إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda “Din haqqlnda qanun” müzakirə olunur

Gürcüstan parlamentinin “İnsan Hüquqlarının Qorunması Komitəsi”-nin iclasında müxtəlif dini icmaların və dövlət rəsmlərinin,  dini QHT və hüquq təşkilatlarının iştirakı ilə din haqqında qanun müzakirə olunub.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Gürcüstan Müsəlmanları İdarəsinin(GMİ)  məlumatında müzakirələrin il boyu davam etdiriləcəyi bildirilib.

Müzakirələr zamanı dini icmalar tərəfindən onları narahat edən məsələlər və dini qanun haqqında müxtəlif fikirlər səslənib. Əsas dini İcmalar dövlətdə ayrıca fəsillərdən və bəndlərdən ibarət dini qanun olmasının vacibliyi vurğulanıb.

Səslənən fikirlərlə razılaşmayan dini təşkilatlar da olub. Bildirilib ki, dinin ayrıca qanunla qəbul olunmasına ehtiyac yoxdur. Bunun əvəzində qanun məcəllələrində dini məsələləri nəzərdə tutan əlavələr və dəyişikliklər oluna bilər.

Toplantıda  “Gürcüstan Müsəlmanları İdarəsi”-nin Şeyxi Hacı Ramin İgidov çıxış edərək bildirib ki, qanunun əleyhinə olmaq yəqin ki, müəyyən narahatçılıqdan irəli gəlir: "Səslənən fikirlərdən belə qənaətə gəlmək olur ki, din haqqında qəbul olunan qanunda hər hansısa məhdudiyyət yaranacağı və yaxud hər hansı diskriminasiya halına yol veriləcəyindən ehtiyat olunur."

Hacı Ramin İgidov çıxışında məsələ ilə bağlı fikirlərini çatdırıb: “Biz belə düşünmürük, məsələyə bir tərəfli baxmaq olmaz bununla bağlı obiyektiv müzakirə və araşdırma aparmadan birmənalı olaraq neqativ qərar vermək düzgün baxış deyil”.

Şeyx Hacı Ramin İgidov Azərbaycan və bir çox Avropa ölkələrinin din haqqında qanunu ilə yaxından tanış olduğunu deyib: “Biz Azərbaycan və Avstrya və Ruminya kimi Avropa ölkələrinin din haqqında qanunu ilə yaxından tanış olduq.Orada razılaşmadığımız məqamlar- bəndlər də mövcuddur. Ümumilikdə onu deyə bilərik ki, din haqda qanunun olması bir çox problemlərin həll olunmasına və eləcə də yarana biləcək bir çox mənfi halların qarşısı alınar”.

R.İgidov qanundan gözlədikləri beş əsası dilə gətirib:

“Bizim dini qanundan beş əsas istəyimiz və gözləntilərimiz var:

- Dövlət dini məsələlərdə hüquqlara aydınlıq gətirilsin və dövlət müəssisələrində vətəndaşların dini hüquqları qorunsun;

– Dini qurumların müəyyən çətinlik çəkdiyi və anlaşılmayan məsələlərdə vəzifələri aydınlaşdırılsın;

- Dinlər və məzhəblər arasında sabitlik qorunsun və  tolerantlıq güclənsin, buna xələl gətirəcək bütün amillərin qarşısı alınsın;

- Dini inanc, şəxs və atributların ləkələnməsinin, təhqir olunmasının qarşısı alınsın və əksinə bu kimi məsələlərə hörmətlə yanaşılması təmin olunsun;

-Din adından ekstremizmə, radikal davranışlara və çirkin siyasətlərə əl atanların qarşısı alınsın”

GMİ şeyxi qeyd edib ki, gərək dövlət dinlərin sərbəst və inancına uyğun yaşamasına şərait yaratsın, dinlər də dövlətin sabitliyi, rifah və inkişafına çalışsın.

Toplantıda sonra Qərbi Gürcüstanın müftisi Hacı Beglar Kamaşidze və Şərqi Gürcüstan üzrə müfti Hacı Yasin Əliyev yeni məscid tikintisi və abadlaşmasında və digər məsələlərdə dinimizin qarşılaşdığı müxtəlif problemləri dilə gətiriblər. Bunların həlli üçün qanunun olmasını labüd hesab ediblər.

Qeyd edək ki, Toplantıda iştirak edən ənənəvi dinlər qanunun qəbul olunmasına ümumilikdə müsbət yanaşdıqlarını açıqlayıblar.

İclasda iştirak edən bəzi İslam yönümlü dini təşkilatlar və bəzi dini cəryanlar qanunun bu şəkildə qəbul olunmasını mənfi qiymətləndiriblər.Qanunun din və vicdan azadlığına zidd olduğunu dilə gətiriblər. Eyni zamanda qanun qəbul olduğu zaman dini ayrıseçkiliyə yol veriləcəyi qənaətində olduqlarını bildiriblər.

Toplantının sonunda bu haqda müzakirələrin il boyu davam etdiriləcəyi bildirilib.

Növbəti iclas fevral ayının ortalarında baş tutacaq.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2019  10:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!