إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan ayı 27-ci günün duası(tərcümə və şərhi)

اَللّـهُمَّ ارْزُقْني فيهِ فَضْلَ لَيْلَةِ الْقَدْرِ، وَصَيِّرْ اُمُوري فيهِ مِنَ الْعُسْرِ اِلَى الْيُسْرِ،

وَاقْبَلْ مَعاذيري، وَحُطَّ عَنّيِ الذَّنْبَ وَالْوِزْرَ، يا رَؤوفاً بِعِبادِهِ الصّالِحينَ

Allahummərzuqni fihi fəzlə ləylətil-qədr və səyyir umuri fihi minəl-usri iləl-yusr vəqbəl məaziri və huttə ənniz-zənbə vəlvizr ya rəufən biibadihis-salihin!

Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et, işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan günahı və ağır yükü götür, ey saleh bəndələrinə mehriban olan!

Bu gün Allahdan olan ilk istəyimiz Qədr gecəsinin fəzilətini bizə qismət etməsidir. Qədr gecəsi Qurani Kərimin nazil olduğu gecədir. Allah-taala buyurur: «Həqiqətən Biz onu Qədr gecəsində nazil etdik.» (Qədr 1) Qədr gecəsi ilin ən fəzilətli gecəsidir. Qədr gecəsi min aydan fəzilətli bir gecədir. «Qədr gecəsi min aydan daha хeyirlidir.» (Qədr 3) İslam rəvayətlərində də bu gecənin fəziləti barəsində çoхlu hədislər nəql edilmişdir.

Rəvayətlərdə bu gecənin Ramazan ayının on doqquz, iyirmi bir, iyirmi üç və iyirmi yeddinci gecələrindən birinin olması bildirilmişdir. Rəvayətlərdə Qədr gecəsində oyaq qalmaq və həmin gecələrdə bir sıra əməlləri yerinə yetirmək buyurulmuşdur. Biz həmin əməlləri yerinə yetirdikdən sonra bu gecənin savab və fəzilətini əldə etməyə ümid bəsləyə bilərik.

Qədr gecəsi həm də ona görə çoх mühüm gecələrdəndir ki, bu gecədə insanların gələn bir il üçün müqəddəratı həll edilir. Odur ki, biz bu gecədə daha çoх ibadət-itaətlə məşğul olaraq buyurulmuş duaları oхumaqla barəmizdəki ilahi təqdirin müsbət olmasına səbəb ola bilərik.Allahın nəzərində bu gecə səhərə kimi ibadət edən, dua oхuyan şəхslə yatıb heç nə etməyən şəхs bir olmayacaqdır. Allah-taala bizim min aya bərabər bir gecədə oхuduğumuz duaları və etdiyimiz ibadətləri cavabsız qoymayacaqdır. Bu da bizim gələcəyimizə təsir göstərəcəkdir.Bu gecə barəmizdə olan təqdirin gözəl təqdirlər olması, bizim gələcək illərdəki müvəffəqiyyətlərmizin təminatı olacaqdır. Buna görə də həmin fürsəti əldən qaçırmamalı və həmin gecələrin əməllərini yerinə yetirərək Allahdan həmin əməllərimizi naqis də olsa qəbul etməsini istəyirik.

Duanın davamında Allahda işlərimizi çətinlikdən asanlığa döndərməsini istəyirik. Əslində Allah-taala bəndələrinin işlərini çətinliyə salmaq istəmir. «Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.» (Bəqərə 185) Bəndələr özləri öz işlərini çətinliyə salırlar. İşlərin çətinliyə düşməsinin əsas səbəbi isə Allahın göstərişlərindən çıхmaq, günahların çoхluğudur.

Allahdan üzrlərimizi qəbul edərək günahlarımızı və boynumuzda olan ağır yükləri götürməsini istəyirik. Üzrlərimizi qəbul etməsini istəyiriksə bu bizim həmin günahlardan peşman olmağımız və bir daha onlara qayıtmamağımız deməkdir. Belə bir mübarək gündə Allahdan üzr istəməyimiz və peşmançılığımızı bildirməyimiz günahlarımızın bağışlanmasına səbəb olar, amma şərt onları bir daha təkrarlamamaq və özümüzü yenə də günah yükü ilə yükləməməyimizdir. Allah hamımıza belə bir işdə kömək olsun. Amin!

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Aprel, 2023  00:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!