|
“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçirilirSentyabrın 20-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium başlayıb. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın qorunması uğrunda şəhid olanların ruhuna hörmət əlaməti olaraq, Aİİ-nin tələbəsi Əmrah Eminovun təqdimatında Quran tilavət olunub. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Aİİ-nin rektoru dosent Aqil Şirinov müasir dünyada birgəyaşayış çərçivəsində ortaya çıxan böyük problemlərin əsas amillərindən birinin milli, irqi və dini müstəvidə artan ayrı-seçkilik olduğunu deyib. Bildirib ki, etiqadi və məzhəb zəminində baş verən ayrı-seçkilik və münaqişələr elm və irfandan uzaq olan bəzi dini qrupları müsəlman dünyasına yönəldilmiş planların könüllü iştirakçılarına çevirir. “Bütün bunlar bizi İslam Şərqində və mədəniyyətində birgəyaşayış ənənəsini, tarixi təcrübələri, Həzrət Məhəmmədin həyat fəlsəfəsinə bağlı prinsipləri yenidən gözdən keçirib təhlil etməyə, İslam mədəniyyətinin şifrələrini və bu mədəniyyətin müqəddəs mətnlərini doğru oxumağa sövq edir”, -deyə rektor bildirib. A.Şirinov deyib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan dini dəyərlərə hörmət və qayğı, eyni zamanda, birgəyaşayış ənənələrin təbliğinə əsaslanan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Simpoziumun İslam mədəniyyətində birgəyaşayış təcrübəsinin tədqiqinə öz töhfəsini verəcəyindən əmin olduğunu vurğulayan Aİİ rektoru tədbirin işinə uğurlar arzulayıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov İslamın əsas qaynaqlarından nümunələr gətirərək birgəyaşayış məsələsinə toxunub. Bildirib ki, sonrakı dövrlərdə, xüsusən də son bir neçə əsrdə qərb mədəniyyətinin hakim mədəniyyətə çevirilməsi, İslam mədəniyyətinin bu böyük ənənə və təcrübəsinə kölgə salıb, əvəzində dinimizin və mədəniyyətimizin adı terror, ekstremizm, radikalizm və s. qavramlarla birgə anılmağa başlanıb. M.İsmayılov vurğulayıb ki, bu böyük mirası dünya ictimaiyyətinə təqdim və təbliğ etmədə çox fəal olmalıyıq. “İslam mədəniyyətinin bir parçası olan Azərbaycan da keçmişdən bu günə çox zəngin birgəyaşayış ənənələrinə sahibdir və dövlətimiz bu sahəyə böyük diqqət göstərir. Etnik, mədəni, dini, məzhəb və s. cəhətdən müxtəlifliyin olduğu ölkəmizdəki birgəyaşayış mühiti bəşəriyyətin birgəyaşayışına öz töhfəsini verir. Bu mühit sadəcə qanunlara deyil, həm də kökləri dərində olan böyük mirasa söykənir”, - deyə M.İsmayılov qeyd edib. Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı, professor Mevlüt Erten qeyd edib ki, İslam mədəni mühitinin birgəyaşayışla bağlı bir çox dəyərə və zəngin tarixi təcrübələrə sahib olduğunun şahidləriyik. Mevlüt Erten qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. Professor M.Erten “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilən beynəlxalq simpoziumun təşkilatçısı olmaqdan xüsusi qürur duyduğunu nəzərə çatdırıb. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, fəlsəfə elmləri doktoru Mübariz Qurbanlı çıxışında qeyd edib ki, müasir dünyamızın çağırışları fonunda birgəyaşayış təcrübəsinin öyrənilməsi, bölüşdürülməsi olduqca önəmlidir. Bu problemlər həllini tapmasa dünyamız böyük təhlükə ilə üzləşə bilər. Dünyada bu gün 160-a qədər münaqişə var. Bunlar 3 yerə bölünür: Tam sükunətdə olan, hər zaman alovlana bilən və hazırda davam edən münaqişələr. Hazırda dünya əhalisinin sayı 8 milyarda çatıb, halbuki 200 il öncə 1 milyard insan var idi. Əhalinin çoxluğu bir sıra problemləri də özü ilə gətirir. Milyonlarla insan aclıq və susuzluqdan əziyyət çəkirlər. Birgəyaşayış təcrübəsi dedikdə təkcə İslam coğrafiyasında deyil, digər dinlərarası birgəyaşayış da nəzərdə tutulur. Bu gün dünya əhalisinin 25 faizi və planetimizin torpaq sahəsinin 19 faizi İslam coğrafiyasının payına düşür. Hazırda 120 ölkədə İslam ümməti var. İslam dini, İslam mədəniyyəti dünyadakı proseslərə böyük təsir edir. Azərbaycan da İslam dininin geniş yayıldığı ölkələrdəndir. Ölkəmizdə digər dinlərə münasibəti nəzərə alsaq, birgəyaşayışın bütün dünyaya örnək ola biləcəyini vurğulamaq olar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Sentyabr, 2022 12:34 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |