إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hesabat: «Son 100 il ərzində dünyada xristianların sayı dəyişməyib»

Hazırda dünyada 2,18 milyard xristian yaşayır. Bu dünya əhalisinin təxminən üçdə biri deməkdir. Din və ictimai həyat məsələləri üzrə araşdırma mərkəzi olan «Pyu»nun dərc etdiyi hesabatda belə deyilir.

Hesabatda göstərilir ki, xristianlar 200-dən artıq dövlətin ərazisində yaşayırlar. Buna görə də heç bir bölgə «qlobal xristianlıq mərkəzi» sayıla bilməz.

Mövcud tendensiyalar sırasında Avropadakı xristianların ümumi çəkisinin azalması qeyd olunur. Hazırda xristianların 26%-i Avropada yaşayır. 1910-cu ildə isə dünya xristianlarının üçdə ikisi Avropada yaşayıb. Əgər 1910-cu ildə avropalıların 95%-i xristian idisə, indi bu rəqəm 76%-ə bərabərdir.

Araşdırmaya görə xristianların 37%-i Şimali və Cənubi Amerika və Karib hövzəsi ölkələrində, 24%-i Böyük Səhradan cənubdakı Afrika ölkələrində, 13%-i isə Asiya-Sakit okean bölgəsində yaşayırlar.

Son 100 il ərzində xristianların sayı 600 milyondan 2,18 milyarda çatıb. Lakin dünya əhalisinin artım templəri də eyni olduğundan xristianlar yüz il əvvəlki kimi planet sakinlərinin üçdə birini təşkil edirlər.

Eyni zamanda Böyük Səhradan cənubdakı Afrika ölkələrində və Asiya-Sakit okean bölgəsində xristianların sayı sürətlə artır. 1910-cu ildə Böyük Səhradan cənubdakı Afrika ölkələrində xristianların sayı cəmi 9% olduğu halda 2010-cu ildə bu rəqəm 63%-ə çatıb.

Araşdırmaya görə, dünya xristianlarının yarısını katoliklər təşkil edirlər. 37% xristian protestant, 12% isə pravoslavdır.

Beləliklə, xristianlıq planetin ən çoxsaylı dinidir. İkinci yerdə gedən islamın 1,5 milyard ardıcılı var.

Araşdırma həmçinin göstərib ki, xristianların təxminən yarısı 10 ölkədə yaşayır: ABŞ, Braziliya, Meksika, Rusiya, Almaniya, Filippin, Çin, Nigeriya, Konqo Demokratik Respublikası və Efiopiyada.

Dünyada ən az xristian Yaxın Şərq və Şimali Afrika bölgəsində yaşayır. Bu Dinin yarandığı bölgədə onun ardıcıllarının sayı cəmi 4%-dir.

apa.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Dekabr, 2011  13:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!