|
• Mənəviyyat • MənəviyyatHicabİstər Avropa, istərsə də müsəlman ölkələrində hicaba qarşı təqiblərin səbəblərinin araşdırılmasına ciddi ehtiyac var Artıq 11 ildir ki, hicablı Azərbaycan xanımları şəxsiyyət vəsiqəsi və milli pasport almaq üçün baş örtüyü ilə şəkil çəkdirə bilmirlər. Möminə xanımların hüquqi çərçivədə mübarizəsi nəinki bir nəticə vermədi, hətta son zamanlar onları oxuduqları tədris müəssisələrində də incitməyə başlayıblar. Dövlət rəsmilərinin məsələyə münasibəti isə birmənalı deyil. Təhsil Nazirinin son bəyanatı Konstitusiyaya zidd olması onu heç düşündürmür, deyəsən. Geyim mədəniyyəti Nədənsə ölkə mətbuatında baş örtüyündən danışarkən yalnız İslam şəriəti ətrafında mülahizələr yeridilir, hərçənd ki, hicaba riayət göstərişi tarixən bütün səmavi dinlərin şəriətində öz əksini tapıb. Ümumiyyətlə qadının örtünməsi əksər mədəniyyətlərdə mövcud olub. Cinsi azadlığı ilə seçilən Qədim Yunanıstan və Romaya aid tarixi abidələri və arxeoloji qazıntıları araşdırdıqda, hətta burada da qadınların saç və bədənlərini örtdükləri məlum olur. Xristian və yəhudilər müasir dövrdə hicaba riayət etməsələr də, onlar öz məbədlərinə daxil olarkən və ya dini mərasimlərdə iştirak edərkən başlarını mütləq örtürlər. Özlərini “Məsihin xanımları” adlandıran xristian rahibələrin gündəlik geyimi isə müsəlman hicabından heç nə ilə fərqlənmir. Hicab, ümumiyyətlə geyimin açıq-saçıq olmaması tarixən inkişafın və yüksək mədəniyyətin göstəricisi olub. Hətta utopik əsərlərin müəllifləri gələcəyin kamil insanlarını çılpaq deyil, əksinə, mümkün qədər örtülü paltarlarda təsəvvür ediblər. İbtidai cəmiyyətlə inkişaf etmiş cəmiyyəti fərqləndirən cəhət yalnız mental tərəqqi deyil, həmçinin həmin mental tərəqqidən doğan geyim mədəniyyətidir. İnsan özünü dərk etdikcə, əqli və mənəvi cəhətdən kamilləşdikcə öz bədəninin örtülməsinin mahiyyətini anlayıb. Günümüzün bu günündə də qadınların (elə kişilərin də) geyimi ilə onun intellektual səviyyəsini yoxlamaq mümkündür. İslamın hicaba verdiyi önəm olduqca böyükdür. Bəziləri bunu diskriminasiya kimi qəbul etsə də, dini mənbələrə müraciət etdikdə, hicab ictimai bərabərliyin təminatçısıdır. Qadın kişi ilə birgə fəaliyyət göstərərkən onu cinsi obyekt müstəvisindən əməkdaş müstəvisinə keçirən amillərdən biri hicabdır. Bu gün hicaba qarşı çıxanlar əsasən Qərbdə baş verən cinsi inqilabın ideyalarının daşıyıcılarıdır. Ancaq cinsi inqilabın nəticələrini qadınla kişinin bərabərliyi ilə eyniləşdirmək ən azı yanlışdır. Cinsi inqilab kişi-qadın münasibətlərinə yenilik gətirdi, ancaq bu, münasibətlərdə daha əvvəl mövcud olan hörmət pərdələrini yırtdı və yalnız cinsi münasibətlərə xaotik surət verdi. Bu isə öz növbəsində cəmiyyətin mənəvi deqradasiyası ilə nəticələndi ki, bunu bir çox Avropa ölkələrində müşahidə edə bilərik. Məhz müsəlman cəmiyyətini fəsadlardan qorumaq, kişi-qadın münasibətlərində bərabərliyi təmin etmək üçün şəriət müəyyən geyim formasını tətbiq edir. Soyunmağın fəlsəfəsi Örtülü geyimdən açıq-saçıq geyimə keçid prosesi uzun çəkib. Təbii ki, dini etiqad üzündən örtünən xanımlarda yeni geyim növünə rəğbət qazandırmaq üçün alternativ ideoloji baza lazım idi. İstər müsəlman Şərqində, istərsə də xristian Qərbində tarixən bu ideoloji təbliğatın forması eyni olub və “müasirlik” şüarı altında həyata keçib. Qərb fəlsəfəsində Renessansdan sonra əsas dəyişiklik o oldu ki, insanların şüurunda “Allah” “mən”lə əvəz olundu. Bütün hadisələrin mərkəzində insan yalnız özünü görür, yalnız öz mənfəətini güdürdü. Gələcəkdə də bu fikir müasir kapitalizmin inkişafına təkan verdi. Bu baxımdan dini qaydaları öz şəxsi istəklərindən sonra