إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək ramazan ayı

 

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran Ramazan ayında nazil edilmişdir. Bu aya yetişən şəxslər oruc tutmalıdırlar..." Bəqərə-185

Müqəddəs Ramazan ayı ilahi rəhmət və bərəkət ayıdır. Bu ayda Uca Allah öz bədələrinin üzünə sonsuz rəhmət və məğfirət qapılarını açır. Əlbəttə, ilahi rəhmət hansısa zaman çərçivəsi ilə məhdudlaşmır, sadəcə olaraq, insanı dünyaya bağlayan tellər bu ayda zəifləyir və insanın nəfsi ilə mübarizəsi asanlaşır. Mübarək Ramazan ayı məişət problemlərindən uzaqlaşıb mənəviyyatla məşğul olmaq, Yaradanla daha çox ünsiyyətdə olmaq üçün bir fürsətdir. İnsan hansı hadisənin yaxınlaşdığını anlamalıdır. 

Ramazan ayı əhəmiyyətli bir hadisə olduğu üçün, Allah öncədən gələn iki ayı (rəcəb və şaban) bəndələri üçün hazırlıq müddəti qərar verib. Böyük bir şəxsdən dəvət aldığımız zaman görüşə hazırlaşırıq: geyimimizə, davranışımıza, danışığımıza belə diqqət yetirirk. Rəcəb və Şəban aylarında müsəlmanlar vacib olmayan oruc tutur, Allahda bağışlanma diləyir, başqaları ilə halallaşır, nəfsi ilə mübarizə aparır. Bir sözlə, mübarək Ramazan ayında ilahi rəhmətin və mərifətin qəlblərə nazil olmasına mane olacaq bütün amilləri aradan götürür. Ramazan ayı daxilimizə nəzər salmaq üçün, özümüzü tanımaq üçün ən uğurlu vaxtdır. Özünü tanıyan isə Rəbbini tanıyar.

Həzrət Peyğəmbər(s) hədislərin birində bu ayı “İlahi ziyafət” adlandırır. Hər bir oruc tutan Allaha qonaqdır, Allah da öz qonaqları qarşısında mənəvi və maddi nemətlərlə dolu  bir süfrə açır. Fərqi yoxdur zəngin ya fəqir, alim ya cahil – bütün oruc tutanlar Uca Tanrının ziyafətinə dəvətlidirlər. Hər kəs bacardığı qədər bu ziyafətdən faydalana bilər. Öz qonaqlarını əziz tutan Allah oruc tutan bəndəsinin hər nəfəsinə savab yazır. Bir halda ki, hamımızı Allah Öz ziyafətinə dəvət edir, hədiyyə də ziyafət sahibinə layiq olmlıdır. Uca Yaradan buyurur: “Orucun mükafatını Özüm verəcəm”. Bəziləri bu hədisi belə tərcümə edirlər: “Orucun mükfatı Özüməm”.

Oruc, bütün ibadətlər kimi, bizə bəndəlik dərsi verir. Oruc bizdə güclü iradə tərbiyə edir, istəklərimizə “yox!” dəməyi öyrədir. İbadətin dəqiqliyinə diqqət yetirməklə biz Allahın əmrinə münasibətimizi göstəririk. Allahdan başqasına bəndəlik etmədiyini iddia edən şəxs, çalışacaq ki, onun əmrlərini bütün xırdalıqları ilə düzgün yerinə yetirsin.

Unutmayaq ki, müqəddəs Ramazan ayı yalnız ibadət ayı deyil. Bu ayda insan günahları tərk etməli, tövbə etməlidir. Ancaq ibaətlə günahların tərki bir birini tamamlayır, cismin orucu ilə ruhun orucu bir birini tamamladığı kimi. Həzrət Əli(ə) buyurur: “Qəlbin orucu və günah fikirlərdən uzaqlaşmaq, mədənin orucu və yeməkdən uzaqlaşmaqdan daha yaxşıdır”. Bu ayda nəinki günahları tərk etməli, hətta halal işlərin bəzilərindən də çəkinməliyik. Bizim əməllərimiz yüklənmiş çuvala bənzəyir. Savab işlər yükü ağırlaşdırsa da, günhalar çüvaldakı deşik tək yükü azaldır. Günah çoxaldıqca savab da radan gedir. Ona görə savabın sayından daha mühümü tərk olunmuş günahların sayıdır. Ancaq günahkarlar məyus olmamalıdır, çünki Allah rəhmlilərin ən rəhmlisidir. Günahların ən böyüyü ilahi rəhmətdən məyusluqdur. Allah bağışlayan, günahları örtən və mehribandır. Necə ki, Qurani-Kərim buyurur: “Həqiqətən Allah tövbəkarları sevir”. Bağışlanmaq üçün isə ən gözəl fürsət Ramazan ayıdır. Biz gərək həm bağışlanma diləyək, həm başqalarını bağışlayaq. Bir gün həzrət Peyğəmbərin hüzuruna bir kişi gəldi və ona Qədr gecəsində dua öyrətməyi xahiş etdi. Peyğəmbər(s) belə bir dua öyrətdi: “İlahi, Sən bağışlamaq isətyirsən, mən isə bağışlanamaq. Sənin qapına elə bir şey üçün gəlmişəm ki, hər ikimiz onu istəyirik”.

