Bəzi kitablarda Rəbiul-əvvəl ayının 9-nun mühüm gün olduğu bildirilərək həmin günün iki mühüm bayrama təsadüf etdiyi bildirilmişdir. Məşhur “Məfatihul-Cinan” kitabında bu gün bayram etmək və fəqirlərə ehsan etmək tapşırılmışdır. Bəzi hədislərdə isə bu günün o qədər üstün olduğu bildirilir ki, guya Allah-təala bu günün hörmətinə 3 gün heç bir günahı qeydə almır. Həmin günü hətta “İkinci Qədir günü”(Qədir Xum) də adlandırılmışdır.
Bəs görəsən bu gün nə baş vermişdir ki, Allah yanında bu qədər əzizdir və bayram edilməsi buyrulmuşdur?
Birinci bayram. Hz.Mehdinin(ə.f) imamətinin başlandığı gün. “Bəqər” bayramı adlanır. Bəqər açılmaq deməkdir ki, Hz.Mehdinin(ə.f) imamətinin açıldığı yəni başlandığı gün mənasını verir. Yəni Rəbiul-əvvəl ayının 9-u Hz.Mehdinin(ə.f) imamətinin birinci günüdür.
İkinci bayram. “Zəhra bayramı”(Eyduz-Zəhra) adlanır. Bayramın qeyd edilməsinə səbəb Əhli-Beytə(ə) müxalifliyilə tanınan ikinci xəlifə Ömər ibn Xəttabın bü gün vəfat etməsidir. Yəni Hz.Zəhraya(s.ə) zülmlər etmiş bu şəxsin vəfat etdiyi gün Əhli-Beyt(ə) tərəfdarlarıın şad günüdür. Bu səbəbdən bu gün bayram əhval-ruhiyyəsi hökm sürməlidir.
Bu məqaləmizdə istəyirik ki, bu bayramların nə qədər əsası olub-olmadığını araşdıraq.
Bəqər bayramı. Hz.İmam Həsən Əskərinin(ə) şəhadətə çatdığı gün barədə bir neçə rəvayət nəql olunmuşdur. Bəzi rəvayətlərdə onun Rəbiul-əvvəl ayının 1-də(Misbahi-Kəfəmi, c.2, səh.533, Buharul-Ənvar c.50, səh 335), bəzilərində 4-də(Məsar əl-Şiə səh28-29) və bəzilərində isə Rəbiul-əvvəl ayının 8-də(Kəmal əd-Din c.2, səh.473, Biharul-Ənvar c.50, səh.331,, c.52, səh.16 və Kitabi əl-Ğeybə səh.273) şəhid olduğu bildirilmişdir ki, ən mötəbəri elə sonuncu rəvayətdir. Yəni Rəbiul-əvvəl ayının 8-i İmam Həsən Əskərinin(ə) şəhadətə çatdığı gündür.
Həmin rəvayətlərdə bildirilir ki, İmam Həsən Əskərinin(ə) Rəbiul-əvvəl ayının 8-də Sübh namazının vaxtında, sübh namazını Hz.Mehdi(ə.f) ilə birlikdə əda etdikdən sonra şəhadətə çatmışdır. Yəni hələ Günəş çıxmamış Hz.İmam Həsən Əskəri(ə) şəhid olmuşdur. Gün isə Günəş çıxdıqdan sonra başlayır ki, bunun da mənası budur ki, Hz.Mehdinin(ə) imamətinin ilk günü Rəbiul-əvvəl ayının 8-dir, ayın 9-u yox. Rəbiul-əvvəl ayının 9-u Hz.Mehdinin(ə.f) imamətinin artıq ikinci gün hesab edilməlidir. Həmçinin Həvadis əl-Əyyam kitabının 82-də Hz.Mehdinin(ə.f) imamətinin ilk gününün Rəbiul-əvvəl ayının 8-də başladığı bildirilir. Sadəcə ola bilsin İmam Həsən Əskərinin(ə) şəhadəti günü bayram etmək düzgün olmadığından Hz.Mehdinin(ə.f) imamətinin başlandığı günü Rəbiul-əvvəl ayının 9-u qeyd edirlər.
Zəhra bayramı. Bu bayramın barəsində Əllamə Məclisi(r) Biharul-Ənvar kitablnda iki fərqli mənbələrə istinadən rəvayət zikr etmişdir ki, birinci istinadını Seyyid ibn Tavusun(r) oğlunun yazdığı “Zəvaid əl-Fəvaid” kitabına, digər itinadını isə Həsən bin Suleyman Hillinin “əl-Muhtəzər” kitabına etmişdir.
Çox uzun rəvayət olduğundan o rəvayəti burada qeyd etmirik amma məğzini açıqlayırıq. Həmin rəvayətə əsasən, Hz.İmam Həsən Əskərinin(ə) görüşünə gəlmiş şiələr onun bayram əhval-ruhiyyəsində olub nə üçün bayram etdiyini soruşurlar ki, İmam Zəkiyyul-Əskəri(ə) buyurur ki, bəs bilmirsiniz ki, bu gün bayramdır. Və Hz.Məhəmməddən(s) hədis rəvayət edərək buyurur ki, Hz.Məhəmməd(s), Hz.Əli(ə), İmam Həsən(ə) və İmam Hüseyn(ə) bir yerdə süfrə arxasında olan zaman Hz.Rəsuləllah(s) Həsəneynə(ə) xitabən buyurdu ki, nuş edin ki, bu gün bərəkət və səadət günüdür, bu gün Allah-təala düşmənini, Əhli-Beytin(ə) fironunu öldürmüşdür, ananızın duasını qəbul olunduğu gündür, şiələrinizin bütün əməlləri qəbul olunacadır...... Bu gün bayram ediləsi gündür və bu günün ehtiramına Allah-təala şiələrin 3 gün günahlarını yazmayacaq....... Ravi daha sonra deyir ki, bu rəvayəti eşidəndən sonra bu günü bayram etməyə başladım.