ikinci (bəlkə də sonuncu) plana çəkən insan artıq hansısa mənəvi kamilliyi deyil, şəxsi varlanmanı və yalnız ləzzətləri düşünməyə başladı. Belə olduqda, qadın geyiminin açıq-saçıq olması qaçılmaz idi. Hicabı qadın hüquqlarının tapdalanması kimi qələmə verənlər anlamalıdırlar ki, qadınları çılpaq edən məhz elə kişilər özləri olublar. Çünki, qadının açıq-saçıqlığı cəmiyyətdə əxlaqsızlığa səbəb olur, əxlaqsızlığa aludə olan cəmiyyəti isə idarə etməkdən asan bir şey yoxdur. Bu halda insan yüksək amalları unudur, onun məqsədləri kiçilir, arzuları isə qısamüddətli ləzzətlərin təmin olunması ilə məhdudlaşır. Cəmiyyət narkoman tək uyuşdurucuya xatir hətta ən əziz və qiymətli şeylərdən belə keçməyə hazır olur. Cəmiyyəti bu bəladan qurtaracaq yeganə amil mənəviyyatdır ki, onun əsas və mühüm təzahürlərindən biri olan hicab kişi-qadın münasibətlərində həddin aşılmamasını təmin edir. Soyunmaq qadını və ona uyan kişiləri köləyə çevirirsə, hicab həm qadını, həm kişini köləlikdən qurtarır. Bu fikirlər tarix və praktikada öz təsdiqini tapıb. Roma İmperiyasında əhalini əldə saxlamaq üçün “çörək və tamaşa” prinsipi tətbiq olunurdu. Xalqın sərvəti imperatorlar tərəfindən talan olunduğu zaman, sadə camaatın başını eyş-işrətlə, açıq-saçıqlıqla qatırdılar. Eyni vəziyyət müsəlman Ədəlusunda da (İspaniya) olub. Müsəlmanların elmi və maddi tərəqqisini görən xristian zadəganlar xristian qadınların yarıçılpaq vəziyyətdə küçələrə buraxaraq gənclərin fikrini yayındırdılar və nəhayət şəhvətpərəst bir topluma çevrilmiş müsəlman cəmiyyətini asanlıqla İspaniyadan qovdular və onların nailiyyətlərini mənimsədilər. Müasir dünyada hicab Maraqlısı budur ki, hicab problem olaraq daha çox müsəlman ölkələrində ortaya çıxır. Ancaq Qərbdə müsəlman xanımların öz geyimləri ilə bağlı problemlərlə üzləşmədiklərini iddia etmək də yanlışdır. Çox zaman hüquq müdafiəçilərinin Qərb demok- ratiyalarında hicablıların parlamentdə və s. rəsmi qurumlarda təmsil olunduğunu misal çəkmələri, heç də orada hicablılar üçün cənnət şəraiti yaradıldığı demək deyil. İlk növbədə bir neçə il bundan əvvəl Fransadakı hadisələri xatırladaq. 2004-cü ildə Jak Şirak öz çıxışında bildirmişdi ki, məktəblərdə gözəçarpan dini atributların qadağan olunması barədə qanun 2005-ci ildə artıq tətbiq olunacaq. “Gözəçarpan dini atributlar” dedikdə Fransa qanunvericiləri böyük xaç, yəhudi papaqları və hicabı nəzərdə tuturdular. Ancaq Fransada nə xristianlar böyük xaç taxır, nə də yəhudilər papaqla gəzir və əvvəlcədən məlum idi ki, bu addım hicabın məhdudlaşdırılması məqsədilə atılmışdı. Həqiqətən də, lisey müdirləri qapının ağzında durub şəxsən hicablıların dərsə buraxılmamasına nəzarət edirdilər. Bu olaylar ölkədə böyük əks- səda doğurdu. Daha sonra isə, 2006-cı ildə İspaniyanın sosialist hökuməti bəyan etdi ki, “dini simvolikanın, xüsusən hicabın cəmiyyətdə yayılması və təhlükəsi (!)” məsələsi qaldırılmalıdır. Eyni zamanda Almaniyada hicablı bir xanımın dövlət təhsil müəssisəsində dərs deməyinə məhkəmə tərəfindən qadağa qoyulmasını misal çəkmək olar. Hicab problemi müsəlman ölkələrindən də yan keçməyib. Türkiyə, Tunis, Azərbaycan, Qırğızıstan kimi ölkələrdə baş örtüyünün dövlət müəssisələrində qadağan olunması geniş şəkildə müzakirə olunur. Məsələn, Türkiyədə hicablı qızların universitetlərə buraxılmaması, rəsmi müəssisələrdən qovulmaları elə ifrat dərəcəyə çatmışdır ki, ölkənin baş naziri ordu baş komandanının təşkil etdiyi tədbirə xanımsız dəvət olunmuşdu, çünki o, hicablıdır. Düzdü, bu problem bu il nisbətən öz həllini tapdı. Azərbaycanda da vəziyyət oxşar, bəlkə daha da acınacaqlıdır. On iki il öncə hicablı