Orucla yanaşı, mübarək Ramazan ayının digər əlamətdar hadisəsi Qədr gecəsidir. Bildiyiniz kimi, Quran Peyğəmbərimizin(s) qəlbinə 23 il ərzində hissə-hissə nazil olurdu. Ancaq Qədr gecələrinin birində Allah Qurani-Kərimi bütövlükdə Peyğəmbərin(s) qəlbinə nazil etmişdi. Bu barədə Qədr surəsində danışılır. Bu gecənin əhəmiyyətini vurğulayan Allah Peyğəmbərə xitabən buyurur: “Nə biləsən Qədr gecəsi nədir?!” İlahi Həqiqət insanın anlaya biləcək bir hala – Quran halına tənəzzül edərək Peyğəmbərin(s) qəlbinə vəhy olundu. Daha sonra Qədr surəsində ilahi qədərə işarə edilir. İnsanların əməllərinə görə Allah gələn Qədr gecəsinə kimi bir sıra hadisələri onların qismətinə yazır. Məsələn, Həcc ziyarətinin insanın qədərinə məhz Qədr gecəsi yazılır. Daha sonra Qədr surəsində əhya saxlayanlar barədə Allah buyurur: “Salam olsun onlara dan yeri sökülənə qədər”. Bu gecəni yatmayıb ibadət edənlərin hər birinə Allah Təala bir-bir salam göndərir. Allahın salamına layiq olmağın özü böyük bir nemətdir.

Ramazana ayının hansı gecəsinin Qədr olduğu nə Quranda, nə də hədislərdə göstərilməyib. Peyğəmbər (s) üç gecədən birinin Qədr olduğunu bildirib – 19-cu, 21-ci və 23-cü gecə. Buna səbəb isə insanları daha çox gecəni oyaq qalıb Allaha ibadət etməyə təşfiq etməkdir. Qədr gecəsində müsəlmanlar qüsl alır, məscidə gedir, birgə ibadətlərdə iştirak edir, daha sonra isə bir guşəyə çəkilib Uca Yaradanla təkbətək ünsiyyətə girirlər.

Ramazan ayında İslam tarixinin bir sıra əlamətdar hadisələri baş verib. Bunlardan birincisi Həzrət Xədicənin(s.ə) vəfatıdır. 25 il Peyğəmbərə(s) yavərlik edən, o Həzrətin(s) nəslini davam etirən, dinimizin güclənməsi və yayılmasında müstəsna xidməti olan, İslamı ilk qəbul edən iki nəfərdən biri, bütün var-dövlətini Allah yolunda xərcləyib fəqirlik içində dünyasını dəyişən möminlər anası Həzrət Xədicə(s.ə) peyğəmbərliyin 10-cu ilində Ramazan ayının 10-u vəfat edib. İkinci mühüm hadisə hicri 3-cü ildə Ramazan ayının 15-də baş vermişdir. Həmin gün Peyğəmbərin(s) birinci nəvəsi, İmam Əli(ə) ilə Xanım Fatimeyi-Zəhranın(s.ə) ilki, ikinci imamımız Hz.İmam Həsən(ə) dünyaya göz açıb. Üçüncü mühüm hadisə isə hicri 40-ı ilin Ramazan yaının 19-u baş vermişdir. O gün Hz.Əli(ə) Kufə məscidində namaz üstündə qılıncla başından zərbələnib. Iki gün sonra Hz.Əli(ə) şəhid olub.

Ramazan ayının sonuncu cüməsi isə bütün müsəlmanlar tərəfindən Qüds günü kimi qeyd olunur. Bu gün müsəlmanlar məscidlərə toplaşraq bütün işğalçılara qarşı etiraz sələrini ucaldır, zülmə və təcavüzə “yox!” deyirlər.

P.S Bu il orucluq ayı yay günlərinə təsadüf edəcək. Hilalın görsənməsi ilə müsəlmanlar bir ay oruc tutacaqlarını niyyət edəcəklər. Lakin bəziləri günlərin uzun olması, havanın siə isti keçməsi ilə bağlı narahatdırlar. Ən əsası Allaha təvəkkül edib özünə inanmaq lazımdır. Oruc ilk növbədə bizim ruhumuza faydalıdır. Öz istəklərimizə qarşı çıxaraq iradəmizi möhkəmlədir, səbr əldə edirik. Cəmiyyətdəki mövqemizdən asılı olmayaraq hamımız bərabər oluruq: hamı aclıq keçirir və ac olan insanların vəziyyətini anlayır. Biz həm başqalarının dərdinə şərik çıxır, həm özümüzə qalib gəlirik. Əlbəttə, orucun fiziki faydaları da mövcuddur. Qədim zamanlardan tibbdə aclıq və pəhriz qan azlığından tutmuş xərcəngə kimi bir sıra xəstəliklərin müalicəsində tətbiq olunur. Bir ay ərzində insan orqanizmi yüngülləşmək fürsəti əldə edir. Hədislərdə iftardan daha çox imsakın edilməsi tövsiyə olunur. Yəni sübh azanına kimi insan nəsə yeməyə çalışmalıdır. İftar isə, yaxşı olar ki, ilıq su, xurma və ya duzla açılsın. İftar zamanı çox və tələskən yemək bəyənilmir.

 Hüseyn Abbasov

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Avqust, 2010  23:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!