إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansı əməkdaşlıq haqqında müqavilə imzaladı

Bu gün BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun Nyu Yorkda keçirilən yüksək səviyyəli illik görüşündə bu qurumla Azərbaycan arasında strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni BMT tərəfindən Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndə Nasser Abdulaziz Al-Nassir, Azərbaycan tərəfindən isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov imzalayıb.

İmzalanmış müqavilə beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoq üzrə ən ali platforma olan BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.

Müqaviləyə əsasən Sivilizasiyalar Alyansı ilə Dövlət Komitəsi tərəfindən təsis edilmiş Milli Tolerantlıq Mərkəzinin fəaliyyətinə, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünyada yayılmasına dəstək veriləcək. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış “Azərbaycan – Tolerantlıq Məkanı” foto sərgisi Sivilizasiyalar Alyansının tədbirlərində, o cümlədən 2014-cü ildə İndoneziyada keçiriləcək Forumda təşkil olunacaq. Müqaviləyə əsasən iki qurum tərəfindən həyata keçiriləcək layihələr sırasında 2014-cü ildə Azərbaycanda baş tutacaq gənclər üçün Yay Məktəbi və “Photolerance” foto müsabiqəsi də var. İmzalanma zamanı çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abdulaziz Al-Nassir müqavilənin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tolerantlıq modelinə verdiyi yüksək qiymət kimi dəyərləndirmiş və bununla iki qurum arasında əməkdaşlığın yeni səhifəsinin açıldığını qeyd etmişdir.

 

DQİDK-nın mətbuat xidməti

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2013  18:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!