إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Minskdə terrorçuluqla mübarizədə innovasiyaların tətbiqi məsələləri müzakirə olunur

Konfransda bildirilib ki, artıq terrorçular haqqında bütün informasiyaları ildırım sürəti ilə üzə çıxarmaq və təhlil etmək mümkündür - Onların internet kontentləri daha tez aşkar edilir və ləğv olunur.

Belarusun paytaxtı Minskdə BMT-nin himayəsi altında keçirilən yüksəksəviyyəli Beynəlxalq konfransda terrorçuluqla mübarizədə innovasiyaların tətbiqi məsələləri müzakirə olunur.

Ahlibeyt.az-ın məlumatına görə, Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, konfransda çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko MDB məkanındakı silahlı münaqişə zonalarında terrorçuluğun geniş yayıldığını diqqətə çatdırıb, terrorçu qruplaşmalara qarşı mübarizədə səylərin birləşdirilməsinin zəruriliyindən bəhs edib.

BMT baş katibinin müavini Vladimir Voronkov çıxışında xatırladıb ki, bu gün terrorçular internet və digər yeni texnoloji nailiyyətlərdən məharətlə istifadə edirlər. Onun sözlərinə görə, süni intellekt, blokçeyn, biotexnologiyaların inkişafı bəşəriyyətin tərəqqisinə xidmət etsə də, eyni zamanda, terrorçuların işini də asanlaşdırır. Hazırda bu qruplaşmalar müasir texnoloji vasitələrlə daha yaxşı təmin ediliblər. Onlar cəmiyyətdə qorxu və çaxnaşma yaratmaq üçün vəhşi qırğınların videotranslyasiyasını da təşkil edirlər. Kraystçörç şəhərində terrorçuların dinc müsəlmanları qətlə yetirməsini canlı yayımda göstərməsi buna sübutdur.

Voronkov xəbərdarlıq edib ki, hazırda terrorçular dərman preparatlarından bioloji silah kimi istifadə etməyə də çalışırlar. Onun sözlərinə görə, onların bu planı insanlıq üçün faciəli nəticələr doğura bilər.

BMT baş katibinin müavini onu da qeyd edib ki, beynəlxalq ictimaiyyət terrorçuların bu planlarına qarşı adekvat tədbirlər görür. “Artıq terrorçular haqqında bütün informasiyaları ildırım sürəti ilə üzə çıxarmaq və təhlil etmək mümkündür. Onların internet kontentləri daha tez aşkar edilir və ləğv olunur. Bunun üçün maşın təlimi alqoritmlərindən istifadə edilir. Kvant hesablamaları ilə süni intellektin tətbiqi sayəsində terrorçuların izinə düşmək daha asandır. Bundan başqa, terrorçuları maliyyələşdirən firma və şirkətləri aşkar etmək məqsədilə blokçeyn qeydiyyatı üsulundan da istifadə olunur”, -deyə Voronkov vurğulayıb.

Konfransda məlumat verilib ki, BMT proqram təminatı vasitəsilə əcnəbi silahlı terrorçuların aşkar edilməsi üçün dövlətlərə yardım edilməsi layihəsini həyata keçirməyə başlayıb. Bununla yanaşı, kiberhücumların qarşısının alınması üzrə infrastrukturun yaradılması sahəsində də iş aparılır. BMT, həmçinin 3D nəşri, sintetik biologiya, nanotexnologiya, robot texnikası, insan sifətinin sintezi və avtonom silah kimi yeni texnologiyalar üzrə ekspert biliklərinin mübadiləsinin zəruriliyini vurğulayıb.

Beynəlxalq konfrans sentyabrın 4-də işini başa çatdıracaq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Sentyabr, 2019  13:07 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!