إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Prezident İlham Əliyev Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirak edib

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib.

Ahlibeyt.az-ın president.az-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Sammitin keçirildiyi Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sammit “Qurani-Kərim”oxunuşu ilə başlayıb.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Sammitdə iştirak edən dövlət və hökumət başçılarını salamlayaraq İslam ölkələri arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq bu Zirvə görüşünün əhəmiyyətinə toxunub.

Sammitdə iştirak edən ABŞ Prezidenti Donald Tramp ilk növbədə ekstremizmlə mübarizənin vacibliyini vurğulayıb. O, ABŞ-ın müharibənin deyil, sülhün tərəfdarı olduğunu bildirərək ekstremizmin və terrorizmin bütün təzahürləri ilə mübarizədə hələ çox iş görülməli olduğunu, İŞİD terror qruplaşmasının maliyyələşməsinə son qoymağın vacibliyini diqqətə çatdırıb.

Sammitdə çıxış edən İslam ölkələrinin liderləri artıq qlobal xarakter alan terror hücumlarına qarşı birgə mübarizənin vacibliyini vurğulayaraq, bu sahədə bütün ölkələrin əməkdaşlığının strateji əhəmiyyət daşıdığını bildirdilər. İslam aləmindəki münaqişə ocaqlarının dünyada təhlükəsizliyi təhdid etdiyini deyən dövlət başçıları sülhün bərqərar olması istiqamətində tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkdilər. Onlar dinlərarası münaqişəyə son qoyulmasının da önəmini vurğuladılar. Bu sahədə bütün müttəfiqlərlə səmərəli əməkdaşlığın tərəfdarı olduqlarını bildirərək cəmiyyətlərdə maariflənmə işlərinin aparılmasının əhəmiyyətinə toxunulub. Vəziyyətdən çıxış yolu kimi ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsinin tərəfdarı olduqlarını bəyan ediblər.

Qeyd edək ki, Sammit “Birlikdə güclüyük” devizi altında keçirilib. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 May, 2017  12:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!