Əvvəla tarixdə ikinci xəlifə Ömər ibn Xəttabın Rəbiul-əvvəl ayında deyil, Zilhiccə ayında qətlə yetirildiyi məlumdur. Bunu hətta şiə alimləri də qəbul edirlər. Hətta Əllamə Məclisi(r) kiablarının birində belə yazır: “Ömərin Zilhiccə ayında qətlə yetirilməsi şiə alimlərinin arasında çox məşhur xəbərdir”. Şeyx Müfid(r) Ömərin qətlə yetirilməsi barədə Məsar əl-Şiə kitabında yazır: “Ömər ibn Xəttab Zilhiccə ayının 26-da zərbətlənmiş və ayın 29-da dünyasını dəyişmişdir”. İbn İdris Hilli isə Sərair kitabında yazır: “Ömər ibn Xəttab Zilhiccə ayının 29-da zərbətlənərək qətlə yetirilmişdir. Bəziləri səhvən bu hadisənin Rəbiul-əvvəl ayının 9-da baş verdiyini qeyd ediblər. Şeyx Müfid də Ömər ibn Xəttabın Zilhiccənin 29-da vəfat etdiyini bildirmişdir”.
Bundan başqa bütün tarixçilər, o cümlədən, İbn Səd, Təbəri, Yaqubi, İbn Xəyyat, Məsudi və başqaları Ömər ibn Xəttabın həlak olduğu günün Zilhiccə ayının sonunda baş verdiyini bldiriblər.
Rəvayətlərin hər iksinə nəzər etdikdə isə fərqin olduğunu görürük ki, birində deyilir ki, biz İbn Xəttab(Xəttabın oğu), digərində isə Əbil-Xəttab(Xəttabın atası) barəsində ixtilaf etdikdən sonra getdik Əhməd ibn İshaqın yanına.
Digər tərəfdən rəvayətin kimlər tərəfindən nəql edildiyinə nəzər saldıqda bir neçə ad müşahidə edirik ki, həmin şəxslərin adlarına şiənin “Rical” kitablarında rast gəlinmir.
Ən əsası isə rəvayətdə deyilir ki, bu gün Allah-təala şiələrin heç bir günahını qeyd etməz. Bu isə Qurani-Kərimin ayələrinə məsələn “Zərrə qədər pislik edən əvəzini alacaqdır”(Zilzal surəsi, ayə 8) ayəsinə ziddir. Quran-Kərimə zidd olan hədis isə qəbul edilmir və bunu Hz.Rəsulləlah(s) özü buyurmuşdur.
Bu rəvayətin digər zəif tərəfi odur ki, İmam Həsən Əskərinin(ə) yaşadığı mühitlə uyğun gəlmir. Belə ki, Hz.İmam Həsən Əskərinin(ə) yaşayış şəraiti çox ağır olmuşdur və onu daim nəzarətdə saxlayırdılar. İmamla(ə) bərabər şiələr də təqib olunurdular. Elə dövr idi ki, şiələr İmam Həsən Əskəriyə(ə) küçədə camaat içərisində salam belə verməzdilər. O ki qala evinə bir dəstə adam gedə və İmam Həsən Əskəri(ə) də Abbasilərin zalım xəlifələrinin gözü qarşısında açıq-aşkar Rəşidi xəlifələrindən birinin vəfat gününü bayram edə.
Bunlardan əlavə dövrümüzün böyük mərcei-təqlidi Ayətullah Şeyx Məkarim Şirazi Rəbiul-əvvəl ayının 9-u barədə belə buyurmuşdur: "Bəziləri Rəbiul-əvvəl ayının 9-u barədə deyirlər ki, bu gün pis əməllər qeydə alınmır. Bu sözlər yalan və qondarma sözlərdir. Çünki Qurani-Kərim ayələrinə ziddir. Məgər Allah-təala günah etməyə yaşıl işıq yandıra bilər? Çox da bu rəvayət kitablarımızda qeyd olunub. Qurana zidd olan bu rəvayəti gərək divara çırpaq(Hz.Məhəmədin(s) hədisində buyrulduğu kimi - Mənim adımdan sizə rəvayət edilən hədis əgər Qurana ziddirsə, çırpın divara). Çünki Qurana birbaşa ziddir. Dəli və uşaqdan başqa hamının günahları qeydə alınır".
P.S Oxuculardan bir daha rəvayəti qeyd edtmədiyimiz dolayından üzr istəyirik amma inanırıq ki, bununla belə Rəbiul-əvvəl ayının 9-u bayram etməliyik ya yox sualına cavab verə bildik.
P.P.S Bu gün tarixdə bir nəfər Əhli-Beyt(ə) düşmənin qətlə yetirilməsi sabit olmuşdur ki, bu da Kərbəlada İmam Hüseynlə(ə) vuruşan Yezid ordusunun başçısı Omər ibn Səddir. Omər ibn Səd İmam Hüseynin(ə) intiqamını almaq üçün qiyam etmiş Muxtarın adamları tərəfindən hicrətin 66-cı ilində qətlə yetirilmişdir.