Demokratiya
Tarixin sonluğu barədə fəlsəfi mülahizələr bütün müxtəlifliyi ilə yanaşı cəmiyyətin təkamülə doğru getdiyini, eyni aqibətlə üzləşəcəyini qəbul edir. Hətta relativizm paradiqması özü özlüyündə bəşəriyyətin birləşməsini inkar etmir, mümkün sayır. Müxtəlif dinlərin, müxtəlif fəlsəfi məktəblərin cəmiyyətin təkamülü və birləşməsi barədə təsəvvürləri üst-üstə düşür. Ələxüsus, yaşadığımız qloballaşma əsrində planetimizn nə qədər kiçildiyini, insanların bir birinə nə qədər yaxınlaşdığını müşahidə edərkən, bunun danılmaz bir həqiqət olduğunu anlayırıq.
Bəşəriyyət əsasən iqtisadi maraqların toqquşmasından doğan iki dünya müharibəsinə qərq olduqdan sonra, Millətlər Liqası, BMT kimi universal təşkilatlar yarandı. Dünya Bankı, Ümumdünya Səhiyyə Təkilatı, Beynəlxalq Məhkəmə, Dünya Ticarət Təşkilatı və s. qurumlar tarixdə ilk dəfə ümumbəşəri problemlərin çözülməsi üçün yaradılan qlobal təşkilatlar idi. XX əsrdə yeni elmi kəşflər sayəsində elmi-texnoloji inqilab baş verdi ki, bu, tarixin gedişatını birdəfəlik dəyişdi. Komyuterlər, elektron avadanlıqlar, telekommunikasiyalar, kosmik texnologiyalar, təyyarələr, internet, nüvə silahı və s. dünyanı kiçiltdi. Hazırda insanlar nəinki iqtisadi və siyasi sərhədləri aşmaq istəyir, onlar həm də mədəni və mənəvi birliyə can atır. Vaxt və məkan sanki kiçilib, təhlükə isə böyüyüb.
Vaxtı ilə sırf Avropa protestantlarına məxsus edilən demokrayik quruluş getdikcə ümumbəşəri miqyasda ən optimal yol kimi təqdim olunmağa başladı. Demokratiya barədə fikirlər genişləndikcə XIX əsrdə demokratiya nəzəriyyəsi çərçivəsində iki paradiqma meydana çıxdı – liberalizm və sosializm. Artıq XX əsrdə demokratiyaya əsaslanan bu iki ictimai-siyasi konsepsiya beynəlxalq miqyasda geniş vüsət tapdı. Liberal-demokratiya XVII əsr burjua inqilabları və liberal xristianlıq ideyalarının yayılması nəticəsində doğan bir konsepsiyadır. Beləki, xristianlığa görə Tanrı insanı Özü kimi azad və yaradıcı yaradıb deyə, dövlət insanın bu xüsusiyyətlərinə şərait yaratmalıdır. Feodalizmə, mütləq monarxiyaya, “şah - qanundur” prinsipinə əks reaksiya olaraq yaranan liberal-demokratiya qarşısında hüquqi dövlətin və azad bazar iqtisadiyyatının qurulmasını qoyur. Hüquqi dövlətdə insanların konsesus əsasında qəbul etdikləri qanunlar əsasında tənzimlənməli və yaradılış etibarı ilə insanların malik olduğu hüquqların aliliyi təmin olunmalıdır. Eyni zamanda dövlət iqtisadiyyata nəzarət etməməli, insanlar öz bacarıqlarına müvafiq olaraq zənginləşib ya yoxsullaşmalıdırlar. Sosial-demokratiya isə qarşısında sosial rifah dövlətinin qurulmasını məqsəd qoyur. Allah ədalətli olduğu kimi, dövlət də ədalətli olmalı, vətəndaşların eyni səviyyədə yaşamasını təmin etməlidir. Müasir sosial-demokratiya marksizmlə xristian sosializiminin simbiozunu təşkil edir. Sosializmin əsas məqsədi hər bir vətəndaşın bərabərliyini və maddi rifahını təmin etməkdir. Bu baxımdan dövlət iqtisadiyyata müdaxilə etməlidir ki, cəmiyyətdə təbəqələşmə, zəngin-kasıb bölgüsü olmasın.
Həm sosializm həm liberalizm müasir dünyagörüşü kimi formalaşması ilə Karl Marksa borcludur. Əvvəlcə merkantilizm, sonra isə marksizmin təsiri altında həm liberalizm, həm sosializm “ilahiliyini” itirərək Bibliyaya deyil, insanın mənfəətpərəst təbiətinə əsaslanan konsepsiyalara çevirildi. Belə olduqda, sosialist quruluşu ilə kapitalist quruluşu eyni məqsədin fərqli üsullarla həyata keçirilməsini nəzərdə tutur. Təsadüfi deyil ki, bu gün Qərb ölkələrində “materializmləşmə” dedikdə, insanların kommunizmə üz tutması yox, maddi mənfəəti mənəvi dəyərlərdən üstün tutması nəzərdə tutulur.
“Gələcək axtarışında” kitabından çıxarışlar əsasında hazırlanıb (ardı var)