إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam həqiqətən Avropa üçün təhlükədirmi? - Analitik baxış

Avropanın “İslam məsələsi” - Qoca qitədə İslam düşmənliyi kim(lər)ə lazımdır?

 

Avropa müsəlmanlara qarşı qadağalar sartləşməkdə davam edir. Bir qədər əvvəl Avropa Məhkəməsi iş adamlarının başörtülü işçini işdən çıxarmasını haqlı sayan qərar qəbul verib. Məhkəmə iş adamının baş örtüyünü açmayan işçisini işdən azad etməsini qanuni sayıb.

 

Bu qərardan az sonra Danimarka hökuməti baş örtüyünü açmayan qadınları işsizlərə verilən müavinətdən məhrum ediləcəyini açıqlayıb. Qərara əsasən hicabını çıxarmamaq üçün dövlətin təklif etdiyi işlərdə çalışmaq istəməyən işsizlərə müavinət verilməyəcək.

 

Bu, Avropada artıq 10 ilə yaxındır müşahidə olunan İslam əleyhinə qanunlardan daha biridir. İlk dəfə 2009-cu ildə İsveçrədə məscidlərin minarəsinin olmasını yasaqlayan qanun qəbul olundu. O zaman bu qanun ciddi tənqidlərə məruz qalsa da, İsveçrə geri çəkilmədi. Bundan bir müddət sonra isə Fransada niqabı qadağan edən qanun, Ardınca isə bu qanuna əməl etməyənləri cərimələyən qanun qəbul olundu. Doğrudur, bu qanunu birbaşa İslam dininə qarşı addım olaraq dəyərləndirmək olmaz, çünki niqab bir dini geyim deyil, daha çox ənənə olaraq qəbul olunur. Ancaq istənilən halda məhdudiyyət müsəlmanlara qarşı idi.

 

Bütün bunlar Avropada ifrat sağın yüksəlişi fonunda, antiislam çağırışları fonunda baş verirdi. İldən ilə Avropa ölkələrinin parlamentlərində artan sağşı millətçilərin əsas hücum hədəfi isə bir qayda olaraq İslam dini və müxtəlif ölkələrdən qaçaraq Avropaya pənah gətirən müsəlman miqrantlardır. Xüsusən də “ərəb baharı” ilə Yaxın Şərq və Şimali Afrikada başlayan olayların ardınca Avropaya üz tutan miqrantların sayı da sürətlə artıb. Daha əvvəl Afrika və Əfqanıstandan Avropaya axın edənlərə indi İraq və Suriyadan olan minlərlə qaçqın da əlavə olunub. Miqrantların sayının artması və üstəlik kütləvi şəkildə axın edən miqrantların bir çox hallarda müharibə travması və qrup şəklində olmaları səbəbindən təbii olaraq getdikləri yerlərdə öz adətlərini də aparır, bir çox hallarda yerli qaydalara da uyğunlaşmır və ya uyğunlaşa bimirlər. Yaranmış ziddiyyət təbii ki, yerli əhalidə narazılıq yaradır və bu tendensiya avropalı millətçilərin, neonasistlərin işinə yarayır. Əsas şüar isə İslamın Avropa üçün təhlükəyə çevrilməsidir.

 

İslam həqiqətən Avropa üçün təhlükədirmi?

 

Bu barədə iddialar ilk dəfə 10-12 il əvvəl Yaxın Şərqdə antiqərb tendensiyasının yüksəldiyi illərdə Avropada baş qaldırıb. Hansısa mərkəzlər Avropanın sürətlə “islamlaşdığını”, müsəlmanların “qoca qitədə” süərtlə artdığını, 2050-ci ildə böyük çoxluq təşkil edəcəyi ilə bağlı heç bir elmi əsası olmayan xəbərlər Qərb mediasında yer almağa başladı. Ancaq əslində Avropada müsəlman əhalinin sayı 2020-ci ildə 6 faizə yüksələcəyi ehtimal olunurdu. Hansı ki, əsas ağırlıq Rusiyanın qərbində və Balkan yarımadasında yaşayan müsəlman əhali təşkil edirdi. Ancaq məslən Fransada əhalinin sadəcə 4 faizi müsəlman olduğu halda, sorğulara görə, nədənsə fransalıların əksəriyyətinə görə, ölkə əhalisinin 30 faizinin müsəlman olduğunu düşünürdülər. Oxşar mənzərə digər Avropa ölkələrində də mövcud idi. Məsələn, o zaman sadəcə Almaniya əhalisinin 3,5, Britaniya əhalisinin isə sadəcə 2 faizini müsəlmanlar təşkil edirdi. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, hansısa gizli əllər Avropada müsəlman xofu yaratmağa çalışırdı.

 

Danimarkada 2005-ci ildə, ardınca isə müxtəlif illərdə Hollandiyada, Fransada və daha sonra ABŞ-da İslam dini müqəddəslərini təhqir edən və müsəlmanlar arasında böyük qəzəbə səbəb olan karikatura və filmlərin çəkilməsi dünyada böyük etirazlara səbəb olmaqla yanaşı, Qərb ictimai rəyinə “müsəlman təhlükəsi” düşüncəsini yerləşdirirdi.

 

2005-ci ildə Parisin kənar məhəllələrində 2-ci, 3-cü nəsil müsəlman miqrantların şübhəli təxribat (daha sonra iğtişaşlara səbəb olan hadisənin xüsusi xidmət orqanları əməkdaşları tərəfindən törədildiyi iddiaları yayıldı – nation.az) nəticəsində kütləvi iğtişaşlar törətməsi bir tərəfdən miqrant problemlərini gündəmə gətirdisə, digər tərəfdən fransız və bütövlükdə avropalılar arasında əndişə yaratmağa xidmət edirdi.

 

Assimilsyasiya olmamışlar

 

Avropada ilk müsəlman miqrantlar əsasən müstəmləkə ölkələrindən olub. Britaniya, Fransa kimi böyük müstəmləkə imperiyalarından bəzi təbəələrin “mərkəzə” köçməsi adi haldır. Ancaq bu tendensiya xüsusən də İkinci Dünya Müharibəsindən sonra müstəmləkə ölkələrindən başlayan milli-azadlıq müharibələrindən sonra daha da sürətləndi. Məsələ ondadır ki, keçmiş müstəmləkələrə müstəqillik qazandıqca, orada daha əvvəl imperiya üçün xidmət etmiş sadəqətli təbəələr yeni müstəqil hökumətlər tərəfindən bir qayda olaraq cəzalandırılırdı. Bu səbəbdən də keçmiş imperiyalarda müstəmləkəyə xidmət etmiş şəxslər ölkələr müstəqil olduqdan sonra “mərkəzə” qaçırdılar. Bu səbəbdən də İkinci Dünya Müharibəsindən sonra Fransa, Britaniya, İtaliya və digər Avropa ölkələrində müstəmləkələrdən qaçan miqrantların sayı sürətlə artdı. Bu məsələdə Fransa xüsusilə fərqlənirdi. Çünki Fransanın Yaxın Şərqdə və Şimali Afrikada böyük müstəmləkələri vardı və bunların bir qismi – məsələn, Əlcəzair - uzun müharibədən sonra müstəqilliyinə qovuşa bildi. Fransaya isə Əlcəzairdə törətdiyi qanlı qırğınlar və yeni hakimiyyətin cəzalarından qoxduğu üçün baş götürüb qaçan miqrantlar qaldı. Ancaq Fransa hökuməti bu qədər müsəlman miqrantı öz içində “əridəcək” proqrama sahiob deyildi və üstəlik müstəmləkələrə olan ənənəvi münasibət səbəbilə hökumət miqrantları əsasən Paris ətrafında tikilmiş düşərgələrə yerləşdirdi. Bu isə miqrantların nəinki Fransa cəmiyyətinə (çox az bir qismi istisna olmaqla – nation.az) inteqrasiyasına səbəb oldu, əksinə təhsildən, cəmiyyətdən təcrid edimə hissinin təsiri və yarımçıqlıq kompleksi miqrantlara hakim oldu. Bu səbəbdən də düşərgələr zamanla Fransanın kriminal mərkəzlərinə çevrildi. Hətta polis belə bu düşərgələrə daxil olub cinayətkrları həbs edə bilmirdi. Bu səbəbdən 2005-ci il Paris olayları hökumətin kriminal miqrant qruplarına qarşı mübarizəsində ciddi uğuru oldu.

 

“Ərəb baharı” ilə Avropa yenidən böyük bir miqrant dalğası ilə üz-üzədir. Hazırda Avropa liderləri yeni dalğanın qarşısını almaq üçün yollar axtarsa da, bu, faktiki olaraq mümkün deyil. Çünki ağır şərtlərdən, müharibə, diskriminasiyadan əziyyət çəkən insanları geri qaytarmaq Avropanın qəbul etdiyi universal dəyərlərə ziddir. Ancaq eyni zamanda bu qədər miqrantları da yerləşdirmək, onları cinayətkar şəbəkələrin təsirinə düşməkdən qorumaq, Avropa şərtlərində vətəndaş olaraq asimilyasiya etmək ciddi iş tələb edir. Üstəlik miqrasiya edənlərin arasında terror təşkilatları üzvləri, terrorçuluq və dini radikalizmə rəğbətlə yanaşan insanların olması Avropa üçün narahatlıq mənbəyidir. Bu məqsədlə AB ölkələri Türkiyə ilə qanunsuz miqrantların geriyə Türkiyəyə qaytarılması və geri qaytarılan sayda miqrantın seçmə yolu ilə Avropaya qəbul olunması haqda anlaşma imzalandı.  Ancaq buna baxmayaraq miqrant axını Afrikadan, Yaxın Şərqdən və Orta Asiya-Qafqazdan davam edir.


Antiislam tendensiyası siyasət vasitəsinə çevrilir

 

Təbii ki, bu vəziyyət, mövcud hökumətlərin miqrant məsələsi və Yaxın Şərq, Afrika ölkələrində yaranmış böhranların həllinə çarə tapa bilməməsi ifrat sağın və xüsusən də İslam əleyhdarlarının mənafeyinə uyğun gəlir.

 

“Müsəlman təhlükəsi”, miqrantların Avropa dəyərlərini ortadan qaldıracağı haqda təhlükəli xəbərdarlıqlar ifrat sağın getdikcə ən populyar şarlarına çevrilir. Terror aktları, miqrantların törətdiyi cinayətlər, xuliqanlıq hərəkətləri, Avropa ənənələrinə zidd davranışları qitə əhalisini qorxutmaqla yanaşı, sağın “çörəyinə yağ sürtür”.

 

Digər tərəfdən, Avropada müsəlmanlar əleyhinə çağırışların artması, İslam əyehdarlığının yüksəlməsi radikal müsəlman qrupları üçün də əlverişlidir. Çünki tərəfdarlarını məhz Qərbə, onun dəyərlərinə nifrət ruhunda böyüyən insanlardan toplayırlar. Avropada qəbul olunan İslam əleyhinə qərarlar qitədən daha çox müsəlman dünyasında təsir yaradır, Avropa düşmənçiliyi, Qərbin İslama qarşı “əzəli nifrətinin” növbəti nümunəsi olaraq təqdim olunur. Digər tərəfdən, Avropada cəmiyyətə inteqrasiya ola bilməyən, öz yerini tapa bilməyən gənclər də ildən ilə artan antiislam ritorikaları fonunda daha da radikallaşırlar.

 

Ümumi mənzərəyə baxdıqda davam edən və sürətlə yüksələn islam əleyhinə tendensiyada hər iki tərəfdə ifratçılar, Avropada millətçi sağlar, müsəlman aləmində isə radikal islamçılar qazanclı çıxırlar. Bu isə problemin həlli imkanlarını daha da daraldır. Çünki Avropada müsəlmanlar əleyhinə atılan hər addım, edilən hər çağırış və bunun qarşısında radikal islamçılar partlatdıqları hər bomba, təşkil etdikləri hər sui-qəsd böhranı daha da dərinləşdirir.

 

Bu tabloya bir də iqtisadi, enerji, dövlət maraqları kimi “vazkeçilməz maraqlar” kimi əlavə, amma əslində həlledici “rəngləri” qatanda qarşımızda həddən artıq dramatik, problemli bir səhnə canlanır. Bu vəziyyətdən çıxmaq üçün lazım olan müdriklik, ağıl və insani duyğular isə hələ ki çox zəif görünür.

 

Mənbə:Nation.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Mart, 2017  12:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!