xanımların şəxsiyyət vəsiqəsi və milli pasport üçün baş örtüyü ilə şəkil çəkdirmələrinə dövlət qurumları tərəfindən maneələr törədilməyə başladı. (Qeyd edək ki, Şeyxülislamın ailəsinin qadın üzvlərinə hicabla şəkil çəkdirməyə icazə verilib!). Daha sonra hicaba qarşı çıxış edən «ictimai xadimlər» peyda oldular. Efirdən hicablıları “pinqvin” adlandırmaqdan belə çəkinməyən “ziyalılar” əslində öz milli-mənəvi köklərini inkar etdiklərini anlamırdılar. İlk öncə hicab sovet ideoloqlarının xoşladığı “gerilik”, “keçmişin qalıntıları” ifadələri ilə eyniləşdirilirdi və “müasirliy”ə doğru yolda əngəl kimi aşılanırdı. Vaxt getdikcə, bu cür yanaşma aktuallığını itirdi və antihicab kampaniyasının yeni ideoloji əsaslandırılması peyda oldu – “sekulyarizm”. Hicabın sekulyarizm ideyalarına zidd olması ilə yanaşı, Avropa dəyərləri ilə də uyğun olmadığı barədə fikirlər səslənməyə başladı. Sumqayıtda Avropa liseyinin müdiri isə çəkinmədən bildirmişdi ki, onun rəhbərlik etdiyi quruma tez-tez avropalılar gəlir və hicablı şagirdlər onlarda pis təəssürat yarada bilər. Bəzi teoloqlar hicabın vacib olmadığını sübut etməyə çalışdılar. Yüksəkrütbəli dövlət məmurları isə az qala hicab taxanları İslam inqilabı cəhdində ittiham etdilər. Bu dəfə isə təhsil naziri Misir Mərdənov məktəb forması bəhanəsi ilə Konstitusiyaya zidd çıxış edib. Onun noyabrın 22-si jurnalistlərin hicabla bağlı sualını hicablı şagirdlərə təhdid kimi qiymətləndirmək olar. Baş ağrıdan hicab İstər Avropa, istərsə də müsəlman ölkələrində hicaba qarşı təqiblərin səbəblərinin araşdırılmasına ciddi ehtiyac var. Yuxarıda misal çəkdiyimiz tarixi faktlarla yanaşı, müasir zamanda məsələnin kökündə digər səbəblər durur. Çünki hicab yalnız əxlaqi dəyərlərin keşikcisi deyil. Ötən əsrlərdə qadının örtünməsi bütün mədəniyyətlərə xas idisə, hazırda bu ideya yalnız İslam tərəfindən təbliğ olunur. Ona görə də, hicab birbaşa İslamın rəmzinə çevrilib. Küçələrdə hicablıların sayı ilə İslamın cəmiyyətə nüfuzunu müəyyənləşdirmək olar. Bütün bəlalar da burdan qaynaqlanır. Məşhur İslam sosioloqu Əli Şəriəti hicabdan danışarkən İndira Qandini misal çəkir. «Hamı İndira Qandini mütərəqqi qadın, dünyada ikinci qadın baş nazir kimi tanıdığından onu Qərb dəbinə uyğun libasda görəcəklərinə ümid edirdilər. Ancaq o, ənənəvi Hindistan sarisində gəldi və bununla da müstəqil Hindistanın öz mənəvi dəyərləri əsasında yaşayacağını bəyan etdi». Qərbdə hicablıların çoxalması yerli əhalinin öz mədəniyyətlərini itirməsinə və müsəlman dəyərlərinin onları əvəz etməsinə işarədir. Avropaya inteqrasiya yolunu tutmuş müsəlman ölkələrində isə hicabın yayılması əhalinin öz milli-mənəvi köklərinə qayıtmasından xəbər verir. Əslində nə Azərbaycan qanunvericiliyi, nə Avropanın təbliğ etdiyi insan hüquqları, nə sekulyarizm prinsipləri baş örtüyünə qadağa qoymur, əksinə, bu növ məsələlər vətəndaşın öz ixtiyarına buraxılır. Hicabın qadağası ilə bağlı gətirilən bütün əsaslar yalnız və yalnız bəhanədir. Şübhəsiz ki, müsəlman cəmiyyətində hicabla mübarizə heç zaman bəhrə verməyəcək. Bu bir dini göstərişdir, dini göstərişə əməl isə insanın daxili mənəviyyatından, dünyagörüşündən asılıdır. Hicab məsələsində qadınlara mane olmaq istəyənlər əsassız olaraq cəmiyyətin radikallaşmasından və yaxud hansısa başqa xoşagəlməz nəticələrdən qorxduqları halda, anlamalıdırlar ki, əslində vətəndaşların müqəddəs bildikləri vəzifələrini icra etmələrinə maneçilik törətməklə onları həqiqətən radikal addımlar atmağa vadar edə bilərlər. Samir Pənahov Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2009 03:54 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |