إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan Sinqapurda keçirilən beynəlxalq dini tədbirdə təmsil olunub

Sinqapurdakı “Baalvi” məscidi yanvarın 25-dən 28-dək Məhəmməd peyğəmbərin mövluduna həsr olunmuş beynəlxalq tədbir keçirib.

Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, tədbirdə müsəlman ölkələrindən, o cümlədən Malayziya, İndoneziya, Bruneydən dörd minə yaxın din xadimi və icma lideri, ilahiyyatçılar, tanınmış alimlər iştirak ediblər. Beynəlxalq tədbirdə ölkəmizi Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Rəşad Əliyarlı təmsil edib.

R.Əliyarlı Seyid Həsən bin Məhəmməd əl-Attas ilə ikitərəfli görüşdə QMİ sədrinin salamlarını və dəvət üçün təşəkkürünü çatdırıb. Görüş zamanı Azərbaycanda dini dözümlülük, tolerantlıq və digər mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda dini mövzuda nəşrlər və ölkəmizdə tolerantlığa dair hazırlanmış xüsusi disk məscid rəhbərinə təqdim olunub. Xüsusi diqqətə və hədiyyələrə görə təşəkkür edən Seyid Həsən bin Məhəmməd əl-Attas Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.

Sinqapurun hökumət üzvləri, sabiq nazirləri, parlament üzvləri və digər yüksək rütbəli dövlət rəsmilərinin iştirak etdiyi əsas tədbirdə R.Əliyarlı Azərbaycanda islam mədəniyyəti və multikulturalizmdən, müxtəlif din nümayəndələrinin birgə sülh və qarşılıqlı hörmət şəraitində yaşamasından bəhs edib. QMİ sədrinin müavini sovet dövründə cəmi 18 məscidi olan Azərbaycanda müstəqilliyin bərpasından sonra məscidlərin sayının 2 mini keçdiyini qeyd edib.

Dövlətimizin dinə göstərdiyi qayğı və dəstəkdən söhbət açan R.Əliyarlı Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayıb. O, həmçinin cari ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də digər tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Tədbir din xadimlərinin Sinqapurdakı yetim və kimsəsizləri ziyarət etməsi ilə başa çatıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Yanvar, 2017  10:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!