إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlahi ziyafətə hazır olun

Hz. Əli(ə): "Allah Taala bu ayda xeyiri səpələdiyi üçün onu “Şaban” adlandırmışdır"

Şəban ayının ilk günləri idi. Hz.Əli(ə) məsciddə puç mübahisə aparan gəncləri görüb onlara belə nəsihət etdi: “... Ey təzə iman gətirənlər, bu gün Şəban ayının əvvəlidir. Allah-təala bu ayda xeyiri səpələdiyi üçün onu “Şəban” adlandırmışdır. O, xeyir və ehsan qapılarını bu ayda aşmışdır. Özünün hündür, qiymətli saraylarını çox ucuz qiymətə və asan əməllərlə sizə göstərmişdir. Onları alın!... Bu Şəbanın əvvəlidir. Onun xeyirli yolları – namaz, oruc, zəkat, yaxşılığa dəvət, pisliklərdən çəkindirmək, valideyinə, qohuma, qonşuya yaxşılıq, küsülüləri barışdırmaq, fəqir və miskinlərə sədəqə verməkdir”. 

Oruc tutmaqla yanaşı bu ayda çoxlu dua etmək və bağışlanmaq diləmək gərəkdir. Digər aylardan fərqli olaraq bu ayda edilən dualar tez qəbul olunar, günahlar isə tez bağışlanar. Lakin insan gərək diqqətli olsun ki, ruhunu mübarək Ramazan ayına kimi təmizləyə bilsin və həmin ayın mənəvi feyzlərindən məhrum olmasın. Şəban ayında yoxsullara əl tutmaq, sədəqə vermək də xüsusi ibadətlərdən sayılır. İmam Sadiq(ə) buyurur ki, hər kim bu ayda sədəqə verərsə, Allah onu tərbiyə edər və öz əxlaqi  ilə əxlaqlandırar.

Bu ayda İmam Səccadın(ə) Şəban ayında oxuduğu duanı oxumaq çox yaxşıdır: 

“İlahi, Məhəmməd və Ali Məhəmmədə salavat göndər. Onlar peyğəmbərlik ağacı, risalətin endirilmə, mələklərin get-gəl yeri, elm mədəni və vəhy ailəsidir. İlahi, Məhəmməd və Ali Məhəmmədə salavat göndər. Onlar dərin okeanlarda üzən gəmi kimidir, ona minən şəxs amanda qalar, ondan üz çevirən qərq olar. Onlardan önə keçmək istəyən dindən çıxar, onlardan arxaya qalan məhv olar və onlarla yanaşı olan haqqa qovuşar. İlahi, Məhəmməd və Ali Məhəmmədə salavat göndər. Onlar Möhkəm mağara, imkansız, çarəsizlərin fəryadına yetişən, qaçanların sığınacağı və vəsilə axtaranların möhkəm tutacağıdır. İlahi, Məhəmməd və Ali Məhəmmədə salavat göndər. Ey aləmlərin Rəbbi! Öz hövl və qüvvənlə onlara o qədər çox salavat göndər ki, onların razılığına səbəb olsun, Məhəmməd və Ali Məhəmmədin haqqı əda olsun və biz vəzifəmizi yerinə yetirmiş olaq. İlahi, Məhəmməd və Ali Məhəmmədə salavat göndər. Onlar paklar, yaxşı əməllilər və yaxşılardı. Onların haqlarını vacib etdin, itaət və vilayətlərini fərz qıldın. İlahi, Məhəmməd və Ali Məhəmmədə salavat göndər. Mənim qəlbimi öz itaətinlə abad et. Günahımla məni rüsvay etmə. Mənə ruzi ver ki, ruzisini az etdiyin şəxslərə maddi yardım göstərə bilim. O nemətləri sən öz fəzlindən mənə əta etmisən və öz ədalətinlə genişləndirmisən və məni öz kölgəndə dirçəltmisən. Bu ay sənin peyğəmbərinin və rəsullarının ağasının ayı şəbandır. O ay ki, onun ətrafını öz rəhmət və razılığınla dövrəyə almısan. O ay ki, Allahın Rəsulu(s) onun oruc və ibadətlərini bərpa etmək üçün onun gecə və gündüzlərində tam səy ilə ölüm anına qədər çalışırdı ki, Sənin qarşında təvazökarlıq etsin və bu ayı əziz və uca tutsun. İlahi, bizə yardım et ki, bu ayda onun yoluna tabe olaq və onun yanındakı şəfaətə nail olaq. İlahi, onu (peyğəmbəri) mənim üçün şəfaəti qəbul olunmuş şəfaətçi və Sənə doğru olan əbədi yol  qərar ver. Məni onun ardıcılı qərar ver. O qədər ki, qiyamət günü sənə qovuşanda məndən razı olasan və günahlarımı görməzdən gələsən. Mənə öz rəhmət və razılığını vacib etmiş olasan. Və məni həmişəlik evdə (cənnətdə) və yaxşıların iqamətgahında endirəsən”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyul, 2011  20:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!