إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Prezident: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

“Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi vardır. Ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma imperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma imperiyası legionlarının Azərbaycan ərazisində olduğunu sübut edir.

İtalyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs etmişdir. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi, diplomatik əlaqələr qurulmuşdur. 1469-1478-ci illərdə Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan ilə Neapol Krallığı arasında təmaslar mövcud olmuşdur. Müsəlman aləmində ilk parlament respublikası olan, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Azərbaycan və İtaliya arasında diplomatik münasibətlə yaradılmışdır.

İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərmişdir. 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan edilmişlər. Hazırda Azərbaycan və İtaliya arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir”.

Ahlibeyt.az “Report”a istinadən xəbər verir ki, bunu fevralın 20-də Romadakı Kuirinale Sarayında Azərbaycan Respublikasının Prezidenti İlaham Əliyev deyib.

O bildirib: “Cənab prezident Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfəri əlaqələrimizin inkişafında mühüm töhfə olmuşdur. Səfər zamanı Mehriban Əliyeva və məni İtaliyanın yüksək dövlət ordenləri ilə təltif etməyinizi Azərbaycan və İtaliya arasında dostluğun inkişafına verdiyimiz töhfənin təzahürü kimi qiymətləndiririk”.

Dövlət başçısı italiyalı həmkarı ilə olduqca səmərəli görüş keçirdiyini vurğulayıb:

“Bu görüşümüz zamanı müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin strateji mahiyyətini təsdiqləyir. Dövlət səfəri çərçivəsində 20-dən çox sənədin imzalanması nəzərdə tutulur. Onların sırasında Azərbaycan və İtaliya arasında "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"ni xüsusi olaraq qeyd etmək istərdim. Bu sənəd münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaqdır. "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"də Azərbaycan və İtaliya bir-birilərinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Sənəddə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın bütün işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır.

Uzun illərdir ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

İqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığımız davamlı olaraq genişlənir, ticarət dövriyyəmiz yüksək səviyyədədir, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2019-cu ildə İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olmuşdur. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir, İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub.

Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP yekunlaşmaq üzrədir.

Mədəniyyət sahəsində münasibətlərimiz uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Hazırda Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir.

İtaliya qədim sivilizasiyanın beşiyidir. İtalyan mədəniyyəti, incəsənəti, kino sənəti Azərbaycanda çox sevilir. Çoxlu sayda Azərbaycan vətəndaşı hər il İtaliyaya turistik səfərlər edir. Son 3 il ərzində İtaliyadan ölkəmizə gələn qonaqların səfər dinamikasında 40 faizdən çox artım qeydə alınmışdır”.

Qeyd edək ki, Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Fevral, 2020  11:31 Çap

Bu bölmədə


© 2020 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com