إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İnsan özünü necə tanıya bilər?..

Bir olan Allahı (tövhid) və ölümdən sonrakı həyatı (məad) anlamaq mümkündürmü?

Cavab: Bundan ötrü bir neçə yol var və bu yolların ən mühümü insanın özü haqqında düşünməsidir.

Quran buyurur: "Biz öz qürət nişanələrimizi həm ətraf aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik.”("Fussilət”, 53. )

Bəs insan özü haqqında nə düşünə bilər? Bu düşüncələri iki qismə bölmək olar. İnsan ilk əvvəl öz vücudunun xüsusiyyətlərini düşünməlidir.

Biz kimik? − ilk sual bu olmalıdır. Azca araşdırmadan sonra görəcəyik ki, insan təkcə maddi cismdən ibarət deyil. İnsanı başqa yaranmışlardan fərqləndirən onun cismi yox, ruhudur.

Düşüncələrin ikinci qismini insanın "öz” aləminə, ruhunun dönəcəyi Allaha doğru səfər təşkil edir.

Bu düşüncələri səfərə çıxan dənizçinin düşüncələri ilə müqayisə etmək olar. O, əvvəlcə gəmi ilə, sonra isə gedəcəyi yol ilə tanış olur.

Demək, tövhid və məadla tanışlıq yolu insanın "mən”-indən keçir.

Allahı tanımaq üçün insan əvvəlcə özünü tanımalıdır. İnsan özünü necə tanıya bilər?

Həzrət Əli (ə) buyurur: "Özünü tanıyan Allahını tanımışdır"("Qurərul-hikəm”. )

Qeyd olunur ki, insan Allahı ya təfəkkür, ya da "hüzuri” yolla tanıya bilir. Hüzuri tanışlıq iki növdür. Birinci növ hüzuri tanışlıq əvvəlcədən insanın daxilində qoyulmuş qəlb və ya fitri tanışlıqdır. "Rum” surəsinin 30-cu ayəsində buyurulur:”Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.”

Hüzuri tanışlığın ikinci növü elə bir elmdir ki, Allah bu elmi yalnız layiq bəndələrinə əta edir. Quranda oxuyuruq: "Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, əminliklə inananlardan olsun.”("Ənam”,75. )

Bəli, insan özünü tanımaq üçün fitrətin nə olduğunu anlamalıdır. Fitrət isə müxtəlif üsullarla dərk olunur. Cəmiyyəti və tarixi öyrənmək, daxili meyllərlə tanış olmaq, vicdanın səsini dinləmək, səmavi kitaba və buyuruqlara müraciət etmək fitrətlə tanışlıq üsullarındandır. İnsan elmi şəkildə öz vücudunu öyrənməli, bu vücudda fəaliyyət göstərən qüvvələrlə tanış olmalı, nəfsini paklaşdırmalı, ayələr və rəvayətlər vasitəsi ilə suallarına cavab tapmalıdır.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Sentyabr, 2023  10:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!