إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Nəfsin halları - Kumeyl duasının şərhi

Kumeyl duasının şərhi

Nəfsin halları

Xoş rəftar, mehribanlıq çox gözəl sifətlərdir. Amma orta həddi aşıb şit zarafata çevrilən mehribanlıq bəyəniləsi iş deyildir. Xeyirxahlığa həvəsləndirən tərif də həddi aşmamalıdır.(Elmül-əxlaq”, 101.)

Qurani-Kərimdə nəfsin halları zikr olunmuşdur. Bu hallar insanın gerçəkliyə dini həqiqətlərə əxlaqi dəyərlərə diqqətsizliyi nəticəsində yaranır. Nəfsin qeyd olunmuş hallarına nəzər salaq:

1. Əmmarə nəfs;

2. Dəssayi nəfs;

3. Səfəhi nəfs;

4. Təsvili nəfs;

5. Rəhineyi nəfs;

6. Həvayi nəfs;

7. Həsrəti nəfs.

"Yusif” surəsinin 53-cü ayəsində oxuyuruq: "Doğrudan da, Allah rəhm etməyəcəyi təqdirdə nəfs pisliyə əmr edəndir.” ("Əmmarə”) .

"Şəms” surəsinin 10-cu ayəsində oxuyuruq: "Nəfsini günah və fisq-fücurla örtən şəxs Allahın rəhmətindən məhrum oldu.” ("Dəssayi”)

"Bəqərə” surəsinin 130-cu ayəsində isə belə buyurulur: "Özünə səfehliyi rəva biləndən savayı kim İbrahim ayinindən üz döndərər?” ("Səfəhi”)

"Yusif” surəsinin 18-ci ayəsində buyurulur: "Yəqub oğlanlarına dedi: - Yusifi canavar yeməyib. Əslində nəfsiniz çirkinliyi sizə gözəl göstərib.” ("Təsvili”)

"Muddəssir” surəsinin 38-ci ayəsində oxuyuruq: "Hər bir nəfs batdığı günahın girovudur.” ("Rəhineyi”)

"Naziat” surəsinin 40-41-ci ayələrində buyurulur: "Allahın məqamından qorxan və nəfsini fəlakətə düşməkdən saxlayan şəxsin yeri, həqiqətən, Behiştdir.” ("Həvayi”)

"Zumər” surəsinin 56-cı ayəsində oxuyuruq: "İşi o yerə çatdırmayın ki, Qiyamət günü nəfs desin: - Əfsus, Allahın qarşısında göstərdiyim itaətsizliyə.” ("Həsrəti”)

Şeyx Bəhai "Ərbəin” kitabında deyir: "Rəvayətlərdə nəfs dedikdə şəhvət və qəzəb kimi heyvani qüvvələr nəzərdə tutulur.” Qəzzali deyir: "Nəfs əql qüvvələrinə qarşı çıxan bütün məzəmmət olunmuş sifətlərin cəmidir.”

Hikmət sahibləri deyir: - "Nəfslə cihad dedikdə şeytani hallara düşmüş nəfs nəzərdə tutulur. Nəfsin digər halları əqlə aiddir. Nəfsin mələk sifətlərinə malik halları var və məhz bu hallar vasitəsi ilə ibadət yerinə yetirilir. Nəfslə cihad onu sakitləşdirib, heyvani meyllərdən uzaqlaşdıranadək davam edir.

Sədi deyir ki, bir şəxsdən "ən pis düşmən nəfsdir” hədisi haqqında soruşdum. Dedi: - "Ona görə ki, bütün düşmənlərə ehsan etdikdə dost olur. Amma nəfsə öz ehsanını artırsan, düşmənçiliyini artırar.”

Əqldən kənarda yaşayan nəfs həvasının tabeçiləri əslində divanədirlər. Bəhluldan soruşdular ki, - "Şəhərdə neçə divanə var?” Cavab verdi ki, - "Onları saymaq çox çətindir, aqillərin sayını soruşun, deyim.”

Nəfsin islahı

Kamil bəsirətə malik məsum İmamlar (ə) hər bir işin yolunu və maneəsini bilirdilər. Nəfsin islahı haqqında Həzrət Əlinin (ə) dəyərli buyruqları "Ğurərul-hikəm” kitabında nəql olunmuşdur:

"Nəfsini islah etmək istəsən orta həddi gözlə qənaət et, dünyanı əhəmiyyətsiz bil.”

"Nəfsin süqutuna aparan namünasib işlərlə cihad nəfsin islahıdır.”

"Nəfsin dərmanı hesabsız istəklərdən çəkinməkdir.”

"İlahi təqva qəlb xəstəliklərinizin dərmanı, nəfs çirkinliklərinizin pakedicisidir.”

"Nəfsin fəsadı dünyaya heyrətli şəkildə şövq duymaqdır.”

"Fəsadların böyüyü qeyri-şəri ləzzətlərə heyrətlə şövq duymaqdır.”

"Xoş o kəsin halına ki, nəfs Fironuna qarşı çıxır və ağıl Musasına itaət edir.”

Bu ilahi kəlamlardan məlum olur ki, hər kəsin daxilində bir Firon və bir Musa vardır. Musa kamalına çatmaq istəyən şəxs Firon nəfsinə qarşı çıxmalıdır. Firona itaət edənlər fəlakətə Musaya itaət edənlər qurtuluşa yetəsidir.

"Saffat” surəsinin 120-ci ayəsində buyurulur: "Salam Musaya və Haruna.” Həmin surənin 122-ci ayəsində oxuyuruq: "Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimiz idi.”

Öz əql Musasına itaət edən insan fələklərdə Musa ilə qoşa pərvaz edir...”Nəfslərinizi haram şəhvət çirkinliklərindən pak edin ki, yüksək mənəvi dərəcələrə nail ola biləsiniz.”

Bəli, ali məqamlara çatmaq istəyənlər, dar təbiət qəfəsindən mərifət bağına keçməyi arzulayanlar öz nəfslərini heyvani şəhvət çirkabından təmizləməlidirlər. Nəfs çirkinlikdən paklandıqdan sonra insan hətta mələkdən də uca məqama qalxa bilər.

Hikmət sahibləri buyururlar ki, nəfsi dörd yolla paklamaq olar:

1. Ədəbsizlərdən ədəb öyrənmək;

2. Ədəb əhli ilə ünsiyyət;

3. Həqiqi dostlardan öz eyblərini soruşmaq;

4. Düşmənlərin qeyd etdiyi eyblərdən təmizlənmək.

Ardl Var...

Əvvəli: http://ahlibeyt.az/news/a-11532.html

"Kumeyl duasının şərhi” (ixtisarla)

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Avqust, 2022  12:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!