إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Novruz bayramı milli kimliyimizin ayrılmaz hissəsidir"

Hacı Şahin Həsənli ilə müsahibə

- Salam, Hacı. Qarşıdan gələn Novruz bayramı münasibətilə Sizi təbrik edirik. Müsahibəzimin mövzusu da Novruz bayramı ilə bağlıdır. Bəziləri bu ənənəni İslamla bağlamaq istəyir, bayrama dini rəng qatmağa çalışırlar. Sizin bu barədə fikriniz nədir?

- Əleykə salam. Sizin də qarşıdan gələn bayramınızı təbrik edirəm. Novruz bayramının mənşəyi barədə tarixçilər müxtəlif fikirlər söyləyirlər, ancaq birmənalı olaraq deməliyik ki, bu bayramın İslama və şəriətimizə heç bir aidiyyatı yoxdur. Novruz xalqımızın qədim ənənəsidir, bu ənənə Şərq xalqları arasında İslamdan öncə qeyd olunub. Xalq arasında olan dini inanclara əsasən, bu gün Adəm peyğəmbər (ə) yaranıb, Qədir Xum hadisəsi baş verib, Həzrət Əli (ə) xəlifə seçilib və s. Ancaq belə fikirlərin heç bir əsası yoxdur və Novruz bayramını sırf xalqın qədim ənənsi kimi qəbul etmək lazımdır.

- Novruz bayramının dinimizlə əlaqəsi yoxdursa, şəriətimizin bu ənənəyə münasibəti necədir?

- Mövcud olan yalnış fikirlərdən biri də, dinimizin müxtəlif xalqların ənənələrinə zidd olması ilə bağlıdır. Nəinsə şəriətimizdə yer almaması, onun qadağa olunmasına işarə etmir. Novruz bayramı bu xalqı Allaha daha da bağlayır, Allahın bizə bəxş etdiyi nemətləri xatırladır, insanları ehsan etməyə, bir birini ziyarət edib mehribançılıq yaratmağa təşfiq edir. Bu əməlləri elə dinimiz də bizə tövsiyə edir. Həmçinin dinimiz müxtəlifliyin tərəfdarıdır. Bu gün qloballaşma fonunda kiçik xalqlar öz milli kimliyini itirib böyük millətlərin mədəniyyətində həll olub aradan gedirlər. Bəziləri elə düşünür ki, İslam da bütün müsəlmanların ərəb mədəniyyətində həll olmasını istəyir. Həqiqətdə isə,  İslam müsəlman xalqların ənənələrinə qarşı çıxmayıb, əksinə məhz müsəlman xalqlarının müxtəlifliyi zəngin İslam mədəniyyətinin əsasını qoyub. Müxtəliflik olan yerdə inkişaf olar, ancaq müxtəliflik ixtilaflara səbəb olmamalıdır.

- Novruz bayramının əhəmiyyəti barədə nə deyə bilərsiz?

- Novruz bayramı bizim mədəniyyətimizin əsas ünsürlərindən biridir, bizi bir xalq olaraq fərqli edən milli kimliyimizin ayrılmaz hissəsidir. Bu bayramın milli şüurumuzun formalaşmasında böyük rolu var. Tarixin ən həssas dövrlərində belə, Novruzu yaşatmaqla xalqımız öz kimliyini qoruyub, milli vəhdətini təmin edib.

- Bayramla bağlı xalqımıza nə arzu edirsiz?

- Xalqımız həmişə öz adət-ənənələrini qoruyub və bu adətlər bizə mənəvi dəyərləri aşılayıb. Ümid edirəm ki, müasir dövrdə dünyanın maddiyata qapandığı bir zaman xalqımız öz mənəvi dəyərlərinə sahib çıxacaq, gələcək nəsillərə layiqli miras qoyacaq. Xalqımızı qədim və gözəl Novruz bayramı münasibətilə təbrik edir, Allahdan ölkəmiz üçün əmin-amanlıq, rifah və tərəqqi diləyirəm.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2010  17:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!