إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərindən DNT nümunəsi götürülməsi prosesi davam edir

Oktyabrın 6-da Baş Prokurorluqda Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqi keçirilir.

Ahlibeyt.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, brifinqdə Baş prokuror Kamran Əliyev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, yerli və xarici media nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

"Azərbaycan həm birinci Qarabağ müharibəsi, həm atəşkəs dövründə, eyni zamanda ikinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi cinayətlərlə bağlı Ermənistanın məsuliyyətə cəlb edilməsi ilə bağlı bir sıra beynəlxalq məhkəmə instansiyalarına müraciət edib", -  bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov brifinqdə bildirib ki, 1994-cü il 12 may tarixli Bişkek protokolu əsasında tətbiq edilən atəşkəsdən sonra 2020-ci ilin sentyabr ayına qədər azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 918 cinayət işi başlanıb.bu cinayətlərin böyük əksəriyyəti çoxsaylı epizodları əhatə edir:

“Atəşkəs dövründə 400 hərbi qulluqçu və 31 mülki şəxs qəsdən öldürülüb, 1042 hərbi qulluqçu və 69 mülki şəxs qəsdən öldürülməyə cəhd edilib. Cinayət işləri üzrə 305 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib".

İ.Səfərov qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Cenevrə Konvensiyalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur. Əsir və girovluqdan azad edilmiş 1480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub:

"Fərrux, Daşaltı və Edillidə aşkar edilmiş əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlərin ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərin birbaşa sübutu olduğunu söyləyən İlqar Səfərov deyib: “Ötən ilin fevralın 17-də Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfərə məxsus meyit qalıqları, cari ilin mart 28-29-da Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar edilən meyit qalıqları, fevralın 23-26-da Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid (biri qadın olmaqla) insan meyit qalıqları, sentyabrın 15-29-da Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar edilmiş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid insan meyit qalıqları çıxarılaraq götürülüb. 2014-cü ildən etibarən Birinci Qarabağ müharibəsində itkin düşmüş 3400 şəxsin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsinin mütəxəssisləri tərəfindən 10583 bioloji nümunə toplanılıb. 490 nəfər itkin düşmüş şəxsin qohumlarının müəyyən edilərək DNT nümunəsi götürülməsi prosesi davam edir".

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Oktyabr, 2022  12:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!