|
Zəngilan rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar XİN mətbuat xidməti açıqlama yayıbAzərbaycanın Zəngilan rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva açıqlama yayıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,açıqlamada bildirilir: 1993-cü ildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən və ümumi ərazisi 730 kvadratkilometr olan Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Cəbrayılın və digər həmsərhəd rayonların işğalından sonra mühasirə halına düşmüş Zəngilan iki aydan çox şücaətli müqavimət göstərib. Təcavüz nəticəsində 85 yaşayış məntəqəsindən ibarət Zəngilan rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb. İşğal nəticəsində çoxlu sayda yaşayış binaları, sənaye və kənd təsərrüfatı müəssisələri, təhsil, səhiyyə və mədəniyyət ocaqları, o cümlədən qədim daş abidələri olan tarix muzeyi və s. yandırılaraq məhv edilib. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Hazırda 45 min nəfər rayon sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır. Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların sırasında Yuxarı və Orta Yeməzli kəndlərinin arasında e.ə. I minilliyə aid küp qəbirləri və Şərifan kəndindəki XIII-XIV əsrlərə aid Şəhri-Şərifan tarixi şəhərciyinin qalıqları kimi arxeoloji abidələr, Əmirxanlı kəndindəki XII əsrə aid Qız qalası abidəsi, Məmmədbəyli kəndindəki 1304-1305-ci illərə aid Yəhya ibn Məhəmməd əl-Həccin türbəsi, bir sıra Qafqaz alban kilsələri, çoxlu sayda məscidlər və sair qeyd oluna bilər. Ermənistan Respublikası Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Zəngilan rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. Xüsusilə həmin ərazilərdə Suriyadan olan erməni əsilli şəxslər daxil olmaqla, erməni əhalisinin qanunsuz yerləşdirilməsi həyata keçirilir. Zəngilan rayonu üzərindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan ilə birləşdirilməsi üçün nəzərdə tutulan üçüncü yolun çəkilməsi bu işğalçı dövlətin Azərbaycan ərazilərini ilhaq etmək kimi çirkin niyyətlərini açıq şəkildə nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Azərbaycan Respublikasının Zəngilan rayonunun işğalı kəskin şəkildə pislənilib və Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub. Qətnamədə “Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada Zəngilan rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub. BMT Təhlükəsizlik Şurasının qətnamələrində birmənalı şəkildə işğalçı qoşunların çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən bu tələblərə hələ də əməl edilməyib. Lakin Ermənistan dərk etməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğal nəticəsində yaranmış status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər. Azərbaycan münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, həmçinin vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır. Qeyd edək ki, Zəngilan rayonu Kiçik Qafqazın cənub-şərqində, Arazın sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikası, cənubda və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 730 kavdratkilometr, əhalisi 40 min nəfərdən çox olan Zəngilan rayonu 25 il əvvəl-1993-cü il oktyabrın 29-da erməni işğalçıları tərəfindən zəbt olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytınnın məlumatına görə, Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli qızıl, ehtiyatları 6618 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 milyon ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min kubmetr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min kubmetr olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur. Vaxtilə Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 santimetr, hündürlüyü 8 metr, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 santimetr, hündürlüyü 20 metr, yaşı 120 il olan 1 ədəd şərq çinarı, həmin qəsəbədə diametri 100 santimetr, hündürlüyü 30 metr, yaşı 300 il olan 1 ədəd şərq çinarı, Zəmiyeri adlanan sahədə isə diametri 60 santimetr, hündürlüyü 12 metr, yaşı 160 il olan bir palıd ağacı pasportlaşdırılaraq qorunub. Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Essentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları var. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair faktları aşkarlayararaq dərc edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2018 11:05 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |