إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İmam Hüseynin(ə) ilk zəvvarı kim olub?

Hz.Məhəmmədin(s) səhabəsi olan Cabir ibn Abdullah Ənsari ilk şəxsdir ki, İmam Hüseyni ziyarət etmişdir və eyni zamanda İmam Hüseyni(ə) Ərbəində ziyarətinin əsasını qoymuşdur.

Yazırlar ki, İmam Hüseynin(ə) və əshabının şəhadət xəbəri Mədinəyə çatan zaman, iki gözü də korlaşmış Hz.Rəsuləllahın(s) səhabəsi Cabir ibn Abdullah İmam Hüseyni(ə) ziyarət etmək qəsdilə Mədinəni tərk edir.

Cabirin yol yoldaşı alim və müfəssir Ətiyyə bin Səd bin Cunadə Ufi Kufi (bəziləri Ətiyyəni səhvən Cabirin nökəri adlandırırlar. Əslində isə Ətiyyə dövrünün böyük alimi və Cabirin dostu olub) olmuşdur.

Ətiyyə Ufi nəql edir: “Mən Cabirlə bir yerdə İmam Hüseyni (ə) ziyarət etməyə getdim. O zaman ki, Kərbəlaya çatdıq, Cabir Fərat çayına getdi və qüsl aldı. Dəsmalın birini belinə bağladı və o birisinə də çiyninə atdı. Sonra özü ilə gətirdiyi kisəni açdı və ətirlə özünü ətirləndirdi. Sonra isə İmam Hüseyn (ə) hərəminə tərəf hərəkət etdi. Allahın zikri ilə məşğul idi, özünü qəbirə çatdırdı. Dedi: “Məni Hüseynin (ə) qəbrinə çatdır ki, onu hiss edim”. Əlini tutdum və qəbirə tərəf apardım. O zaman ki, əli İmam Hüseyn (ə)  türbətinə dəydi, şiddətli üzüntüdən özündən getdi və qəbrin üstünə düşdü. Mən onun üzünə su tökdüm və özünə gəldi. Üç dəfə dedi: “Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!” Sonra dedi: “Məgər dost, dostun cavabını verməz? Necə cavab verəsən ki, qan boğazından çiyninə və sinənə axmışdı. Başınla bədənin arasına ayrılıq salmışdı. Mən şəhadət verirəm ki, sən ən yaxşı Peyğəmbərin (s) övladı və möminlərin sərvəri, təqva nümunəsi, Kəsa səhabələrinin beşincisisən. Möminlərin qəlbi bu ayrılıqdan yandı, onlar şəkk etmirlər ki, sən sağsan. Allahın salamı olsun sənə. Şəhadət verirəm ki, sənin dastanın Həzrət Yəhya ibni Zəkəriyyanın (ə) şəhadəti kimidir”.

Sonra başqa Kərbəla şəhidlərini də bu cür ziyarət etdi. O deyirdi: “Salam olsun sizə, ey ruhlar ki, İmam Hüseyn (ə) qəbrində yer almısınız. Şəhadət verirəm ki, siz namaz qılmısınız, zəkat vermisiniz, əmr-be-məruf və nəhy-əz-munkər etmisiniz. Yolunu azanlarla vuruşdunuz. Siz Allaha ibadət etdiniz və ölüm gəlib çatdı. Muhəmmədi (s) göndərən Allaha and olsun ki, daxil olduğunuz o şeydə şərik idik”. Cabirdən soruşdum: “Biz onların cihadında necə şərik olmuşuq ki? Biz axı onlarla bir yerdə qılınc vurmamışıq?” Cabir cavabında dedi: “Ey Ətiyyə! Həbibim Rəsuləllahdan (s) eşitmişdim ki, buyururdu: “Hər kim hansı qövmü sevərsə, onunla məhşur olar. Hər kim həmin qövmün əməlini sevərsə, həmin əməldə onlarla şərik olar”. Allaha and olsun ki, mənim və səhabələrimin niyyəti İmam Hüseynin (ə) və səhabələrinin niyyəti idi. Bu niyyətə görə şəhid oldular”. Sonra dedi: “Məni Kufə evlərinə tərəf apar”. Yolun yarısını getmişdik ki, dedi: Ey Ətiyyə! Belə güman edirəm ki, bu səfərdən sonra səni bir daha görə bilməyəcəyəm. İstəyirsən, sənə vəsiyyət edəm? Ali Muhəmmədin (s) dostlarını sev o zamana qədər ki, dostu olarlar. Ali Muhəmmədin (s) düşmənlərini düşmən bil o zamana qədər ki, düşməni olarlar. Muhəmməd (s) və Ali Muhəmmədin (s) dostları ilə mehriban ol, əgər günah nəticəsində bir addımın titrəyərsə, bu məhəbbət nəticəsində o biri addımın sabit qalar. Onların dostları behiştə və düşmənləri cəhənnəmə gedərlər”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Yanvar, 2012  06:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!