إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İrtidad və edam cəzası

İbtidai icma quruluşunda

Edam yaxud ölüm cəzası bu və ya digər cinayətə görə təqsiri sübuta yetirilən caninin hüquqi qaydada həyatdan məhrum edilməsinə deyilir. Edam demək olar ki, ən qədim cəza növlərindən biridir və tarixçilərin qənaətincə, hələ ibtidai icma quruluşu zamanı qisas məqsədilə icra olunmağa başlayıb. Yəni hələ dövlət və hüquqdan anlayışı olmayan qədim insanlar qətli ən ağır cinayət sayır və qatilin öldürülməsini ədalətin bərpası kimi dəyərləndirirdilər. Qatilin edam olunmaması qətlə yetirilmiş şəxsin ailəsi üçün rüsvayçılıq və zülmlə razılaşmağa bərabər idi. Dövlət və hüquq sistemi yaradıqdan sonra isə qan qisası adəti qanun halına düşmüş, edam hökmünün icrası isə dövlətə həvalə olunmuşdu. Dövlətin cəza fiunksiyası yarandıqdan sonra bu funksiyanı icra edən xüsusi orqanlar da təsis edilməyə başlanmış və artıq dövlət hakimiyyəti adından icra olunan edam cəzası başqalarına ibrət olsun deyə xalqın gözü qabağında həyata keçirilməyə başlanmışdır.

Dövlət və hüququn yaranmasından sonra

Dövlətin ərsəyə gəlməsi ilə edama səbəb olan cinayətlərin də sayı artmışdı. Hər xalqın formalaşdırdığı adət-ənənyə əsasən edam müxtəlif dərəcəli cinayətlərə görə tətbiq olunurdu. Bir sıra ölkələrdə xırda oğurluq belə ölümlə nəticələnə bilərdi. Qədim dövrlərdə din dövlət quruculuğunun əsasında oturuşduğundan dinlərdə nəzərdə tutulan edam hökmləri də dövlətin hüquqi sistemində yer alırdı. Bu proses əksinə də baş verirdi, yəni dövlət bu və ya digər cinayətə görə ölüm hökmünü dini göstəriş kimi qələmə verirdi. İnsan həyatı müqəddəs sayıldığına görə, insanın öldürülməsinin hansısa müqəddəs mənbələrə əsaslanması da təbiidir. Ümumiyyətlə, qədim zamanalarda edam hökmünün xarakteri və dini səbəbləri barədə danışmaq çətindir. Onu qeyd etmək olar ki, cəmiyyət hansısa dini əsaslarla yaşadığından cəmiyyətin qaydalarına zidd çıxan şəxs avtomatik olaraq dinə qarşı çıxmış olurdu. Elə Quran ayələrinə baxsaq, görərik ki, ilahi peyğəmbərlərin bir çoxu təkallahlığı təbliğ etdiyinə görə bütpərəstlər tərəfindən edama məhkum edilirdilər. Həmçinin, ilahi peyğəmbərlərlə yanaşı hər hansı bir dissidentin zalım hakimlərə qarşı çıxması, bütpərəstlər tərəfindən tanrıların təyin etdiyi hökmdara qarşı çıxmaq kimi qəbul olunurdu. Nəticə də, dissidentlər də edama məhkum edilirdi. Ölüm cəzasına səbəb olan digər amillər vətənə xəyanət, fərarilik, casusluq, dövlət çevirilişi, sabotaj, üsyan və s. idi. Bu da əksər hallarda dövlətin və hökmdrarın müqəddəsliyinə olan etiqadla bağlı idi. İnsanların özəl həyatı, namus, ailə münasibətləri də müqəddəs sayıldığına görə cinsi zorakılıq, zina, insest, qeyri ənənəvi cinsi münasibətlər və s. də mütləq ölümlə cəzalanmalı idi. Bəzi qanunlar da var idi ki, şəraitə uyğun olaraq onların pozulması bir dövlət üçün xüsusi əhəmiyyət daşıyırıdı, digər dövlət üçün isə yox. Məsələn, bəzi ölkələrdə rüşvət edamla cəzalandırılırdısa, digər ölkələrdə belə bir qanun yox idi. Yaxud bir müddət oğurluq baş alıb gedirdisə, oğrular öldürülürdü, oğurluğun səngiməsi isə bu cinayətə görə bu cəzanın tətbiqini dayandırırdı. Bir sözlə xalqların dünyagörüşü fərqli olduğu kimi, onların ölümcül saydığı cinayətlər də fərqli idi. Sadalanan amillərin sırf dini baxışlara görə ölümə səbəb olmasını iddia etmək də düz deyil. Fransa burjua inqilabından sonra ölkədə atezim elan olunsa da, əks-inqilabçıları gilyatina gözləyiridi. SSRİ, ABŞ və Çin-də edam hökmünün tətbiq olunmasını da misal çəkmək olar.

