|
Qarabağda arxeoloji axtarışlara start verilibAMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra bölgədə uzun illər yarımçıq qalmış arxeoloji axtarışları yeni üsullarla davam etdirmək, düşmənin bu sahədə ziyanlı fəaliyyətinin nəticələrini aradan qaldırmaq üçün kompleks fəaliyyət planı hazırlayıb. Ahlibeyt.az-ın AMEA-nın mətbuat xidmətinə istinadən xəbərinə görə, İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov Qarabağ layihələri ilə bağlı “Xalq qəzeti” üçün açıqlamasında bildirib ki, bu gün elmi axtarışlarda əsas diqqətimiz işğaldan azad edilmiş ərazilərə yönəlib: "Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun parlaq qələbəsi arxeoloqların üzərinə yeni vəzifələr qoyub. Sovet dövründə Qarabağın müxtəlif bölgələrində – Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər rayonlarında arxeoloji axtarışlar aparılıb. Azıx, Üzərliktəpə, Leylatəpə, Qaraköpəktəpə, Şərifan və s. abidələrdə aparılan tədqiqatlar uğurlu olmuşdu. 30 il müddətində düşmənin amansız dağıntılar törətdiyi bu ərazilərdəki tarixi abidələrdə, arxeoloji dəyəri olan ünvanlarda yeni tədqiqatların başlanmasına ciddi ehtiyac var. Hazırda institutumuzda işğaldan azad edilmiş bölgələrdəki arxeoloji qazıntıların aparılmasının zəruri olduğu abidələr haqqında əhatəli məlumat bazası yaradılır. Ərazilər minalardan təmizləndikdən sonra geniş tədqiqatlara start veriləcək. Qarabağ bu gün başdan-başa yenidən qurulur. Hələlik ANAMA əməkdaşlarının tam olaraq təmizlədiyi ərazilərə ekspedisiyalar təşkil edirik. Nəzərə alaq ki, abidələrin əksəriyyəti dağ ətəklərində, şəhərdən kənarda, təpəliklərdədir və bu ərazilər hələ tam minalardan təmizlənməyib. Qarabağ ərazisində aparılacaq arxeoloji qazıntı və tədqiqatlar haqqında təbii ki, müvafiq iş planlarımız var. Abidələrin bir neçəsinin turizm nöqteyi-nəzərindən muzey şəklində sərgilənməsi, arxeoloji materialların nümayiş olunması nəzərdə tutulur. Təkliflərimizi müvafiq qurumlarla müzakirə etməkdəyik. Layihələrdən bir neçəsi bəyənilib. Qarabağ və Şərqi Zəngəzurda yeni aşkar edilmiş bir çox arxeoloji material Bakıya gətirilməyəcək, yerində sərgilənəcək. Regiona gələn turistlər həm qazıntı yerləri ilə, həm də muzeylərlə əyani tanış olacaqlar. Nümunə olaraq Almaniyanın Neandertal muzeyini göstərə bilərik. Eyni modelin tətbiqi nəzərdə tutulur". A. Seyidov bildirib ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işğaldan azad olunmuş ərazilərdəki tarixi-arxeoloji abidələrdə sistemli arxeoloji tədqiqatlara hazırlıq işi gedir: "Qarabağla bağlı iş planında ən möhtəşəm abidələrdə arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulub. Qarşıda geniş kəşfiyyat-axtarış işlərinin aparılması durur. İşğal dövründə düşmənin daha çox saxtalaşdırdığı, özününküləşdirməyə çalışdığı ən qədim dövr, antik və orta əsr abidələrimizin, Alban-xristian irsimizin tədqiqi böyük önəm daşıyır". Qeyd edək ki, 30 illik işğal dövründə Qarabağda təkcə torpağın üstü deyil, qədim mədəni irsin ən mötəbər saxlancı olan altı da dağıntıya məruz qalıb. Düşmənin qazdığı səngərlər, çoxqatlı müdafiə istehkamları, mina və mərmi partlayışları arxeoloji əhəmiyyətli landşaftı da dağıdıb. Dünyada ən qədim insan məskənlərindən sayılan Azıx mağarasında və digər arxeoloji məkanlarda erməni vandallarının tarixi saxtalaşdırmaq üçün apardıqları qeyri-elmi, təhrifedici və dağıdıcı “tədqiqatlar”, hətta qazıntı ərazisində qumbara partlatması regionun tarixi-mədəni irsində acı izlər buraxıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Oktyabr, 2022 09:54 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |