إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Şükr məqamı - Kumeyl duasının fəzilət və şərhi

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.

Şükür məqamı

Şükür məqamı haqq yolçularının çatmaq istədiyi ən dəyərli məqamlardandır. Bu məqama çatmaq çətin olduğundan ona nail olanlar çox azdır.

Mərhum Molla Məhəmməd Baqir Məclisi şükür haqqında deyir: «Şükür zahiri və batini nemətin etirafı, nemət sahibini tanımaq və neməti Onun göstərişinə uyğun sərf etməkdir».(«Ğurərul-hikəm», 153.)

İmam Sadiq (ə) buyurur: «Şükür bütün haramlardan çəkinməkdir».(«Ğurərul-hikəm», 151.)

Aşura gecəsi İmam Hüseyn(ə) xütbəsinin sonunda deyir: «Pərvərdigara, bizi şükür edənlərdən qərar ver».("Mustədrəkul-vəsail”, 1-130.)

Rağib İsfəhani deyir: Şükrün üç mərtəbəsi var: qəlb şükrü, dil şükrü və əməl şükrü. Qəlb nemət verəni və neməti tanıyır, dil etiraf edir. Neməti Allah buyuran yerlərdə sərf etmək isə əməli şükürdür.

İmam Sadiq (ə) buyurur ki, Musaya belə vəhy olundu: «Ey Musa, Mənə layiq olduğum kimi şükür et». Musa ərz etdi: «Pərvərdigara, şükrünü yerinə yetirdiyim nemət yoxdursa, şükür edən dili Sən əta etmisənsə Sənə layiq necə şükür edim?» Allah-Taala buyurdu: «Ey Musa! Şükür edən dilin də məndən olduğunu bilməklə şükrü yerinə yetirdin».(Ğurərul-hikəm”, 155.)

İmam Hüseyn (ə) ərəfə duasında ərz edir: «Əgər mən və nemətlərini sayan bütün insanlar yalnız bir nemətinin şükrünü yerinə yetirmək istəsək, Sənin tofiqin olmasa bacarmarıq».

Həzrət Davud (ə) belə ərz edir: «Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir nemətdir və ikinci bir şükrə ehtiyaclıdır ...» Allah buyurdu: «Ey Davud! Əgər hər bir nemətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən».

Yuxarıda deyilənlər dil şükrünə aid idi. Şükrün ən üstün mərtəbəsi isə əməli şükürdür. Həqiqi iman qazanmaq, saleh işlər görmək, gözəl əxlaqa sahib olmaq, bütün haramlardan çəkinmək əməli şükrün nümunələridir.

Maraqlı Bir Əhvalat

Səm ibn Əbdülməlik belə nəql edir: Minada Həzrət Sadiqin (ə) yanında əyləşib üzüm yeyirdik. Bu vaxt bir fəqir gəlib imamdan kömək istədi. Həzrət (ə) buyurdu ki, ona bir miqdar üzüm verin. Amma fəqir üzüm almaqdan imtina edib, pul istədi. İmam (ə) buyurdu: «Allahın əta etsin». Fəqir uzaqlaşıb, tez də qayıtdı və üzüm istədi. Həzrət (ə) buyurdu: «Allahın əta etsin».

Bu vaxt ikinci bir fəqir göründü. Həzrət (ə) bir salxımdan üç gilə üzüm qoparıb fəqirə uzatdı. Fəqir üzüm gilələrini alıb dedi: «Əlhəmdulillahi rəbbil-aləmin».

İmam (ə) ona buyurdu ki, səbir etsin, sonra hər iki əlini üzümlə doldurub ona verdi. Fəqirin yenidən şükür etdiyini görən İmam (ə) evində olan son iyirmi dirhəmi gətirib fəqirə verdi. Fəqir təkrar şükür edərək dedi: «Həmd olsun Allaha. Pərvərdigara bütün bu bəxşişlər Səndəndir, Sən təksən və şərikin yoxdur». İmam Sadiq (ə) otağa daxil olub köynəyini çıxartdı və gətirib fəqirə verdi. Fəqir dedi: «Həmd olsun o Allaha ki, mənə libas yetirdi». Sonra üzünü imama tutub «Allah sənə xeyir əta etsin»-deyə ərz etdi.("Biharul-ənvar”, 78- 208.)

Böyük alim və filosof Molla Möhsin Feyz Kaşani «Vafi» kitabında məsumlardan belə rəvayət edir:

Əgər namaz qılan şəxs namazını bitirdikdən sonra şükür səcdəsi edib, mehriban Allahın ona əta etdiyi nemətləri bir-bir xatırlayarsa, Allah-Taala mələklərə belə xitab edər: «Ey mələklər, bəndəm vacib namazını qılıb, mənə şükür etdi, onunla necə müamilə edim?» Mələklər deyər: «İstəklərini ver». Yenə xitab olunar ki, bəs sonra? Mələklər deyər: «Ona axirət qurtuluşu əta et». Xitab olunar ki, bəs sonra? Deyərlər: «Onun ruzisini artır». Allah-Taala bunu da əta edib yenə soruşar ki, bəs sonra? Deyərlər: «Ona saleh övladlar nəsib et». Nəhayət, mələklər «daha bir şey bilmirik» deyərlər. Allah-Taala buyurar: «O mənə şükür etdi, mən də ona təşəkkür edirəm və nemət qapılarını onun üzünə açıram».

Ardı var..





Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Yanvar, 2018  16:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!