إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi formaları ictimaiyyətə təqdim edilib

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən martın 2-də IV İslam Həmrəyliyi Oyunlarının rəsmi geyim formaları ictimaiyyətə təqdim edilib.

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin brend şöbəsi tərəfindən hazırlanmış formaların dizaynı peşəkar dizaynerlər komandası tərəfindən təqdim olunub. Fərqli görünüşlərə malik formalar işçi heyəti və podratçılar daxil olmaqla müxtəlif işçi qruplar üçün nəzərdə tutulub. İslam Həmrəyliyi Oyunlarının könüllüləri və işçi heyəti üçün hazırlanmış formalar da eyni dizayna və görünüşə malikdir.

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib ki, artıq formaların istehsalına başlanılıb. Formalar bütün yarışların önəmli atributu sayılır və burada bizim üçün əsas şərtlərdən biri bu geyimlər vasitəsilə Oyunların ab-havasını ictimaiyyətə çatdırmaqdır. Bu formaları öz üzərində daşıyacaq hər kəs Oyunların bir hissəsi olmaqla yanaşı, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının sülh, hörmət, bərabərlik və mükəmməllik mesajını da dünyaya çatdırmış olacaq.

Rəsmi forma dizaynlarının hazırlanması prosesində Bakı 2017 Oyunlarının loqosundan, brendin rəsmi rənglərindən və elementlərindən istifadə edilib.

Brendin əsas naxış elementi olan xalça simvolik Azərbaycan və İslam xalça ikonoqrafiyasını, eləcə də petroqlifləri özündə əks etdirərək ənənəvi Azərbaycan xalçasının müasir təsvirini yaradır.

İslamı özündə təcəssüm etdirən, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının da rəngi olan yaşıl rəng əsas işçi heyətinin və könüllülərin formalarında xüsusi olaraq xalça motivləri üzərində özünəməxsus ahəngdarlığı ilə yer alıb.

Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının forma dəstinə köynək, papaq, kiçik bel çantası və şalvar daxildir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2017  13:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!