إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İSESKO-nun yeni strukturu müəyyənləşib

slam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən İcraiyyə Şurasının 40-cı sessiyasında təşkilatın yeni strukturu müəyyənləşib.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, struktur islahatları təşkilatın fəaliyyətini gücləndirmək, çağırışlara daha çevik cavab vermək və dinamikliyini təmin etməyi hədəfləyən yeni strategiyaya uyğun həyata keçirilib.

İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edərək qeyd edib ki, təşkilatın strukturunun yenidən formalaşdırılması idarəetmə sistemində paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, daha operativ idarəçilik mexanizminin yaradılmasına xidmət edəcək.

Həmçinin sessiyada bildirilib ki, struktur layihəsi Səudiyyə Ərəbistanı Krallığının İdarəçilik üzrə Tədqiqatlar və Məşvərət İnstitutunda yaradılmış birgə işçi qrupu tərəfindən araşdırılıb. Son layihənin ərsəyə gəlməsində qrupun rəy və təklifləri, eləcə də bir sıra beynəlxalq təşkilatların təcrübələri nəzərə alınıb.

Qəbul edilmiş dəyişikliyə əsasən, Baş direktorun müavini və köməkçisi vəzifələri təsis edilib. İSESKO-nun əsas sektorlarının (təhsil, mədəniyyət, elm) işi Baş direktorun müavininin səlahiyyətlərinə aid edilib. Baş direktorun köməkçisi isə müştərək xidmət sahələrinin, o cümlədən idarələrin (Yardımçı xidmətlər, İnformasiya texnologiyaları, Nəşr və yayım), tərcümə mərkəzinin fəaliyyətinə cavabdehdir. Təşkilatın digər idarələri (Baş direktorun aparatı, Hüquqi işlər idarəsi, Baş katiblik və konfanslar, Maliyyə, Media, İctimai əlaqələr və protokol, Xoş məramlı səfirlər ofisi) Baş direktorun birbaşa tabeliyindədir.

Qeyd edək ki, budəfəki sessiya Baş Konfransın səlahiyyətləri səviyyəsində olub. Tədbirdə BƏƏ-nin Mədəniyyət və Biliklərin inkişafı naziri xanım Nura bint Məhəmməd əl-Kəabi, İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, milli komitələrin katibləri və digər rəsmi nümayəndələr iştirak ediblər. Sessiyada ölkəmizi Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının katibi, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini və beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2020  11:52 Çap

Bu bölmədə


© 2020 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com