إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Naxçıvan tarixi” dərsliyinin təqdimat mərasimi olub

Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin 7-ci siniflərində dərsdənkənar məşğələ üçün tədrisi nəzərdə tutulan “Naxçıvan tarixi” dərsliyinin təqdimat mərasimi olub.

Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Təhsil naziri Rəhman Məmmədov tədbirdəki çıxışında qədim diyarımızın tarixi ilə əlaqədar müstəqillik illərinədək aparılan tədqiqatlarda keçmiş sovet ideologiyasına xas prinsiplərin əsas götürüldüyünü, Naxçıvanın tarixinin düzgün yazılmadığını, elmdə boşluq yarandığını bildirib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2019-2020-ci tədris ilindən muxtar respublikanın ümumtəhsil məktəblərinin 7-ci siniflərində Naxçıvan tarixinin dərsdənkənar məşğələ kimi tədrisi nəzərdə tutulub. Tədrisin yüksək səviyyədə təşkili məqsədilə “Naxçıvan tarixi” üçcildliyi, eyni zamanda, muxtar respublikada aparılan son elmi tədqiqatların nəticələri əsasında “Naxçıvan tarixi” dərsliyi hazırlanıb. Üç bölmədən ibarət olan kitabda 15-ə yaxın xəritə, arxeoloji tədqiqatlar zamanı aşkar edilən maddi mədəniyyət nümunələri, 50-dən çox fotoşəkil yerləşdirilib. Kitabda Naxçıvan tarixi xronoloji ardıcıllıqla, ayrı-ayrı mövzular şəklində verilib” – deyən təhsil naziri vurğulayıb ki, muxtar respublika ümumtəhsil məktəblərində qədim tariximizin tədrisi gələcəyimiz olan şagirdlərin milli özünüdərk, vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsində mühüm rol oynayacaqdır. Muxtar respublikanın 95 illiyinə dəyərli töhfə olan yeni dərslik nəinki ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, eləcə də Naxçıvanın tarixi ilə maraqlananlar üçün faydalı mənbədir.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbirdə çıxış edərək bildirib ki, “Naxçıvan tarixi” dərsliyi qədim diyarın tarixinin öyrənilməsi və onun gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərin tərkib hissəsidir. Kitab Naxçıvan şəhərindəki orta məktəblərdə çalışan beş tarix müəllimi tərəfindən qədim yurdumuzda aparılan genişmiqyaslı tədqiqatlara əsaslanaraq yazılıb. Tədris vəsaitində Naxçıvanın ən qədim zamanlardan müasir günümüzədək olan tarixi haqqında yığcam məlumat verilib.

Tədbirdə AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin, “Naxçıvan tarixi” dərsliyinin müəllifləri – Həsən Həsənov, Təhminə İbrahimova, Aytəkin Məmmədova və Xülya Seyidzadənin çıxışları dinlənilib.

Çıxış edənlər “Naxçıvan tarixi” dərsliyinin ərsəyə gəlməsi və nəşrinə göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Sonda dərsliyin müəlliflərinə Təhsil Nazirliyinin diplomu və “Naxçıvan tarixi” dərsliyi təqdim olunub.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2019  11:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!