إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Nizami Gəncəviyə aid nadir əlyazmaların elektron və çap nüsxələrinin təqdimatı olub

Nizami Gəncəviyə aid olan və dünya kitabxanalarından əldə edilən nadir əlyazmaların təqdimat mərasimi keçirilib.

Ahlibeyt.az-ın Milli kitabxananın mətbuat xidmətinə istinadən məlumatına görə, Yanvarın 10-da Milli Kitabxanada böyük Azərbaycan şairi Nizami Gəncəvinin qəzəllərinin yer aldığı ilk əlyazma olduğu ehtimal edilən “Şeirlər məcmuəsi”nin (Tehran, 1295-ci il) əldə olunmuş digital variantının və kitabxananın fondu üçün nəşr olunan nüsxəsinin, habelə tərtibat baxımından unikal hesab olunan Nizaminin “Xosrov və Şirin” poemasının və digər əlyazmalarının (cəmi 156 əlyazma) təqdimatı keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə təşkil edilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatındakı rolundan, ötən tarixi dövr ərzində onun əlyazmalarının, həmçinin xalqımızın milli sərvətlərinin xarici ölkələrə aparılmasından, həmin əlyazmaların dünyanın ən məşhur kitabxana və muzeylərində nümayiş olunmasından, kitabxananın Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsindən, bu layihə çərçivəsində dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan Azərbaycan klassiklərinin əlyazmalarının digital nüsxələrinin Milli Kitabxanaya gətirilməsindən bəhs edib.

Qeyd edib ki, 2021-ci ilin Prezident İlham Əliyevin “Nizami Gəncəvi İli” elan etməsi ilə əlaqədar dahi şairin 156 nadir əlyazmasının digital (elektron) nüsxələrinin Milli Kitabxanaya gətirilməsi təmin olunub və bu iş gələcəkdə də davam etdiriləcək. Direktor, eyni zamanda, AMEA-nın Əlyazmalar İnstitutu ilə birgə müştərək komissiyanın yaradılması layihəsindən, bu layihə əsasında yeni əlyazmaların araşdırılaraq üzə çıxarılması və məxsusi formada nəşr olunmasından bəhs edib. Diqqətə çatdırılıb ki, son bir il ərzində araşdırma nəticəsində əldə edilən əlyazmaların arasında dahi Nizaminin şeirlərinin də yer aldığı 1295-ci ildə köçürülən – böyük şairin ən qədim əlyazması olduğu ehtimal edilən nüsxənin olduğu və 1312-ci ildə köçürülmüş ən qədim “Xəmsə” əlyazması da aşkar olunub. Bildirilib ki, bu qiymətli əlyazmaların 30 nüsxəsi hər biri 1 nüsxə olmaqla nəfis şəkildə çap olunaraq Milli Kitabxananın “Nadir kitablar fondu”na daxil edilib.

Tədbir zamanı “Nizami Gəncəvinin əlyazmaları dünya kitabxanalarında” adlı Elektron məlumat bazası da iştirakçılara təqdim olunub.

Sonra akademik, Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, AMEA-nın Ədəbiyyat İnstitutunun Qədim əlyazmaları şöbəsinin müdiri professor İmamverdi Həmidov, Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova, Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov və digər mütəxəssislər çıxış edərək Nizami yaradıcılığından, onun Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, təqdim olunan əlyazmaların ədəbiyyatşünaslar üçün böyük əhəmiyyətindən, Milli Kitabxananın bu istiqamətdə həyata keçirdiyi çox böyük işlərdən bəhs ediblər. Bütün mütəxəssislər bu günədək Azərbaycan elminə məlum olmayan qədim əlyazmalarımızın aşkar olunaraq mütəxəssislərə təqdim etdiyinə görə Milli Kitabxanaya öz təşəkkürlərini bildiriblər.

Sonda iştirakçılar Milli Kitabxananın fondu üçün nəşr edilən Nizami əlyazmalarının sərgisi ilə tanış olublar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Yanvar, 2023  08:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!