إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu gecə "Leylətul-məbit" gecəsidir

Besətin 13-cü ili Zilhiccə ayının 13-də Hz.Məhəmmədlə(s) Yəsrib(Mədinə) şəhərinin nümayəndələri arasında “İkinci Əqəbə müqaviləsi” adlı müqavilə bağlanır. Yəsriblilər Hz.Rəsuləllaha(s) onların şəhərinə köçməyi təklif edirlər. Bununla onlar Rəsuli-Əkrəm(s) və Məkkə müsəlmanlarını himayə və müdafiə etməyi öz öhdəliklərinə götürürlər.

Müqavilə bağlanan gündən etibarən Məkkə müsəlmanları yavaş-yavaş Yəsribə köçməyə başlayırlar. Bundan xəbər tutan müşriklər başa düşürlər ki, İslam dini üçün artıq yeni bir mərkəz yaranmaqdadır ki, bu da onlar üçün böyük bir təhlükəyə çevriləcəkdir. Onların qorxusu bundan ibarət idi ki, Hz.Rəsulləllah(s) Yəsribə köçdükdən sonra müşriklərin ona və müsəlmanlara etdikləri zülmlərin intiqamını almaq fikrinə düşə bilər və buna görə də müşriklərlə müharibəyə qalxar. Hətta əgər müharibə etmək fikrinə düşməsə belə, Qüreyş qəbiləsinin ticarət karvanlarının hərəkət etdiyi Yəsrib şəhərinin yaxınlığından keçib Şam(Dəməşq) şəhəri ilə Məkkəni birləşdirən ticarət yolunu kəsə bilər.

Ehtimal olunan bu təhlükələrin qarşısını almaq üçn besətin 13-cü ili Səfər ayının sonunda Məkkə müşrikləri “Darun-nədvə”də yəni Məkkənin şura yığıncağında toplaşıb nə etməli olduqları barədə fikir mübadiləsi aparırlar. Həmin yığıncaqda bəziləri təklif edir ki, Məhəmməd(s) ya sürgün edilməli yaxud da həbs edilməlidir. Ancaq bu təklif yekdilliklə qəbul edilmədiyindən başqa təkliflər irəli sürülür ki, çox götür-qoydan sonra belə qərara alınır ki, Rəsuli-Əkrəmi(s) öldürsünlər. Ancaq onu öldürmək də asan iş deyildi. Çünki əgər onu öldürsəydilər, Bəni-Haşim tayfası sakit oturmayıb qatildən intiqam almaq üçün ayağa qalxacaqdı.

Nəhayət, müşriklər bu qərara gəlirlər ki, hər qəbilədən bir nəfər seçilsin və həmin adamlar gecə vaxtı Hz.Məhəmmədi(s) evində xəlvət qətlə yetirsinlər. Yalnız bütün qəbilələrin Hz.Məhəmmədin(s) qətlində iştirakı Bəni Haşimi qisasdan saxlaya bilərdi. Çünki bütün Məkkə ilə müharibəyə qalxmağa Bəni Haşimin nə qüvvəsi və nə cürəti çatmayacaq və yalnız qan bahasını almaqla kifayətlənəcəkdi. Və bu işə xitam veriləcəkdi.

Beləliklə, müşriklər bu sui-qəsdi Rəbiul-əvvəl ayının birinci gecəsi həyata keçirməyi qərara alırlar. Allah-təala Qurani-Kərimdə müşriklərin irəli sürdükləri hər üç təklifi açıqlayaraq buyurur: “(Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darun-nədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır”. Ənfal surəsi, ayə 30.

Vəhy mələyi Hz.Cəbrail(ə) nazil olub müşriklərin bu qərarını Hz.Rəsuləllaha(s) xəbər verir və bildirir ki, o öz doğma yurdu olan Məkkəni tərk edib Yəsribə getməlidir.

Bu təhlükəli məqamda Hz.Məhəmməd(s) Məkkədən çıxmaq üçün iz itirməli idi. Belə ki, Rəsuli-Əkrəm(s) Məkkəni tərk etdiyi gecə fədakar və şücaətli bir nəfər onun əvəzinə evində olmalı və yatağında yatmalı idi ki, müşriklər evi kəşfiyyat etdikdə Rəsuli-Əkrəmin(s) evdə olduğunu zənn etsinlər. Əgər onun evdə olmadığılnı anlasalar, şəhərin giriş və çıxışlarına adamlar qoyub onu oradaca qətlə yetirəcəklər.