Yəhudilik və xristianlıqda

Orta əsrlərin sonundan  başlayaraq edam hökmünə səbəb olan cinayətlərin dairəsi tədricən daralmağa başladı. XVIII-XIX əsrlərdə bir sıra Avropa ölkələrində ölüm hökmünə mənfi münasibət yarandı. Bəzi ölkələr (Portuqaliya, Rumıniya, Hollandiya) edamı ümümumiyyətlə ləğv etdilər, digəriləri isə (İngiltərə, Fransa) yalnız dövlətçilik əleyhinə olan cinayətlərə görə ölüm cəzası tətbiq edirdilər. Bəziləri səhvən elə anlayır ki, edamdan imtina edən Avropa xrsitian olduğundan, xristianlıqda ölüm hökmü adlı bir şey yoxdur. Lakin, bir sıra Avropa ölkələrinin edam cəzasından imtina etməsi, əslində xristian dəyərlərindən üz çevirmələri ilə bağlı idi. Yəni Avropada uzun əsrlər boyu istənilən xırda cinayətə görə ölüm hökmünün icrası xristianlığın hüquqi sistemin əsasında durmasından irəli gəlirdi. Hətta rus tarixçiləri qeyd edirlər ki, Rusiya xristianlığı qəbul etməmişdən öncə slavyanlar hətta qatili öldürmürdülər, lakin yunan keşişlərinin səyi nəticəsində rus knyazları da edama hüquqi qüvvə verdilər.

Hüquq tarixinə Tövrat və İncil prizması ilə yanaşsaq, görərik ki, Həzrət Nuha(ə) kimi Allah qisası haram buyururdu(Habil və Qabil dastanının Tövrat versiyası). Lakin insanlar Allahın mərhəmətindən o qədər sui-istifadə edib fəsada batdılar ki, Allah dünyanı suya qərq edir , Nuhla birgə nicat tapmış insanlara isə yaradacaqları yeni ictimai düzəndə qatilin qətlini vacib buyurur.  Bundan əlavə, yəhudi və xristian hüququnda zina(nikahdan kənar cinsi əlaqə), irtidad (dinə xəyanət), qətl və sehrbazlıq kimi əməllərə görə edam cəzası geniş tətbiq olunur. Elə orta əsrlər inkvizisiya məhkəmələrini yada salaq. Neçə-neçə alim irtidad, müsəlmanların elminə yiyələnmə, cadugərlik və s. damğalarla qətlə yetirilmişdir. Müsəlman tarixi də edam hökmündən sui-istifadələr yan ötməyib. Bir sıra alimlər Nəsimi, Söhrəverdi və s.)  zəmanəsinin fəqihləri tərəfindən küfrdə ittiham olunaraq ölümə məhkum edilmişlər. Yaxud hansısa təriqət dindən çıxmış elan olunaraq onun tərəfdarları qətliama məruz qalırdılar(məsələn, sultan Səlim zamanı Anadolu şiələrinin soyqırımı).

Müsəlman fiqhində

Müsəlman hüququnun cəza sistemində edam hökmü var, vəbu danılmaz bir faktdr. Lakin ölüm hökmünün hansı cinayətlərə görə, hansı şəraitdə və hansı qaydada icra olunması bir qədər mübahisəli məsələdir. Ümumi olaraq, fəqihlərin(İslam hüququ üzrə mütəxəssislərin) ictihadına əsasən ölüm hökmü ilə bağlı məsələlər dəyişə bilər. Məsələn, narkotikanın satışına görə dini mənbələrdə(Quran və hədislər) ölüm cəzası nəzərdə tutlmayıb. Lakin narkotik vasitələrin yayılması katastrofik həddə çatıb cəmiyyətin sağlamlığını təhlükə altına atarsa, fəqih bu cinayətin ölümcül olmasına hökm verə bilər. Və yaxud evli qadınla zinaya görə dini mənbələrdə rəcm(daşqalaq) nəzərdə tutulubsa, fəqih daşqalağı digər edam üsulu ilə əvəz edə bilər. Edama məhkum edilmiş şəxs fəqih tərəfindən əfv edilə də bilər. İslam hüququ edam cəzasına maratorinin qoyulmasında da imkan verir. Həmçinin ölüm hökmünün verilib-verilməməsi qazinin(hakimin) qərarından da asılı ola bilər. Məsələn, bilərəkdən insan öldürən şəxsin durumundan və ya cinayətin səbəblərindən asılı olaraq qazi onun cəzasını yüngülləşdirmək hüququna malikdir. İslam hüququnda istənilən hökm istintaq və mühakimədən sonra verilməli, cəzanın icrası isə şəriət baxımından səlahiyyətli insanlara həvalə olunmalıdır. Bu isə dövlət mexanizmi olmadan  İslam cəza sisteminin tətbiqini mümkünsüz edir.

Müasir dünyada

Digər hüquq sistemlərində də ölüm hökmü yalnız istintaq və mühakimədən sonra verilə bilər. Adətən ölüm hökmünün verilməsi ilə icrası arasında apelyasiya şikayətinin verilməsi və məsələyə yenidən baxılması üçün kifayət qədər vaxt verilir. Dövlət orqanlarından savayı edam hökmünü hər kimsə icra edərsə, onun əməli qətl cinayəti sayılır. Ikinci dünya müharibəsindən sonra BMT Baş Assambleyası İnsan haqqlarına dair ümumi bəyannaməni qəbul etdikdən sonra bir sıra ölkələrdə edam hökmünün ləğvi və ya məhdudlaşdırılması tendensiyası başladı.  2007-ci ilin göstəricilərinə görə,  dünyanın 68 ölkəsində ümumi cinayətlərə görə, 10 ölkəsində isə hərbi cinayətlərə görə ölüm hökmü nəzərdə tutulur. Dünyanın 30 ölkəsində müxtəlif cinayətlərə görə ölüm hökmü nəzərdə tutulsa da, cəzanın icrasına maratori qoyulub, 89 ölkə isə ümumiyyətlə edamdan cəza kimi imtina edib. Ölüm hökmü əsas etibarı ilə dövlət təhlükəsizliyi, terrrorizm, dövlətə xəyanət, qətl, insan alveri, narkotik maddələrin yayılması ilə bağlı cinayətlərə görə verilir. Ölüm cəzasının cinayətlərin qarşısını almaqda nə qədər effektiv olub-olmaması barədə mütəxəssislər fikir ayrılığındadır və bu məsələ günümüzdə də müzakirə olunmaqdadır.

Fiqhi baxımdan irtidad

İslam cəza sistemi bir sıra ağır cinayətlərə görə edam hökmü nəzərdə tutulması müxaliflər tərəfindən bir o qədər müzakirə olunmasa da, Qərb ölkələrində ümumiyyətlə cinayət sayılmayan əməllərə görə ən yüksək cəza növünün tətbiq olunması diqqət mərkəzindədir. Ələlxüsus, irditad(dindən çıxma) kimi günaha görə ölüm hökmünün verilməsi İslam dininin tolerant olmamasına, dözümsüzlüyü təbliğ etməsinə dəlil kimi göstərilir. Bir müsəlmanın dinindən imtina etməsi niyə cinayət sayılmalı, cinayət sayılsa da niyə edamla cəzalandırılmalıdır? Bu məsələyə aydınlıq gətirməzdən öncə, irtidadın tərifini verək.

“Rədd” kökündən yaranmış irtidad kəlməsi müsəlmanın İslam dinindən imtina etməsinə, mürtəd isə bu işi görənə deyilir. Şəriətə görə mürtədlər iki növə bölünür – fitri və milli. Valideyini müsəlman olan bir şəxs həddi- buluğa çatdıqdan sonra müsəlman olduğunu bildirərsə və bundan sonra İslamdan imtina edərsə fitri mürtəd sayılar. Valideyini qeyri-müsəlman olan bir şəxs həddi-buluğa çatdıqdan sonra müsəlman olduğunu elan edib sonra İslamdan imtina edərsə, milli mürtəd sayılar. Bir sözlə, şəriət əvvəlcədən müsəlman olan şəxsin İslamdan çıxması ilə müsəlmançılığı qəbul edib sonra ondan imtina edən arasında fərq qoyur. Qurani-Kərim (Nəhl:106) mürtədin Cəhənnəm əzabına düçar olacağını xəbər versə, onun şəriətlə cəzalandırlmasından söz açmır. Mürtəd kişi üçün edam, qadın üçün isə ömürlük həbs cəzası barədə məlumat hədis və rəvayətlərdə yer alıb. Hədis və rəvayətlər(əxbar) Qurandan sonra İslam hüququnun ikinci mənbəsi sayıldığından, mürtəd barədə qeyd olunan cəzaların tətbiq olunması əksər fəqihlər tərəfindən dəstəklənir. İrtidad qrup şəkilində baş verərsə, mürtəd olan qrupa qarşı edam cəzası tətbiq edilməz. Edama yalnız fərdi qaydada dindən imtina edən kişilər məhkum oluna bilərlər. Bundan əlavə, Allah bütün bəndələrinin üzünə tövbə qapılarını açıq qoyduğuna görə, mürtədin də tövbə etmək haqqı var. Bəzi alimlər fitri mürtədin tövbə etməsini onun barəsində çıxarılan ölüm hökmünün ləğv edilməsini əsas saymırlar. Sadəcə olaraq, fitri mürtəd tövbə edərsə onun müsəlman kimi dəfn olunması vacib olar. Lakin milli mürtədin tövbəsi onun edamdan qurtulmasına əsas sayıla bilər. Bəzi fəqihlər milli və fitri mürtəd arasında heç bir fərq qoymadan, hər ikisinin tövbəsinin onlar barədə çıxarılan edam hökmünün ləğvinə əsas sayırlar. Bu ixtilaflı məsələdə kompromis yolu olaraq, mürtədin əfv olunub-olunmamasını şəriət baxımından hakimiyyəti legitim sayılan hakimə(dövlət başçısının) həvalə olunur. Müasir fəqihlərin az bir hissəsi edam hökmünün məsum tərəfindən icra olunmasının tərəfdarı olduğundan, mürtəd barəsində də bu qərarın verilməsinin əleyhinədirlər.

Tarixi aspekt

İrtidadın ölümcül cinayət sayılmasının bir neçə əsası var ki, onlardan birincisi tarixi hadisələrlə bağlıdır. Həzrət Peyğəmbərin(s) vəfatından sonra müsəlman camiyəsi “dindən çıxanlar” böhranı ilə üzləşmişdi. Müsəlmanlar arasında bu təfriqə cahiliyyət dövründəki dini və etnik zəmində münaqişələri yenidən gündəmə gətirmişdi. Dindən imtina edənlərin əksəriyyəti Peyğəmbərin(s) Məkkə fəthindən sonra müsəlman olmuş bəzi qəbilə başçıları idi. Onların İslamı qəbul etməsi ağıl üzündən deyil, sadəcə olaraq yeni dini qəbul etməklə Peyğəmbərdən(s) imtiyaz ummalarından irəli gəlirdi. Təbii ki, bu imtiyazlar onlara verilmədiyindən, onlar dindən xaric olmağı qərara alırdılar. Bunun nəticəsində onların başçılıq etdiyi bütün qəbilə kafir olurdu. Qeyd etməliyik ki, bu insanların əsasən Peyğəmbərin(s) ömrünün son vaxtlarında dinə gəlməsi səbəbindən həmin qəbilələrə dinin əsaslarını başa salan təbliğatçılar göndərilməsinə vaxt olmamışdı. Odur ki, bir sıra qəbilələr zahirən müsəlman olsalar da, dini göstərişlərə əhəmiyət vermirdilər. Elə İslamı tanımamaq nədənindən yeni müsəlman olmuş qəbilələr digər təhlükə ilə də üzləşmişdilər. Onların başçıları Peyğəmbər(s) vəfat etdikdən sonra özlərini yeni peyğəmbər elan etmiş və bununla da müsəlmanlara rəhbərlik edə biləcəklərini düşünürdülər. Qurani-Kərimin peyğəmbərliyin sona çatdığını elan etməsindən bixəbər müsəlmanlar isə onlara inanırdılar. Bu səbəbdən ümmətin parçalanmasına, hələ bərkiməmiş müsəlman cəmiyyətinin vəhdətini qorumaq məqsədilə müsəlmanları cahiliyyə dövrünə sürükləyən qəbilə başçıları və yalançı peyğəmbərlərə qarşı sərt mübarizə aparılırdı. Sonrakı illərdə də bütün müsəlman dövlətlərinin pis-yaxşı dini əsaslarla söykəndiyini nəzərə alsaq, İslam əleyhinə təbliğatın həm də birbaşa dövlətçiliyə və ictimai sabitliyə qarşı yönəldiyini də görərik.

