إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“İslam İttifaqı” koalisiyası niyə dayandı?

İslam.az musavat.com-a istinadla Kənan Rövşənoğlunun yazısını təqdim edir:

Ötən ilin sonlarında Səudiyyə Ərəbistanının təşəbbüsü ilə “Terrora qarşı İslam İttifaqı” adlı koalisiya yaradılıb. 34 ölkənin qatıldığı ittifaqın mərkəzi Səudiyyə Ərəbistanında yerləşir, əsas təşkilatçı da Krallıqdır. Türkiyənin də qatıldığı bu ittifaqın ümumi ordularının sayı 3 milyon 363 min hərbçi və 19471 tank olmaqla böyük bir ordu hesab olunurdu. Bu isə bu günə qədər olan ən böyük hərbi koalisiyalardan biri idi, təbii ki, davam edə bilsəydi.

Ancaq bu koalisiyaya İranın, o cümlədən Suriya və İraqın qatılmaması, 57 müsəlman ölkəsindən 34-nün təmsil olunması və Yaxın Şərqdə İran-Səudiyyə gərginliyinin davam etdiyi bir zamanda meydana çıxması bu koalisiyanın müsəlman ölkələri arasında gərginliyin nəticəsi olaraq ortaya çıxması haqda fikirlərə səbəb oldu.

Baxmayaraq ki, təsisçilər bu koalisiyanın əsas məqsədinin müsəlman ölkələrində baş qaldıran terror qruplaşmalarına qarşı mübarizə olduğunu bəyan etmişdilər. Hətta S.Ərəbistanı vəliəhdi, müdafiə naziri Məhəmməd bin Salman tərəfindən radikalizmə qarşı mübarizə olduğunu bəyan etmişdi. Lakin təmtəraqla elan olunan və hətta bir dəfə böyük bir hərbi manevr keçirən koalisiya nədənsə sonradan fəaliyyət göstərmədi. Baxmayaraq ki, bir neçə ay əvvəl koalisiyanın Suriyaya hərbi müdaxiləyə hazırlaşdığı haqda xəbərlər region ölkələri mediasında geniş yer almışdı.

Lakin gözlənildiyi kimi, koalisiya İraq, Suriya, Misir və Əfqanıstana əsgər göndərmədi. İndi isə İslam İttifaqı böyük ölçüdə unudulmuş kimi görünür. Baxmayaraq ki, yarandığı vaxtlarda ABŞ da bu koalisiyanı dəstəkləmişdi.

Bu koalisiyanın uğursuz olmasını region analitikləri bir sıra məqamlarla izah edir. 34 müsəlman ölkəsi dəstək versə də, bir çox ölkələr S.Ərəbistanın liderlik etdiyi koalisiyanın Krallığın münaqişə vəziyyətində olduğu İrana qarşı bir güc nümayişi olaraq qəbul edirdi. Bu səbəbdən də bir çox ölkələr formal olaraq dəstəkləsələr də, aydın məsələdir ki, bu koalisiyanın üzvü olaraq Yaxın Şərqdə onsuz da gərgin olan münasibətlər sistemini daha da gərginləşdirib müsəlman ölkələri arasında düşmənçiliyi daha da dərinləşdirmək istəmədi.

Digər tərəfdən, üzdə bir yerdə olsalar da, bir sıra ərəb-müsəlman ölkələri belə Krallığın regionda lider rolunu ələ almasını istəmirdi. Xüsusən də Qətər kimi ölkələr Suriya və İraq mövzusunda həmfikir olsalar da, Yaxın Şərqdə Səudiyyə liderliyi ilə barışmaq istəmir.

Bundan başqa Səudiyyə Ərəbistanının özünün bu cür geniş koalisiya üçün təcrübəsinin və geniş beynəlxalq siyasi dəstəyinin olmaması bu koalisiyanın güc mərkəzinə çevrilməsinə mane oldu. Bundan əvvəl Yəmənə hərbi müdaxilə zamanı 10 ölkə ilə ittifaq qursa da, əslində real olaraq yalnız ər-Riyad hərbi əməliyyatların yükünü öz üzərinə götürməli oldu. Digər ölkələrin qoşulması isə daha çox formal və görüntü xatirinə oldu.

Koalisiyanın fəal gücə çevrilə bilməməsinin daha bir səbəbi isə konkret olaraq hansısa əməliyyat və ya layihə həyata keçirə bilməməsi idi. Hətta əməliyyat gücü formalaşdırdığını elan etsə də, “İslam İttifaqı” Suriyada İŞİD-ə qarşı əməliyyat həyata keçirmədi. Bu plan ilk günlərdən Suriya hakimiyyətinin sərt etirazı ilə qarşılaşdı. Üstəlik aydın oldu ki, o qədər də savaş təcrübəsi olmayan, Yəməndə əməliyyatları bitirə bilməyən Krallıq generallarının rəhbərlik etdiyi koalisiya Suriyaya müdaxilə zamanı daha ciddi böhranla qarşı-qarşıya qalacaqlar. Bu səbəbdən də regionda münaqişə vəziyyətini daha da gərginləşdirməmək naminə ər-Riyad Suriyaya müdaxilə planından vaz keçdi. Ancaq təbii ki, koalisiyanın digər münaqişə ocaqlarına, müttəfiq Misirə və ya Əfqanıstana sülhyaratma missiyası göndərə bilərdi.

Ancaq görünən odur ki, həm Yəmən münaqişəsinin uzanması, həm də iqtisadi çətinlik, neft gəlirlərinin sürətlə azalması Krallığın böyük xərc tələb edən hərbi əməliyyata qol qoymasına mane oldu. Burda təbii ki, ABŞ-ın da rolu olmamış deyil.

Çünki hər nə qədər müttəfiq olsa da, Vaşinqton ər-Riyadın müstəqil güc mərkəzinə çevrilməsini istəməz və bunun üçün dəstək verməz. Bütün bunlar və digər görünən, görünməyən maneələr Səudiyyə Ərəbistanının yeni qurulan koalisiya ilə regional hərbi əməliyyatlara başlamasına mane oldu. Təbii ki, bura bu cür situasiyalarda təcrübəli olan İran diplomatiyasının qarşı hücumlarını da əlavə etmək lazımdır.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Avqust, 2016  12:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!