|
• DünyadaYeni Zelandiyada terrorçunun üçüncü məscidə də hücum planlaşdırdığı müəyyənləşibYeni Zelandiya tarixində 51 nəfərin qətlə yetirildiyi ən böyük terror aktının təşkilatçısı Brenton Tarrantın üçüncü məscidə də hücumu planlaşdıraraq müsəlman məbədlərini yandırmaq istədiyi müəyyənləşdirilib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kraystçörç Ali Məhkəməsində keçirilən dinləmələr zamanı prokuror məlumat verib. Avstraliya vətəndaşı olan 29 yaşlı Brenton Tarrant 51 nəfərin qətlində, 40 nəfərin qətlinə cəhddə və bir terror aktında təqsirli olduğunu etiraf edib. Onu vaxtından əvvəl azad edilmək imkanının olmayacağı ömürlük həbs cəzası gözləyir. Prokuror Barnabi Houzonun məhkəmədə açıqladığı faktlara görə, 2019-cu il martın 15-də Kraystçörçün mərkəzində yerləşən Al-Nur və Linvud məscidlərinə daxil olan B.Tarrant burada ibadət edən insanlara yarımavtomat silahdan atəş açıb. Məhkəməyə, həmçinin B.Tarrantın hücumu aylarla hazırlaması, dron vasitəsilə Al-Nur məscidini izləməsi və qurbanların təxliyə məqsədilə istifadə edə biləcəyi çıxışları araşdırmaq üçün binanın layihəsini təhlil etdiyi barədə məlumatlar da təqdim olunub. Prokurorun sözlərinə görə, B.Tarrant daha çox müsəlmanı qətlə yetirmək üçün cümə namazı vaxtını seçib. O, eyni zamanda, əvvəlcədən avtomobilinə yüklədiyi dörd benzin konteyneri vasitəsilə üçüncü məscidə hücum etməyi və oranı yandırmağı da planlaşdırıb. Lakin polisin onu həbs etməsi bunun qarşısını alıb. Prokurorun bildirdiyinə görə, B.Tarrant ilkin dindirmələr zamanı öz fəaliyyətini “terror aktı” kimi xarakterizə edib və vurğulayıb ki, bununla həm müsəlman, həm də Avropadan olmayan digər miqrantları qorxutmaq məqsədi güdüb. Dörd gün davam edəcək məhkəmə dinləmələri zamanı hadisə nəticəsində zərər çəkmiş təqribən 60 nəfərin ifadə verəcəyi gözlənilir. Məhkəmə iclasında çıxış edənlərin əksəriyyəti Yeni Zelandiyanı təhlükəsiz ölkə hesab etdiklərinə görə buraya köçdüklərini bildiriblər. Lakin B.Tarrantın hücumundan sonra aldıqları fiziki xəsarətin nəticələrinin hələ də davam etdiyini, yaşadıqları narahatlığı və yuxusuzluğu aradan qaldırmaq üçün müalicə aldıqlarını qeyd ediblər. Onlardan bir çoxunun ailə başçısını itirməsi və ya aldıqları xəsarətlər nəticəsində işləyə bilmədiklərinə görə ciddi maliyyə çətinlikləri ilə qarşılaşdıqları da vurğulanır. Terror aktı törədilən zaman Al-Nur məscidində olan və yaxın dostunu itirən Tac Mohammad Kamran adlı şəxs bildirib ki, o, çox qorxduğuna görə artıq məscidə gedə bilmir. Terrorçuya qarşı hisslərini bildirən qurbanlar arasında fərqli fikirlərə də rast gəlinib. Terror aktı nəticəsində oğlunu itirmiş Canna Ezat adlı qadın bildirib ki, o, B.Tarranta qarşı nə nifrət, nə də qisas hissi daşıyır: “Ziyan artıq vurulub və mənim oğlum bir daha heç vaxt geri qayıtmayacaq. Buna görə də mənim səni bağışlamaqdan başqa seçimim yoxdur”. Al-Nur məscidinin imamı Qamal Fuda isə deyib ki, hadisə çoxsaylı xəsarətlə yanaşı, dini icmanın ruhi rahatlığına və inamına da güclü təsir göstərib: “Terrorçunun əməli Kraystçörçü və Yeni Zelandiyanı dəyişdi. Buna baxmayaraq, mən Yeni Zelandiyanı sevirəm və bizim cəmiyyət bu hadisə zamanı bizə böyük dəstək və məhəbbətini göstərdi. Bu cavab cəmiyyətimizin terrorçunun istəyinin tam əleyhinə olduğunu təsdiq etdi”. Məhkəmədə mühafizəçilərin əhatəsində tünd boz rəngli həbsxana paltarında oturan B.Tarrant çıxışları heç bir reaksiya vermədən izləyib. Oklend həbsxanasında saxlanan 29 yaşlı terrorçu vəkillərdən imtina edərək özünümüdafiə funksiyasını öz üzərinə götürüb və haqqında hökm çıxarılmazdan əvvəl son sözlə çıxış edəcək. Qeyd edək ki, Yeni Zelandiyada qətlə görə ən ağır cəza ömürlük həbsdir. İndiyədək Yeni Zelandiyada heç vaxt belə hökm çıxarılmayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Avqust, 2020 12:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |