إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə XİN ABŞ Prezidenti Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatını pisləyib

Aprelin 24-də ABŞ Prezidentinin radikal erməni dairələri ilə Türkiyəyə qarşı olan qrupların təzyiqi altında 1915-ci il hadisələrinə dair açıqlamasını qətiyyən qəbul etmir və onu ən qəti şəkildə rədd edirik.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin ABŞ Prezidenti Baydenin bəyanatı ilə bağlı açıqlamasında yer alıb.

ABŞ Prezidentinin məlum bəyanatının elmi və hüquqi əsaslara söykənmədiyinin vurğulandığı açıqlamada deyilir: “Beynəlxalq hüquqda “soyqırımı” ifadəsinin istifadə edilməsi üçün tələb olunan şərtlərdən heç biri 1915-ci il hadisələrində yoxdur. 1915-ci il hadisələrinin mahiyyəti siyasətçilərin dövri siyasi motivlərinə və ya daxili siyasi mülahizələrə görə dəyişə bilməz. Belə qərəzli münasibət tarixin yalnız kobud şəkildə təhrif olunmasına xidmət edir.

Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il hadisələrinin müzakirə aspektlərini açıq şəkildə ifadə edib. Bundan başqa, Türkiyənin o dövrü elmi gerçəklərin işığında yaddaşlara yazmaq məqsədilə 2005-ci ildə Ortaq Tarixi Komissiya yaratmaq təklifi ötən dövrdə ermənilər tərəfindən qarşılıq almamasına baxmayaraq, həmin məsələ bu gün də tərəfimizdən qüvvədə qalmaqdadır. Bu baxımdan, tarixi prosesləri mühakimə etmək üçün nə hüquqi, nə də mənəvi səlahiyyəti olmayan ABŞ Prezidentinin verdiyi açıqlamanın heç bir dəyəri yoxdur”.

XİN ABŞ Prezidentini bəzi siyasi dairələri razı salmaqdan başqa heç bir məqsədə xidmət etməyən bu böyük səhvini düzəltməyə, başda türk və erməni xalqları olmaqla bölgədə sülh içində, bir yerdə yaşamaq təcrübəsini təsis etməyə yönəlmiş səyləri dəstəkləməyə çağırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden 24 aprel tarixində “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışı zamanı rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi ölümünü "soyqırım" adlandırıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Aprel, 2021  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!