Hz.Rəsuləllah(s) bu vəzifəyə Hz.Əlini(ə) təyin edir və buyurur: “Ya Əli, mənim yaşıl rəngli örtüyümü üstünə atıb, mənim yerimdə yatarsan. Allahın köməyi ilə sənə heç bir zərər dəyməyəcəkdir!”. Hz.Əli(ə) bu təklifin qarşısında yalnız bunu soruşur: “Ya Peyğəmbər(s) mən Sizin yerinizdə yatmaqla, Siz sağ qalacaqsınızmı?” Müsbət cavabı eşidən Hz.Əli(ə) şükr səcdəsi edir ki, İslam tarixində ilk şükr səcdəsi bu səcdə sayılır.

Hz.Əli(ə) Hz.Rəsuli-Əkrəmin(s) dediklərini canla-başla yerinə yetirir. Müşriklər gecə olan kimi Hz.Rəsuli-Əkrəmin(s) evini mühasirəyə alırlar. Səhərə yaxın əllərində qılınc Rəsuləllahın(s) evinə hücum edirlər. Evə daxil olan zaman Hz.Əlini(ə) Hz.Məhəmmədin(s) yatağında görüb bərk qəzəblənərək ondan soruşurlar: “Məhəmməd haradadır?” Hz.Əli(ə) cavablarında xəbərim yoxdur deyir və buyurur ki,  məgər Məhəmmədi mənə tapşırmışdınız ki, məndən də xəbər alırsınız? Elə iş gördünüz ki, o evini tərk edib getməli oldu.
Vəziyyəti belə görən müşriklər Hz.Əlini(ə) tutub Məscidul-Harama aparırlar və orada bir az sorğu-sual etdikdən sonra azad edirlər.

Bu hadisə tarixdə “Leylətul-Məbit” adı ilə düşmüşdür ki,  Qurani-Kərim həmin bu hadisəni tarixdə əbədi səbt edərək Hz.Əlini(ə) “Allah yolunda canını fəda edən” adlandırır: “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!” Bəqərə surəsi, ayə 207.

Əhli-sünnənin məşhur təfsir alimlərindən olan Sələbi öz təfsir kitabında bu ayənin nazil olma səbəbini belə nəql edir:

“Peyğəmbəri-Əkrəm(s) Mədinəyə hicrəti zamanı Əli ibn Əbi Talibi(ə) camaata olan əmanətlərini qaytarmaq üçün Məkkədə qoymalı oldu. Özü isə gecə yola düşmək istəyərkən, müşriklər tərəfindən evin mühasirəyə alındığını gördü və Əliyə(ə) onun öz yerində yatmağını göstəriş verib buyurdu: “Mənim yaşıl rəngli örtüyümü üstünə atıb, mənim yerimdə yatarsan. Allahın köməyi ilə sənə heç bir zərər dəyməyəcəkdir!” Əli(ə) də həzrətin göstərişinə əməl etdi.

Bu zaman Allah-təala Cəbrailə və Mikayilə vəhy etdi ki, mən sizin aranızda qardaşlıq peymanı bağladım və ikinizdən birinizin ömrünü uzatdım. İndi sizin hansı biriniz digərinin uzun ömürlü olmasını istəyir? Onların hər biri bunu özü üçün istədikdə, Allah-təala buyurdu: “Nə üçün siz Əli ibn Əbi Talib kimi deyilsiniz? Mən onunla Məhəmməd arasında qardaşlıq peymanı bağladım. O, Peyğəmbərin yatağında yatdı və onun həyatını öz həyatından üstün bildi. Yerə enin və onu düşmənlərdən qoruyun!” Onlar yerə endilər. Cəbrail Əlinin başı üstə, Mikail isə ayaq tərəfində durdu. Cəbrail dedi: “Afərin, afərin! Ya Əli, kim sənin kimi ola bilər?! Allah-taala mələklərin yanında səninlə fəxr edir!”

Peyğəmbər (s) Mədinəyə tərəf yola düşdüyü zaman bu ayə nazil oldu: ““İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!”

Sələbinin nəql etdiyi bu hədisi təfsilatı ilə Qəzzali “Əhyaul-ulum” (3-cü cild, səh. 237), Gənci “Kifayətut-talib” (səh. 114), İbn Səbbağ Maliki “Əl-füsulul-muhimmə” (səh. 33), Sibt ibn Covzi Hənəfi “Təzkirətul-xəvass” (səh. 21), Şəblənci “Nurul-əbsar” (səh. 82) kitablarında nəql etmişlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2012  00:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!