|
• Mənəviyyat • MənəviyyatHəzrət Əbülfəzl Abbasın (ə) mübarək mövlud günüdür"Qəməri Bəni-Haşim" ləqəbi ilə tanınmış Həzrət Əbül-fəzl ibn Əli (ə) hicrətin 26-cı ili, şəban ayının 4-də dünyaya gəlmişdir. Islam aləmində Həzrət Əbülfəzl (ə) Qəməri-Bəni-Haşim (yəni Haşim Nəslinin Ayı) ləqəbi ilə tanınmışdır. Atası Həzrət Əli (ə), anası isə öz şücaətləri ilə ad qazanmış "Kilab" qəbiləsindən olan Ummülbənidir. Xanım Fatimə (s.ə) dünyasını dəyişdikdən sonra Həzrət Əli (ə) qardaşı Əqilə demişdi ki, onun üçün elə bir tayfadan həyat yoldaşı seçsin ki, onun üçün qeyrətli və şücaətli bir oğlan dünyaya gətirsin. Əqil bütün tayfaların əsl-nəcabətini yaxşı bildiyi üçün məhz Ummülbənini həzrət Əliyə (ə) tövsiyə elədi. Həzrət Əlidən (ə) tərbiyə alan Həzrət Əbülfəzl bütün insani dəyərləri və xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxs olmuşdur. öz şücaəti, qəhrəmanlığı ilə tarixə silinməz və əvəz olunmaz izlər salmışdır. Imam Cəfər Sadiq (ə) belə buyurur: "Bizim əmimiz Həzrət Əbülfəzlin (ə) dolğun təfəkkürü, geniş baxışı və güclü imanı var idi. O (ə), Imam Hüseynlə (ə) birgə zalım Yezidə qarşı sonadək mübarizə apardı. O Həzrətin (ə) yolunda canını fəda edib şəhid oldu." O Həzrətin (ə) şücaəti və qəhrəmanlığı barəsində tarixçi Xarəzmi belə nəql edir: "Siffeyn müharibəsində misilsiz şücaəti, yüksək qılınc oynatmaq qabiliyyəti hamını valeh etmişdi. Müaviyə suyu Həzrət Əlinin (ə) ordusunun üzünə bağladıqdan sonra Əbülfəzl (ə) meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Müaviyə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən cəngavərisən, bunu öldür ki, başqalarına ibrət olsun. Lakin o, özü getməyib oğlunu göndərdi. Əbülfəzl (ə) ardıcıl olaraq onun yeddi oğlunu öldürdü. Bunu görən əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Həzrət Əbülfəzl (ə) onu da məğlub etdi." Xarəzminin nəql etdiyinə əsasən bundan sonra Müaviyənin qoşunundan heç kim onunla döyüşə cəsarət etmədi. Imam Səccad (ə) o həzrətin (ə) barəsində belə buyurur: "Həzrət Abbas (ə) təlim görməmiş alimdir, çünki o, ilahi elmin mənbəyi, Həzrət Peyğəmbərin varisi və vəlisi Həzrət Əlinin (ə), həmçinin behişt cavanlarının ağaları olan Həsən (ə) və Hüseynin (ə) elmindən faydalanmışdır." Kərbəla şəhidləri arasında öz yüksək məqamı ilə məhşur olan Həzrət Əbülfəzl (ə) Allahın hüccətini qəhrəmancasına müdafiə edərkən, Əhli Beyt (ə) xanədanına su gətirərkən Fərat sahilində şəhadətə yetişdi. Tasua gecəsi qarşı tərəfdən gələn "amannamə"yə yox cavabı verən Həzrət Abbas (ə) İmam Hüseynə və Peyğəmbər ailəsinə olan vəfasını göstərmişdir. Imam Səccad (ə) Həzrət Əbülfəzlin məqamının şəhid məqamından üstün olduğu barədə belə buyurur: "Allah Təala əmim Abbasa (ə) rəhmət eləsin. O, həqiqətən canından keçib özünü qardaşına fəda elədi, Allah-Təala onun kəsilmiş qollarının əvəzinə əmisi Cəfər Təyyar kimi iki qanad vermişdir ki, mələklər kimi uçaraq cənnətə daxil olsun. Onun Allah Təala yanında elə bir məqamı var ki, Qiyamət günü bütün şəhidlər ona qibtə edər və onun məqamını təmənna edərlər." Əbülfəzlin (ə) Kərbəladakı qəhrəmanlığı barəsində Təbəri belə yazır: "Məhərrəm ayının 7-də Imam Hüseyn (ə) ordusunu mühasirəyə alaraq suyu onların üzünə bağladılar. Əbülfəzl (ə) su gətirmək üçün Imam Hüseyndən (ə) icazə alaraq 30 atlı, 20 piyada və 20 su tuluğu ilə Fərat çayına tərəf yollandı, çaya yetişdikdə suyun qarşısını kəsən düşmən qoşunu ilə rastlaşdılar. Bir dəstə onlarla vuruşduğu halda digər dəstə tuluqları su ilə doldurub oranı tərk etdilər. Döyüşçülər arasında öz şücaəti ilə Həzrət Abbas (ə) düşmənin gözünü elə qorxutmuşdu ki, heç kim ona yaxınlaşıb döyüşmək istəmirdi." Aşura gecəsi Imam Hüseyn (ə) öz xeyməgahında ibadətlə məşğul olarkən Həzrət Əbülfəzl (ə) onu mühafizə etmiş və daim Əhli Beytin (ə) xidmətində durmuşdur. O gecə Həzrət Əbülfəzl (ə) qardaşlarına xitab edərək buyurdu: "Bu gün elə bir gündür ki, gərək cənnəti satın alaq və canımızı Imam Hüseynə (ə) fəda edək. Bunu ona görə etmirik ki, biz onun qardaşlarıyıq, bunu ona görə edirik ki, Imam Hüseyn (ə) Allahın yer üzündəki hüccətidir." Bunu eşidən Imam Hüseyn (ə) buyurdu: "Ey qardaş, aləmlərin Rəbbi sənə əcr versin." Kərbəlada haqqın bayraqdarı olan Əbülfəzl (ə) Imamın göstərişi ilə meydana gedən son şəxs oldu. Bütün səhabələr meydana getmək üçün Imam Hüseyndən (ə) icazə alaraq növbə ilə meydana getdiyi halda Həzrət Əbülfəzl (ə) Imam Hüseynin (ə) əmrini gözləyirdi. Sonda o, Imam Hüseyndən (ə) icazə alaraq su gətirmək üçün Fərata yollandı. Zalımlarla üzləşən Həzrət Əbülfəzl (ə) ilk növbədə onları haqqa tərəf səslədi, lakin onlar buna etina etməyərək öz zülmlərindən əl çəkmədilər. Həzrət Əbülfəzl (ə) tuluğu ilə su doldurub qayıdarkən Onun (ə) sağ əlini kəsdilər. Bir müddət sol əli ilə vuruşduqdan sonra Həzrətin (ə) sol əlini də kəsdilər. Ancaq Kərbəla ələmdarı bayrağın yerə düşməsinə imkan verməyərək onu sinəsinə sıxaraq saxladı. Hər tərəfdən o Həzrəti (ə) ox və nizə ilə yaraladılar. Həzrət (ə) fəryad edərək buyurdu: "Məndən sənə salam olsun ey əba Əbdullah." Bunu eşidən Imam Hüseyn (ə) onun yanına gələrək Həzrətin (ə) mübarək başını qucaqlayaraq buyurdu: "Indi belim sındı, çarəm azaldı və düşmənin dili açıldı." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2014 12:24 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |