إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qazıntılar nəticəsində Şeyx Məhəmməd məscidinin kitabəsi tapılıb və rəqəmsallaşdırılaraq bərpa edilib

Basqal ərazisində aparılan qazıntılar nəticəsində Şeyx Məhəmməd məscidinin kitabəsi tapılıb və rəqəmsallaşdırılaraq bərpa edilib. Bu, dünyada unikal kitabədir.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Memarlıq və Layihələndirmə şöbəsinin memarı Miryəhya Cəfərzadə “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna təşkil olunan mediatur zamanı deyib.

“Kitabədə Basqal camaatı tərəfindən “Pir Çinar” adlandırılaraq müqəddəs hesab edilən məscidin həyətindəki çinar ağacının 1563-cü ildə əkilməsi ilə bağlı məlumat var. Məscidin bərpası zamanı onun alt qatlarında daha qədim, X əsrə gedib çıxan tikililərə rast gəlinir. Qazıntılar sübut edir ki, bu ərazisində X əsrdən yaşayış olub”, - deyə Miryəhya Cəfərzadə bildirib.

Qeyd edək ki, Şeyx Məhəmməd məscidinin içərisində, 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılan tarixi tapıntılar, eləcə də qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Şeyx Məhəmməd məscidinin dəqiq yaşı tam şəkildə təyin edilərək mədəni qatları haqqında ilk dəfə tədqiqat işləri aparılıb, çoxsaylı maddi-mədəniyyət nümunələri tapılaraq tədqiq edilib və qoruğun muzey fonduna təhvil verilib.

Bildirilib ki, Qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib. Muzeydə Azərbaycanda hamam mədəniyyətinin özəllikləri, inkişafı haqqında, eləcə də hamamla bağlı xalq adət və ənənələri, onun külxana adlanan döşəməaltı istilik sistemi haqqında maraqlı məlumatlar təqdim olunur.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Avqust, 2022  09:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!