إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İranda Azərbaycan mədəniyyəti günləri başlayıb - Foto

İyulun 3-dən 9-dək İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Bununla əlaqədar İranda səfərdə olan Azərbaycanın Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İranın mədəniyyət və islam irşadı naziri Salehi Əmiri ilə görüşüb.

Ahlibeyt.az-n nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, Əbülfəs Qarayev Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün yaradılan şəraitə görə İran tərəfinə təşəkkürünü bildirərək son illər iki qonşu və dost ölkə arasındakı münasibətlərin inkişafından danışıb.

Qeyd olunub ki,hər iki dövlətin başçısı regionda sülhün və əmin-amanlığın qorunub saxlanılması üçün çox ciddi səylər göstəriblər. Beynəlxalq təşkilatlarda bir çox məsələlərdə iki dövlətin vahid mövqedən çıxış etməsi milli maraqlara uyğundur və səmərəlidir. Buna misal olaraq ermənilərin lavaş çörəyini mənimsəmək istəyinin qarşısının alınmasını göstərmək olar. Bu məsələ ilə əlaqədar İran və Azərbaycan UNESCO-da vahid mövqedən çıxış edərək sübut etdilər ki, lavaş bişirmək ənənəsi ermənilərə məxsus ola bilməz. Bu ənənə regionda yaşayan xalqlara məxsusdur.

Nazir bildirib ki, hər iki xalq eyni dinə, adət ənənəyə və tarixi köklərə malikdir. Bu amillər xalqların yaxınlaşmasını şərtləndirən amillərdir.

Əbülfəs Qarayev deyib ki, digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də ölkələrimiz arasında sıx əlaqələr mövcuddur. Teatr, kino, nəşriyyat işi üzrə əlaqələr inkişaf edir. Azərbaycanda bir sıra filmlər İran aktyorlarının və mütəxəssislərinin iştirakı ilə ərsəyə gəlir.

İranda keçiriləcək Azərbaycan mədəniyyət günləri çərçivəsindəki tədbirlərdən danışan nazir nəzərə çatdırıb ki, Tehran, İsfahan, Ərdəbil şəhərlərində teatr tamaşaları, filmlər, konsert proqramları nümayiş olunacaq, fotosərgilər açılacaq. “Mədəniyyət günlərinin qarşılıqlı şəkildə keçirilməsi xalqların bir-birini daha yaxından tanımasına, təmasların qurulmasına imkan yaradır. Hər il Novruz bayramında İran vətəndaşlarının Bakıya gələrək bayramı Azərbaycanın paytaxtında qeyd etmələri təsadüfi xarakter daşımır. Azərbaycan xalqı ilə eyni adət-ənənəyə malik olan iranlılar Bakıda özlərini daha rahat hiss edirlər. Xalqların yaxından tanış olması mədəni əlaqələrin inkişafı üçün əlavə stimul yaradır”, - deyə nazir vurğulayıb.

Nazir Azərbaycanda mədəniyyətə göstərilən dövlət qayğısından da danışıb, o cümlədən mədəniyyət günlərində nümayiş olunacaq filmlərin dövlətin vəsaiti ilə çəkildiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, Azərbaycan hər il müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir və ölkəmiz bu tədbirlərdə İranı diqqətdən kənarda saxlamır. Ənənəvi muğam festivalında, sərgilərdə, beynəlxalq əhəmiyyətli konfranslarda İran həmişə dəvət edilir və təmsil olunur.

May ayında Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarında İran böyük nümayəndə heyəti ilə iştirak edib. İran idmançıları da bu yarışlarda 100-ə yaxın medal qazanıblar. Bununla yanaşı, yarışlar zamanı Bakıda müxtəlif iştirakçı ölkələrin təqdimatı üçün şərait yaradılıb. Bu fürsətdən yararlanan İran özünün mədəniyyəti, turizm potensialı, iqtisadiyyatı və digər sahələrini təqdim edərək geniş təbliğat işini həyata keçirib.

Nazir ötən il isə Bakıda İran filmləri həftəsinin keçirildiyini də xatırladıb. Qeyd edib ki, İran istehsalı olan ekran əsərləri Azərbaycanın mədəniyyət adamları arasında ciddi maraq doğurdu. Hər gün nümayiş olunan filmlərə ictimaiyyətin bütün nümayəndələri baxmağa gəlirdilər. Azərbaycan ilə İran İSESCO və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də yaxından əməkdaşlıq edirlər.

Əbülfəs Qarayev deyib: “Bu gün İran ilə Azərbaycanın mədəni əlaqələrini elə yüksək səviyyəyə çatdırmaq lazımdır ki, gələcəkdə hər iki ölkənin gəncləri bundan istifadə edərək xoş münasibətləri qoruyub saxlasınlar və inkişaf etdirsinlər”.

Qeyd olunub ki, gələn il Azərbaycanda İran mədəniyyəti günlərinin də keçirilməsi mümkündür və tədbirlər təkcə Bakı şəhərində deyil, Gəncə, Qəbələ və digər şəhərlərdə reallaşa bilər.

İranın mədəniyyət və islam irşad naziri Salehi Əmiri ölkəsində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün bütün şəraitin yaradıldığını bildirib. Nəzərə çatdırıb ki, Azərbaycan İranın yaxın qonşusudur və dost dövlətdir. İran Prezidenti hər zaman Azərbaycanın bir qonşu və dost kimi İran üçün əhəmiyyətli olduğunu vurğulayıb. İranlı nazir əlyazmalar və kitab nəşri sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu vurğulayıb. Qeyd edib ki, İranın kitabxanalarında qədim əlyazmalar var və bunların birgə araşdırılması yeni tarixi faktları ortaya çıxarar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyul, 2017  13:07 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!