إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Möhsün Əraki: İslam insanları humanizmə, sülhə və əmin-amanlığa çağıran dindir - Foto

İslam həmrəyliyi təkcə müsəlman aləmində deyil, bütün dünyada sülhün və əmin-amanlığın bərpasına kömək edə bilər.

Bu fikir Tehranda keçirilən “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı konfransda səslənib

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, Avqustun 6-da Tehranda “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfrans keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq keçirilən konfransı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İran İslam Respublikasının İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyası, eləcə də Mədəniyyət və İslam Əlaqələri Təşkilatı ilə birgə təşkil edib.

“İslam Həmrəyliyi ili” çərçivəsində bir neçə xarici ölkədə tədbirlərin keçirilməsi nəzərdə tutulub və “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusundakı konfrans bu qəbildən ilk beynəlxalq tədbirdir. Konfransda İranın nüfuzlu din xadimləri, xarici işlər və mədəniyyət nazirliklərinin nümayəndələri iştirak ediblər.

Konfransı İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyasının baş katibi Ayətullah Möhsün Əraki açaraq, hazırki mürəkkəb tarixi mərhələdə İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, İslam insanları humanizmə, sülhə və əmin-amanlığa çağıran dindir. Bu dinin böyük tarixi var, bu tarixin öyrənilməsi olduqca vacibdir. Son zamanlar İslama qarşı qərəzli mövqe tutulması müşahidə edilir və İslam dinin adı terrorçuluqla bərabər çəkilir. Bu kimi qərəzli mövqelərin qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək və insanlara bu dinin mahiyyətini izah etmək lazımdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Burada müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar bərabər və mehribanlıq şəraitində yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev İslam dininə xüsusi əhəmiyyət verərək, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Bu il çərçivəsində Bakıda İslam Həmrəyliyi Oyunları keçirilib. Oyunlara qatılan İslam ölkələri bütün dünyaya həmrəylik nümayiş etdiriblər.

A.Paşazadə qeyd edib ki, Azərbaycan və İran xalqları bir-biri ilə qırılmaz tellərlə bağlıdır. Tarixən formalaşmış dostluq və qardaşlıq münasibətləri, ortaq dini dəyərlər, məzhəb birliyi dövlətlərin və xalqların daha da yaxınlaşmasına zəmin yaradır. Azərbaycanda “İslam Həmrəyliyi İli” qeyd edildiyi bir vaxtda İranda bir araya gəlməyimiz xüsusilə önəmlidir. Zəmanəmizin kabusuna çevrilmiş dini və milli zəmindəki ekstremizm, ksenafobiya, radikalizm, təkfirçilik, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı dönəmdə bəşəriyyətə nicat verəcək ideyaların varlığına ehtiyac duyulur. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın tarixi kökləri və milli irsinə söykənərək qlobal səviyyədə ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Prezident İlham Əliyev “Multikulturalizm İli”nin ardınca 2017-ci ili də “İslam Həmrəyliyi ili” elan edərək terrorçuluğa, milli və dini zəmində münaqişələrə həmrəyliklə qalib gəlmək ideyasını ortaya qoyub.

Qeyd olunub ki, Azərbaycan və İran xalqlarının yaxınlaşmasında, hər iki dövlətin mehriban şəraitdə yaşayaraq, əlaqələrini inkişaf etdirmələrində dövlət başçılarının rolu böyükdür. Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi görüşləri zamanı ictimai həyatın bütün tərəfləri ilə yanaşı, dini və mənəvi əlaqələrin də inkişafının yüksək səviyyəyə çatdırılmasını müzakirə ediblər.

İran prezidentinin andiçmə mərasiminə xüsusi dəvətlə qatılan Allahşükür Paşazadə çıxışında İran xalqının daha böyük nailiyyətlərə çatacağına inandığını bildirib. Əlavə edib ki, dost, qardaş xalqlarımız arasında dini-mənəvi, mədəni əlaqələrin inkişafı üçün biz mövcud imkanlardan istifadə edirik və bundan sonra da bu istiqamətdə səylərimizi davam etdirəcəyik. İranın mötəbər din xadimi Ayətullah-üzma Həmədaninin ötən il Azərbaycana səfəri bu sahədə əlaqələrin yaxınlığını göstərir. Azərbaycan dünyada nadir məkanlardandır ki, burada dini və milli ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda şiələr və sünnilər eyni məsciddə namaz qılırlar. Azan və bayram vaxtları ilə bağlı təqvim birliyi mövcuddur. Məhərrəm ayının təziyələrində hər iki məzhəbin davamçıları bir arada olurlar. Bu Azərbaycanın həyat tərzidir, dövlət başçısının vətəndaşlar üçün yaratdığı şəraitin bəhrəsidir. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev Təzəpir məscidində Məhəmməd Peyğəmbərin mövludunda iştirak edən, Bibiheybət məscidinə yeni həyat bəxş edən, Azərbaycanda İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət başçımız olub. Heydər Əliyevin sahəsində dini abidələr bərpa edilib, yeni məscidlər tikilib xalqın istifadəsinə verilib.

