إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD erası bitdimi?...

Terror təşkilatı bir daha qayıtmaq üçün münasib zamanı gözləyir

Suriyanın şimalında fəaliyyət göstərən kürd və digər etnik və dini qrupların birləşdiyi “Suriya Demokratik Qüvvələri” koalisiyası bu ölkədəki İŞİD-in sonuncu iri yaşayış məntəqəsi olan Bağuz kəndini ələ keçirib. Bu barədə mərkəzi ofisi Londonda yerləşən “Suriya İnsan haqları Müşahidə Evi” məlumat yayıb. Hazırda İŞİD-in nəzarətində sadəcə iki kiçik bölgənin qaldığı qeyd olunur.

Təşkilatdan o da bildirilib ki, ələ keçirilən yaşayış məntəqəsində 470 İŞİD terrorçusu olub. Ümumilikdə isə Bağuzdan 5 minə yaxın insan köçüb və bunların 3500 nəfərə yaxını SDQ qüvvələrinə təslim olub. Təslim olanlar koalisiyaya məxsus maşınlarla savaş bölgəsindən çıxarılır. O da bildirilir ki, sonuncu iki kəndin ələ keçirilməsindən sonra Suriyanın şərqində, daha dəqiqi, Fərat çayının şərq sahilində İŞİD-ə məxsus ərazi qalmayacaq.

O da bildirilir ki, 2017-ci ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə Suriyanın şimalı və şərqində İŞİD-ə qarşı başladılan hərbi əməliyyatlar nəticəsində 27 mindən çox insan İŞİD-in nəzarətində olan bölgələri tərk edib. Ötən iki ildə 1800-ə yaxın İŞİD üzvü təslim olub.

İŞİD yanvarın 16-da Menbicdə, 23-də isə Hasake rayonunda terror aktı törədib. 16 yanvar terroru zamanı ABŞ ordusunun 4 hərbçisi və daha 15 yerli sakin ölüb. 23-də isə 5 SDQ döyüşçüsü öldürülüb. Yeri gəlmişkən, ötən həftə SDQ-yə təslim olan 600 İŞİD silahlısının Suriyanın şimalındakı ABŞ hərbi bazasına aparıldığı haqda iddialar yayılıb.

Artıq İraqda da İŞİD xeyli zəiflədilib. İndi İraqın yalnız qərbində, Anbar vilayətində İŞİD-in kiçik qrupları qalmaqdadır. Son aylarda Kərkük və ətrafında da fəallaşan İŞİD terrorçuları əsasən gizli fəaliyyət göstərir, qəfil hücumlar həyat akeçirir. Formal olaraq İŞİD-in İraq ərazisində nəzarət etdiyi bölgələr yoxdur.

Qeyd edək ki, İraq hökuməti 2017-ci ilin noyabrında İŞİD-in tamamilə məhv edildiyini bəyan edib. Ancaq buna baxmayaraq, terror təşkilatı Anbar əyaləti və ölkənin şimal rayonlarında, eləcə də Bağdadda gizli şəkildə fəaliyyətini davam etdirir. Vaxtaşırı olaraq terrorçular əsasən hökumət qüvvələrinə qəfil hücumlar təşkil edirlər.

İŞİD-in İraqda hələ də qalmasının bir səbəbi də İraq daxilində Səddam Hüseyn tərəfdarları və gizli İŞİD-çilərin olmasıdır. Məsələn, İraq ordusu rəsmiləri bildirib ki, ləğv olunmuş BƏƏS (Ərəb Sosialist Dirçəliş) Partiyası üzvləri Diyalə əyalətində yenidən fəallaşıb. Bundan başqa İraqın yeni hökumət kabinetində yer alan təhsil naziri Şeyma Hiyalinin iki qardaşı İŞİD üzvü olması faktı aşkarlandıqdan sonra istefa verməyə məcbur olub.

Ötən il isə İraq hökumət qüvvələri şimal əyalətlərindən birinin kəşfiyyat idarəsi rəisinin müavinini məhz gizli şəkildə saxta pasport satışına görə həbs edib. Bu həm də İŞİD-in İraqda hələ bir müddət qalacağını göstərir. Ancaq İŞİD İraq və Suriyada, yəni meydana çıxdığı ölkələrdə artıq ənənəvi terror təşkilatları kimi gizli fəaliyyət göstərməyə məcburdur.

Məsələ ondadır ki, digər terror təşkilatlarından, o cümlədən içərisindən çıxdığı “Əl-Qaidə”dən fərqli olaraq İŞİD “ərəb baharı”ndan sonra İraq və Suriya ərazisində açıq fəaliyyət göstərən və daha sonra xilafət elan edən bir qruplaşmadır.

