إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Nəfsin hesabı

İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur:

"Ey Cündəb oğlu Əbdullah, bizi tanıyanlara vacibdir ki, hər gündüz və gecədə əməllərinə nəzər salıb özləri ilə hesab çəksinlər. Gördükləri yaxşı işləri artırıb, çirkin işlərə görə bağışlanma tələb etsinlər ki, qiyamətdə rüsvay olmasınlar".

Əhli-beyti tanıyan hər bir müsəlman öz həyat proqramını onların göstərişlərinə uyğunlaşdırmalı və əməllərinə nəzər salmalıdır. İnsanın öz əməllərinə nəzər salması Allahın onun ruhuna əta etdiyi bir xüsusiyyətdir.

Özü ilə hesab çəkən insan yaxşı bir əməllə rastlaşdıqda bunu Allahın lütfü bilməli və yaxşı əməlləri artırmaq üçün Ondan yardım istəməlidir. Başqa bir rəvayətə əsasən, insan öz yaxşı əməlinə görə Allaha şükr etməli və gələcəkdə daha çox yaxşı iş görmək üçün Ondan yardım diləməli, pis işlərinə görə tövbə etməlidir.

Amma tövbənin şərtləri vardır. Məsələn, qılınmamış namazın qəzasını qılmaq, vurulmuş zərəri ödəmək və s. Belə bu davranış növbəti dəfə günahın ruha təsir etməsinin qarşısını alır.

Qurani-Kərimdə biri həddi aşmış, digəri isə öz əməllərinə diqqətli olan iki qardaş haqqında danışılır. Mömin qardaşının nəsihətlərini qulaqardına vuran təkəbbürlü qardaş deyir: "Qiyamətin qopacağını təsəvvür etmirəm. Hətta Rəbbimin hüzuruna qaytarılsam özümə bundan da yaxşı məskən taparam"(Kəhf ayə 36). Quran bu hekayəti nəql etməklə hesab-kitabsız etiqadın heç bir fayda verməyəcəyini anladır.

Qiyamət hesabına inam axirət inamının əsasıdır. Qiyamət gününün hikməti insanların öz yaxşı və pis əməllərinin mükafat və cəzasına çatmasıdır. Hesab olmasaydı, qiyamət nəyə lazım idi?! Həzrət Peyğəmbər (s) buyurur: "Nə qədər ki, hesaba çəkilməmisiniz özünüz özünüzü hesaba çəkin"(Biharul-ənvar,cild 70).

Belə bir inama malik olan insan hökmən öz əməllərini nəzərdən keçirib nəticə çıxarır.

Nəfsin hesabı o qədər mühüm məsələdir ki, bu mövzuya kitablar həsr edilmişdir. Bu barədə kifayət qədər ayə və rəvayətlər mövcuddur. Əxlaq kitablarında verilmiş göstərişlər insanların bu sahədə təkamülü üçün olduqca faydalıdır. Nəfsin hesabı üçün dörd mərhələ müəyyənləşdirilmişdir:

Birinci mərtəbədə insan özü ilə şərt kəsir ki, bu gün vəzifələrini tam yerinə yetrəcək və günahlardan çəkinəcəkdir.

İkinci mərhələdə insan verdiyi əhdləri pozmamaq üçün bütün əməllərini nəzarət altına alır.

Üçüncü mərhələ günün sonunda bütün əməllərin hesab-kitabından ibarətdir.

Dördüncü mərhələdə insan buraxdığı nöqsanlara görə özünü tənbeh edir və bunun üçün müəyyən işlər görür. Məsələn, növbəti gün ya oruc tutmağı, ya sədəqə verməyi, ya Quran oxumağı, ya da başqa bir xeyirli işi özünə vacib edir.

Bu mərhələlərin ən əhəmiyyətlisi mühasibədir. Əgər insan öz yaxşı və pis əmələrini tam dəqiqliklə qiymətləndirməyə müvəffəq olarsa, Allahın yardımı ilə nöqsanları aradan qaldırmağa da müvəffəq olar.

 

Ustad Misbah Yəzdi("İmam Sadiqin(ə) nəsihətləri")

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Fevral, 2017  11:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!