Bu gün Prezident İlham Əliyevin səyləri nəticəsində Təzəpir, Əjdərbəy, İçərişəhər və Şamaxı cümə məscidlərinə yeni həyat bəxş olunub. Azərbaycanın dini memarlıq ənənələrini əks etdirən Heydər Məscidi inşa edilib. Prezident İlham Əliyevin təbirincə desək: “Bizim dinimiz Azərbaycan xalqını qorudu, möhkəmləndirdi. Biz buna sadiqik”.

A.Paşazadə qeyd edib ki, ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan ən son həddədək beynəlxalq hüquq normalarına uyğun ədalətli sülhə nail olmaqda israrlıdır. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə İran dövlətinə təşəkkür edirik.

İranın keçmiş xarici işlər naziri Mənüçöhr Möttaki çıxış edərək, Azərbaycanda İslam dininə yüksək dəyər verildiyinin sevindirici hal olduğunu bildirib. Qeyd olunub ki, hər iki xalqın eyni dinə və məzhəbə mənsub olması əlaqələrin inkişafına böyük təkan verir. Xalqların milli adət-ənənələrinin də eyniliyi dövlətlərin yaxınlaşmasını şərtləndirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı nəzərə çatdırıb ki, müasir dünyanın elə bir regionu yoxdur ki, orada ekstremist qruplaşmalar tərəfindən terror aktları törədilməsin. Təəssüflər olsun ki, adətən bu terror aktları İslam pərdəsi altında gizlənən, amma əsl İslama heç bir aidiyyəti olmayan terrorçu dəstələr tərəfindən həyata keçirilir. Ən dəhşətlisi isə odur ki, bu cür hadisələrin qurbanı daha çox müsəlmanlar olmasına baxmayaraq, qınanan da məhz onlar olur. Ümumiyyətlə, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur.

Dünya xəritəsinə nəzər salsaq görərik ki, müsəlmanlar dünya əhalisinin təqribən 23 faizdən çoxunu təşkil edir. Həmçinin planetimizin quru sahəsinin 19 faizi müsəlman dünyasının ərazisindədir. Olduqca strateji əhəmiyyətə malik olan bu məntəqələr yeraltı və yerüstü sərvətlərlə zəngindir. Hazırda dünyada olan neft ehtiyatlarının təxminən 62, təbii qazın isə 60 faizi müsəlman ölkələrinin payına düşür. Bu isə onu göstərir ki, müsəlman ölkələri dünya siyasətində çox ciddi rol oynayır, odur ki, İslamın nüfuzdan salınmasında maraqlı olan dairələr var. Halbuki müsəlman ölkələrində terror törədənlərin İslam adı altında fəaliyyət göstərən və bəzi dairələr tərəfindən maliyyələşdirilən qruplar olduğu artıq heç kəsə sirr deyil.

M.Qurbanlı bildirib ki, bu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi bizim üçün qürurverici olmaqla yanaşı, dövlətimizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.

Tarixən Azərbaycanda etnik və dini icmalar arasında möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olub, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməyib. Odur ki, bir Şərq dövləti, müsəlman ölkəsi kimi Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təkcə İslam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün böyük önəm daşıyır. Bu istiqamətdə əldə edilmiş ən böyük uğur isə Bakıdakı “Heydər Məscidi”ndə məzhəbindən asılı olmayaraq, ölkə müsəlmanlarının bir araya gələrək eyni vaxtda, bir yerdə, bir sırada vəhdət namazı qılmasıdır. Bu hal ənənəyə çevrilərək bu gün digər məscidlərdə də tətbiq olunur.

Ölkəmiz üçün ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində biz digər müsəlman ölkələri kimi, İranın da dəstəyini həmişə hiss etmişik. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin Azərbaycan torpaqlarının işğalı ilə bağlı fikri açıq və konkretdir: “Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər”.

Bildiyiniz kimi, Azərbaycanın tarixi, əzəli torpağı Dağlıq Qarabağ və yeddi ətraf rayonu Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edilib. Ancaq Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymayaraq işğal etdiyi torpaqlarımızda əcdadlarımızın qəbirlərini, məscidlərimizi, tarixi-mədəni irsimizi dağıdıb. Xüsusilə işğal olunmuş ərazilərdə dini abidələr təhqir obyektinə çevrilib. Ermənistan tərəfindən qəsdən Şuşa və Ağdam məscidlərində İslam dininə görə haram və murdar olan heyvanlar saxlanılır. Münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, məcburi köçkün həyatı yaşayır.