İŞİD ile ilgili görsel sonucu

Xatırladaq ki, 2004-cü ildə İraqın ABŞ ordusu tərəfindən işğalına qarşı mübarizə məqsədilə “Əl-Qaidə”nin İraq qolu olaraq yaranmış İŞİD həmin vaxt Amerika ordusuna qarşı savaşıb. Bu dövrdə daha çox gizli fəaliyyət göstərib. İŞİD növbəti dəfə Suriyada 2011-ci ildə peyda olub və bu dəfə artıq fərqli xətt tutub, torpaqlar işğal edib və ələ keçirdiyi bölgələrdə öz qanunlarını, idarəçilik metodlarını ortaya qoyub.

2014-cü il yanvarın 3-də isə İŞİD-lə digər böyük müxalif qruplaşma olan “Ən-Nusra” arasında qanlı toqquşmalar başlayıb. 2014-cü il iyunun 10-da İraqın ikinci böyük şəhəri olan Mosulu işğal edən İŞİD bütün dünyada qorxulu kabusa çevrilib. Həmin ilin avqustunda Mosulda “xilafət” elan edən İŞİD həmin yaradılmış beynəlxalq anti-İŞİD koalisiyasının zərbələri, İraqda yaradılmış xalq özünümüdafiə dəstələri “Həşdi Şabi”nin hücumları ilə zəiflədilib. 2017-ci ildə Mosul şəhəri İŞİD-dən geri alınıb və  noyabrda qruplaşmanın ləğvi elan olunub. Ancaq bundan sonra məlum olub ki, İŞİD artıq “yer altına” çəkilib və terror hücumları və sui-qəsdlər həyata keçirir.

Ancaq indi İŞİD, sadəcə, İraq və Suriyada deyil, qruplaşmanın Liviyada, Misirdə Sina yarımadası, Yəməndə, Əfqanıstanda və Nigeriya kimi ölkələrə “filialları” mövcuddur. Lakin bu ölkələrdə də, İŞİD-in nəzarətində daha əvvəl İraq və Suriyada olduğu qədər geniş ərazilər yoxdur. Halbuki 2014-cü ilin payızında İŞİD-in nəzarətində İraq və Suriya torpaqlarında 12 milyona yaxın insan yaşayırdı.

İŞİD ile ilgili görsel sonucu

İŞİD və bənzər silahlı qrupların ortaya çıxması və hər dəfə ağır zərbə aldıqdan sonra toparlanıb ortaya çıxması, güc qazanması ilk növbədə ölkələrdəki siyasi şərtlərdən asılıdır. Çünki birincisi, inqilab başlayan ölkələrdə uzun illər davam edən avtoritar rejimlər siyasi institutları məhv etdiyi üçün (yalnız Tunis və Misirdə qismən də olsa siyasi partiyalar və QHT-lər qalırdı) başlayan inqilabi proseslərin fonunda yaranmış təşkilatlanma boşluğunda radikal islamçılar ortaya çıxdılar.

Həm Liviyada, həm də Suriyada hakimiyyətə qarşı silahlı müxalifətə xarici ölkələr də dəstək verdi və nəticədə daha fəal və bu hadisələrə “müqəddəs cihad” kimi yanaşan islamçı qrupların sayı və gücü sürətlə artdı. Çünki həmin vaxt Qərb dövlətləri də diktatorların devrilməsi üçün silahlı müxalifətə - dinə yanaşmasından asılı olmayaraq - dəstək verdi. Qərb yalnız iş-işdən keçəndən sonra radikal islamçı qrupların fərqində oldu, onda isə artıq gec idi.

Məsələ ondadır ki, radikal İslam amili müsəlman ölkələri üçün həmişə aktual problem olub. Çünki sosial ədalətsizliyin, yoxsulluğun, avtoritarizmin mövcud olduğu yerdə istər-istəməz alternativ güc özünü fəda etməyə hazır olan siyasi İslam olub. Siyasi iştirakdan, özünü təsdiqləmək imkanından, normal şərtlərdə həyatını yaşamaqdan məhrum qalan müsəlmanların (xüsusən də gənclər) üz tutacağı ünvan radikal qruplardır. Bu “təcrübəni” ötən əsrin 60-70-ci illərində Əfqanıstanda başlayan müharibədə ortaya çıxan “Əl-Qaidə” nümunəsi təsdiqləyib.

Bu mənada İŞİD kimi qruplar bir daha qayıda bilər. Sadəcə, bunun üçün “münbit şərait” yaranmalıdır.  İŞİD məhz o günü gözləyir.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Yanvar, 2019  12:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!