إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ölkəmiz XXI “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda iştirak edib

Açılış mərasimində İtaliya Respublikasının rəsmiləri tərəfindən Azərbaycanın sərgidə iştirakı xüsusi vurğulanıb.

Ahlibeyt.az-ın Mədəniyyət Nazirliyi mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, noyabrın 14-də İtaliyanın Paestum şəhərində XXI “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası” (XXI “La Borsa Mediterranea del Turismo Archeologico” - www.borsaturismoarcheologico.it)  öz işinə başlayıb.

Əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən sərgiyə UNESCO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfdaşlıq edir.

Hər il dünyanın müxtəlif ölkərindən, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi tədbirdə Mədəniyyət Nazirliyi növbəti dəfə iştirak edir. Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova, Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Sənəd dövriyyəsinin təşkili sektorunun müdiri Natəvan Əsgərova, Regional siyasət şöbəsinin Regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektorunun məsləhətçisi Qasım Şirinli, Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova qatılıb.

Tədbirin rəsmi açılış mərasimində İtaliyanın mədəni irs, fəaliyyətlər və turizm naziri Dario Françeskini, Kapaççio Paestum şəhərinin meri İtalo Voza və Salerno vilayətinin prezidenti Cuzeppe Canfaro iştirak ediblər. Gün boyu davam edən sərgidə arxeologiya, mədəni irs nümunələrinin tədqiqi və təbliği, turizm və digər mövzularda konfrans və görüşlər keçirilib.

Noyabrın 18-dək davam edən tədbirlər çərçivəsində ölkəmizə məxsus stenddə sərgiyə gələn qonaqlara ingilis və italyan dillərində müxtəlif reklam-çap, ölkəmizin mədəni və təbii irsinə, arxeoloji turizmə həsr olunmuş təbliğat materialları təqdim olunub.

Zakir Sultanov ölkəmizə məxsus milli stendi ziyarət edən UNESCO-nun sabiq baş katibi İrina Bokova və Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin direktoru Munir Buşenaki ilə görüşüb. Görüşdə ölkəmizin mədəni irsi haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkəmiz mədəni irs sahəsində beynəlxalq əməkdaşlığa, o cümlədən UNESCO ilə əlaqələrə xüsusi önəm verir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Açılış mərasimində İtaliya Respublikasının rəsmiləri tərəfindən Azərbaycanın sərgidə iştirakı xüsusi vurğulanıb. 23 ölkənin iştirak etdiyi tədbirdə İtaliya 50 yerli şirkətlə təmsil olunub. Yarmarkaya 20 mindən nəfərdən çox ziyarətçi baş çəkib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Noyabr, 2018  12:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!