إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əhli-sünnə alimi mənə cavab verdi ki, sizin alimlər müstəqildir və sizin Aşura kimi məktəbiniz var

Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi Qum ostanının Əhli-Beyt(ə) məddahları və dini heyət rəhbərləri ilə görüşüb.

Ayətullah Məkarim Şirazi görüşdə Hz.Rəsuləllahın(s.ə) "Fatimə mənim bədənimin bir parçasıdır. Hər kim onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir" hədisinə işarə edərək buyurub ki, bu hədis təkcə şiə məzhəbinin hədis kitablarında deyil, əhli-təsənnünün də hədis kitablarında nəql olunmuşdur. Bu hədisi həmçinin əhli-sünnənin ən məşhur hədis kitabı olan "Səhihi-Buxari" kitabında da görmək olar. Bəs görəsən o kəslər ki, Xanım Zəhranın(s.ə) evini yandırıb, ona sillə vuranlar bu hədisə iman gətirməmişdilərmi?

Hz.Rəsuli-Əkrəmdən(s) sonra camaatın dünya və mənfəət dalınca düşdüyünü deyən mərcei-təqlid bildirib ki, Hz.Rəsuləllah(s) özü buyurmuşdur ki, "Dünyaya məhəbbət bütün günahların mənşəyidir". Bu səbəbdəndir ki, dünya məhəbbəti önə gələndə bütün hər şey unudulmuş və bu cinayətlər baş vermişdir.

Belinə qılınc bağlayaraq Hz.Zəhranın(s.ə) evinə hücum edənlərlə yanaşı bəzi Əhli-Beyt(ə) dostlarının da Hz.Zəhraya(s.ə) əziyyət verdiklərini təəssüflə bildirən Quran müfəssiri deyib ki, hicab taxmayanlar və yaxud hicaba kamil riayət etməyənlər də Hz.Zəhraya(s.ə) əziyyət verənlərin sırasındadırlar. Bundan başqa qadın və kişinin qarışdığı məclisdə iştirak edənlər yaxud da dükanlarında qara bayraq asıb amma həmin bayrağın altında camaatı çəkidə aldadıb və malları baha satanlar yaxud da sələmlə pul verənlər də Hz.Zəhraya(s.ə) əziyyət verənlərin sırasındadırlar. Gərək elə indi kişi kimi Xanım Zəhra(s.ə) ilə əhd-peyman bağlayıb bütün ona əziyyət verə biləcək əməlləri tərk edək.

Əza məclislərinin və dini heyətlərin böyük bir sərmayə olduğunu deyən fiqh ustadı deyib ki, yüzillərdir yaşadılan bu işlər və məclislər gərək hifz olunsun. Çünki İslam dinini və İran İslam İnqilabını yaşadan məhz bunlardır. Elə bu səbəbdəndir ki, bu il İranda əzəmətlə keçirilən Aşura məclisini müşahidə edən Qərb siyasətçilərindən biri ölkəsinə qayıtdıqdan sonra bildirmişdir ki, nə qədər ki, onların Aşurası var onları yerindən oynada bilməyəcəyik. Siz bunu anlamalı və öz qədrinizi bilməlisiniz. Allahdan istəyin ki, əta etdiyi bu lütfü əlinizdən almasın.

İnqilabdan öncə şah zamanı Mehabad ostanında yaşayan bir əhli-sünnə aliminə "Şah sizə bu qədər zülm etdiyi halda siz səsinizi niyə çıxartmırsınız" sualını verdim ki, sualıma cavab olaraq mənə belə dedi: "Siz şiələr bizi özünüzlə müqayisə etməyin. Siz şiələrdə iki mühüm şey vardır ki, bizdə yoxdur; Birincisi, sizin din alimləri müstəqildir. Dövlət tərəfindən maliyyələşmirlər. Xüms sizin özünüzü bir dövlət kimi fəaliyyət göstərməyinizə yardımçıdır. Amma bizlər asılıyıq. İkincisi isə sizin Aşura məktəbinizin olmasıdır. Qara bayraq asırsınız və dəstə-dəstə camaatı cəm edib, orada siyasi söhbətlər edib nahaqqa öz etirazınızı çatdırırsınız. Biz əhli-sünnə də isə bunlar yoxdur".

Amma bütün bunlar yaxşıdır bir şərtlə ki, İmam Hüseynin(ə) və Hz.Zəhranın(s.ə) qiyamının məqsədlərini ayırd edək deyən Şeyx Məkarim Şirazi deyib ki, yalnız bu zaman nəticələr əldə edə bilərik. İmam hüseynin(ə) "Həqiqətən, zillət izdən uzaqdır" şüarını bir vaxtlar iranlılar deməklə qalib oldular və bu gün də bu şüarın bölgədəki məzlum xalqların şüarına çevrildiyinin şahidiyik.

İldən-ilə əzadarlıq məclislərinin daha da əzəmətli keçirilməsinə səsləyən mərcei-təqlid əsasən cavanları bu məclislərə cəlb etməyin zəruri olduğunu bildirərək deyib ki, düşmənin əsas hədəfi cavanlardır. Əgər bir cəmiyyətin cavanları azğın olarsa, gələcək nəsillərə heç cür xidmət edə bilməyəcəkdir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Aprel, 2012  04:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!