إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həqiqi mömin əyləncəyə vaxt sərf edə bilərmi?

İnsanın gözü, əl-ayağı yorulub, istirahətə ehtiyaclı olduğu kimi, ruhu da yorulur və dincini almaq istəyir. İnsanı psixoloji yorğunluqdan çıxaran ən gözəl vasitə, sağlam əyləncədir.

Təcrübədə sübut olunmuşdur ki, ruh yorulduqca, onun işinin keyfiyyəti aşağı enir. Qısa müddət əyləncə ilə məşğul olduqdan sonra ruh dirçəlir, yenidən işləməyə həvəs yaranır.

Həzrət Əli (ə) buyurur:

"İmanlı insanın günü üç hissədən ibarətdir. Günün bir hissəsini mənəviyyatla məşğul olub ibadət edən insan, günün ikinci hissəsini maddi ehtiyaclarının təminatına sərf etməlidir. Günün üçüncü hissəsi halal ləzzətlərə sərf olunmalıdır".(«Nəhcül-bəlağə»)

Başqa bir hədisdə isə, günün əyləncəyə sərf olunan hissəsinin digər iki hissəyə kömək etdiyi bildirilir.

İmam Sadiq (ə) buyurur: "Təbukdan qayıdan peyğəmbər, öz yaxınları arasında cıdır müsabiqəsi keçirdi. Həzrətin dəvəsinə minmiş Üsamə, cıdırda qalib gəldi".(Səfinətül-bihar 1-ci cild səh-596)

İslamda sağlam əyləncəyə o qədər əhəmiyyət verilmişdir ki, hətta bəzi müsabiqələrdə şərt də bağlamaq halaldır. Bu müsabiqələr peyğəmbər dövründə bəzən onun hakimliyi ilə keçirilərdi. At çapmaq, ox atmaq uyğun halal müsabiqələrdəndir.

Lakin unutmaq olmaz ki, İslam dini yalnız sağlam müsabiqəni qəbul edir. İnsanın cisminə və ruhuna zərərli əyləncələr cəmiyyətdə inkar olunur. İkinci bir tərəfdən, əyləncə insanın həyat idealına çevrilib, onu ruzi qazanmaq və ibadətdən saxlamamalıdır. Əgər əyləncəyə aludə olmuş insan namazın vaxtını ötürürsə, bu sayaq əyləncəni heç vəchlə məqbul hesab etmək olmaz.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2016  13:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!