Nəzərə çatdırılıb ki, İran ilə Azərbaycanın dostluğu iki millətin əlaqələrinin inkişafına imkan yaratmaqla yanaşı, ümumilikdə, müsəlman dünyasının bu gün çox ehtiyac duyduğu həmrəyliyə öz töhfəsini verə bilər.

Milli Məclisin komitə sədri, Azərbaycan-İran parlamentlərarası işçi qrupunun sədr müavini Eldar İbrahimov deyib ki, iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında ümummilli lider Heydər Əliyevin böyük rolu var. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1992-ci ilin avqust ayında İrana səfər edib və hərtərəfli əməkdaşlıq əlaqələrinin əsasını qoyub. Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev İran ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Məhz Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində İran ilə Azərbaycan arasındakı əlaqələr bugünkü yüksək səviyyəyə çatıb. Ötən il Azərbaycan Prezidentinin İrana rəsmi səfəri çərçivəsində enerji, gömrük, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı və digər sahələri əhatə edən 11 əməkdaşlıq sənədi imzalanıb. Ötən ilin avqustunda isə İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri dövlətlərimiz arasındakı iqtisadi və siyasi əlaqələrin yüksək perspektivinin olduğunu göstərir.

Azərbaycanda 450 İran şirkəti fəaliyyət göstərir. Azərbaycanda yaradılmış münbit investisiya mühiti İran şirkətlərinə daha geniş imkanlar yaradıb. Parlamentlərarası işçi qruplarının qarşılıqlı səfərləri və əldə edilən nəticələr iki dost və qardaş dövlət arasında bütün sahələr üzrə əməkdaşlığın gələcəkdə də davam edəcəyini deməyə əsas verir.

Azərbaycanın Rusiyadakı səfiri, UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu çıxışında bildirib ki, belə konfransların təşkili yalnız faydalı ola bilər. Bu fayda isə ondan ibarətdir ki, İslam dinini araşdıran alimlər bu dini doğru düzgün şəkildə insanlara çatdırırlar. İran və Azərbaycan xalqlarının eyni dinə mənsubluğu hər iki dövlətin beynəlxalq arenada həmrəylik nümayiş etdirmələrini və nümunə göstərmələrini əsaslandırır.

Öz fəaliyyəti haqqında məlumat verən səfir P.Bülbüloğlu İranın da UNESCO çərçivəsində fəal işlədiyini bildirib və xatırladıb ki, o, qurumun baş direktoru vəzifəsinə yeganə müsəlman namizəddir. P.Bülbüloğlu nəmizədliyinin İran nümayəndələri tərəfindən dəstəklənəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov çıxış edərək təbliğat məsələlərində informasiyanın əhəmiyyətindən danışıb. Nəzərə çatdırıb ki, İslam dini haqqında yayılan qərəzli məlumatların əsası yoxdur. İnformasiyadan istifadə edən bəzi siyasi dairələr insanların düşüncəsinə təsir edərək münaqişələr yaradır və öz maraqlarını güdürlər. Bu kimi halların qarşısını almaq üçün alim və mütəfəkkirlər istər mediada, istərsə də sosial şəbəkələrdə fəal olmalı, insanlara həqiqətin nədən ibarət olduğunu izah etməlidirlər.

Konfransda İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosasiyasının müşahidə şurasının üzvü, böyük islamşünas alim Axund Rəhbəri, Ayətullah Məhəmməd Təsxiri, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, İran İslam Respublikasının Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejat, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev, İmam Sadiq Universitetinin müəllimi doktor Derəxşe və başqaları çıxış edərək İslam həmrəyliyindən danışıblar.

Sonda İran İslam Respublikasının Ali Dini Rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Ayətullah Möhsün Qumi çıxış edib. Qeyd edib ki, İslam həmrəyliyi yalnız müsəlman aləmində deyil, bütün dünyada sülhün və əmin-amanlığın bərpasına kömək edə bilər. Xalqlar və dövlətlər dünyanın inkişafı prosesində daima əlaqədə olublar. Xalqların arasında düşmənçiliyin yaranması cahillikdən irəli gəlir. Həmrəylik bu münaqişələrin yaranmasının qarşısını ala biləcək bir vasitədir.

Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi ideyasını yüksək qiymətləndiriblər, bu ideyanın olduqca əhəmiyyətli olduğunu, müasir dünyanın məhz həmrəyliyə ehtiyac duyduğunu bildiriblər.

Sonra konfrans iştirakçıları arasında bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Konfransda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Avqust, 2017  11:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!