqlar. Həm özlərini, həm də İslamı bu qatillərin caynağından xilas etmək naminə.

E,M

Mənbə: İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyun, 2014  20:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!