إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Qarabağ azanı” İranda səslənəcək

 

İrana işgüzar səfəri çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun bu ölkənin mədəniyyət və islami irşad naziri Əli Cənnəti və Dünya “Əhli Beyt” Təşkilatının sədri ayətullah Əxtəri ilə görüşlərində Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı və bu problemin həlli prosesində İran tərəfinin mövqeyi barəsində məsələyə toxunulub.

Komitə sədri işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən müştərək dini dəyərlərimiz, o cümlədən İslamın dini və mədəni abidələrinə qarşı vandalizm faktlarını həmsöhbətlərinin diqqətinə çatdıraraq, qardaş İranın nüfuzlu din xadimlərinin bu məsələyə İslam həmrəyliyi prinsipləri çərçivəsində münasibət bildirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Ə.Cənnəti İranın Qarabağın işğalını daima pislədiyini və bu məsələdə hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini bildirib.

Qarabağ məsələsində İranın beynəlxalq təşkilatlarda Azərbycanın haqlı mövqeyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirən Elşad İskəndərov, DQİDK tərəfindən dəstəklənən və Azərbaycanın bir sıra dini icmaları tərəfindən irəli sürülən “ Qazi Qarabag Azanı” təşəbbüsü barəsində məlumat verib.

Komitə sədri bildirib ki, Dövlət Komitəsinin təklifi ilə Qarabağın işğalından əvvəl son dəfə verilən və Qarabağın azad ediləcəyi simvoluna çevrilən bu azanın Xocalı soyqırımını anım günündə müsəlman ölkələrinin paytaxtlarında Azərbaycanla həmrəylik rəmzi kimi səsləndirilməsi nəzərdə tutulur.

İranlı həmsöhbət təşəbbüsün təqdirəlayıq oldugunu və dəstəkləndiyini bildiriblər. Bununla əlaqədar təşəbbüsün İranda həyata keçirilməsi üçün hər iki tərəfdən zəruri təşkilati işlər planı razılaşdırılıb.

Daha sonra, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov  İranın Ali Dini Liderinin müşaviri Ayətullah Təsxiri ilə görüşüb.

Səmimi şəraitdə keçən görüşdə Ayətullah Təsxiri Elşad İskəndərovu , onun İslam Konfransı Gənclər Forumuna rəhbərlik etdiyi dövrdən tanıdığını, bu qurumun İslam Əməkdaşlığı Təşkilatı ölkələri gəncləri arasında dinlər və məzhəblər arası dialoqa yönəlik fəaliyyətini yüksək qiymətləndirdiyini bildirmişdir. İran Ali Dini Rəhbərinin müşaviri və “İslam Məzhəblərinin yaxınlaşması Təşkilatının” təsisçisi “bu gün dünyada dini radikalizmin, başqa din və məzhəbləri təhqir, təqib edən, təkfirçi və ekstremist əsaslara söykənən dini cərəyanların bəşəriyyətə əsil təhlükə olduğunu” qeyd etmişdir. Eyni zamanda Ayətullah Təsxiri qeyd etmişdir ki, çox zaman belə dar düşüncəli cərəyanlar başqalarının əlində alət olur və qeyri müsəlman ölkələrində də islamofobiyanın yaranmasına rəvac verir. Odur ki, bu gün, məzhəbindən asılı olmayaraq islam alimləri qarşısında duran əsas vəzifələrdən biri məhz bu radikalizmin aradan qaldırılması və əvəzində müsəlmanlara azad təfəkkür ənənəsinin aşılanması olmalıdır: “Radikalizm məzhəb tanımır və azad təfəkkürün düşmənidir”

Eyni zamanda bu istiqamətdə işlərin davamlı aparılmasını vacib hesab etdiyini qeyd edən Komitə sədri radikal, ekstremist və təkfirçi düşüncəyə qarşı ayrı ayrılıqda deyil, İƏT çərçivəsində fəaliyyət göstərməyi təklif etmişdir. Bu istiqamətdə DQİDK-nin bu il təsis etdiyi Milli Tolerantlıq Mərkəzi çərçivəsində İran, Türkiyə və Azərbaycanın ilahiyyət və din sahəsindəki tədqiqatçılarından ibarət elmi qrupun yaradılması haqda prinsipial razılıq əldə edilmişdir. Öz növbəsində Ayətullah Təsxiri hər iki təklifi məmnuniyyətlə qarşıladığını və müştərək fəaliyyətə hazır olduğunu bildirmişdir.

Görüşün yekunu olaraq ekspertlər səviyyəsində bu təkliflərin icrası istiqamətində praktiki işlərə başlanması qərarlaşdırılmışdır.

 

DQİDK-nın mətbuat xidməti


 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2013  17:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!