Müasir dönəmdə irtidad

Günümüzdə, din əksər hallarda dövlət idarəçiliyinin əsasında oturuşmasa da(sekulyarizm), dövlətqurucu və cəmiyyətqurucu güc kimi qalmaqdadır. Xüsusən, müsəlman xalqları dini kimlikləri əsasında özlərini İslam sivilizasiyasının mənsubları saymaqla yanaşı, milli istiqlaliyyətlərinin qorunmasını müqəddəs və ilahi bir vəzifə bilməkdədirlər. Ona görə sivilizasiyalar münaqişəsi əsrində, həmçinin qloballaşma fonunda müsəlman xalqların digər mədəniyyətlərdə assimilyasiya olması təhlükəsi yaşandığı bir zamanda, dini dəyərlərin qorunması böyük əhəmiyyət kəsb edir. Modernləşmə şüarı altında müsəlman toplumlarında vesternizasiya siyasətini yürüdən böyük dövlətlər ilk olaraq dini inancları hədəfə alırlar. İslam heç zaman modernləşməyə zidd olmayıb. Bundan əlavə, yenilənmə və tərəqqi İslam dinini digər əqidələrdən fərqləndirən özəl xüsusiyyətdir.

Tarixə nəzər salsaq, görərik ki, xilafət ərəb imeriyasına çevirildiyi dönəmdə belə qeyri-ərəb xalqların milli kimliyinin qorunmasına şərait yaradır, eyni zamanda İslam müxtəlif etnik qrupların elmi-mədəni inkişafına təkan verirdi. Bir neçə ölkəni çıxmaq şərtilə islamlaşma heç zaman ərəbləşmə anlamına gəlmirdi. Müasir imperiyalar isə modernləşmə dedikdə inkişafı deyil, onların mədəniyyətlərinin mənimsəməsini nəzərdə tutrlar. Bu isə istər Qədim Romada, istər viktorian Britaniyasında, istər çar Rusiyasında, istər kommunist Rusiyasında, istərsə də Qərbin hegemonluğu ilə səciyyəvi müasir birqütblü düzəndə adi hal sayılır. Vaxtı ilə SSRİ də sovet respublikalarının tarixini təhrif edib milli mədəniyyətlərini aradan aparmaq istəyəndə müasirləşmə siyasəti yürütdüyünü bildirirdi. İstənilən imperiya uzunömürlüyünü təmin etmək istəyirsə, mədəni homogenlik üzərində qurulmalıdır. Bunun üçün isə istila etdiyi xalqların mədəniyyətini, dinlərini, müqəddəsatını aşağılamalı, tənqid və təhqir etməlidir. Əksinə, onlar öz mədəniyyətlərini daha üstün və bəşəriyyətə nicat verəcək yeganə təlim kimi qələmə verməlidir. Nə üçünsə Qərb ölkələrində korporativizm və “bank terroru” əleyhinə çıxış edənlərə qarşı zorakılıq və yaxud multikulturalizm siyasətindən imtina, heç də tolerantlıq prinsipinin pozulması kimi təqdim olunmur. Əksinə, Qərb ölkələri öz daxillərində qərb dəyərləri əleyhinə çıxanlara qarşı mübarizəni sərtləşdirdikcə, təsir altına salmaq istədikləri ölkələrin öz dəyərlərini qorumaq cəhdini modernləşməyə zidd adlandırırlar.

Bunu nəzərə alaraq, müasir müsəlman cəmiyyətlərində irtidadın haradan qaynaqlandığını və hansı məqsədlərə xidmət etdiyini anlamaq olar. Bu səbəbdən, irtidad İslamda ali cəza növü ilə cəzalandırılır. Lakin istisna deyil ki, hansısa fərd İslamdan imtina etməklə yuxarıdakı məqsədlərə xidmət etməsin. Ona görə də, yuxarıda qeyd olunduğu kimi, İslam hüququ edam hökmünün verilib-verilməsini, edama məhkum olunmuş şəxsin əfv olunub-olunmamasını fəqihlərin öhdəsinə qoyur.


Samir Pənahov

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2012  00:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!