إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Sinqapur konfransı iştirakçılarına “Azərbaycanın seçilmiş İslam abidələri” kitabı təqdim olunub

Sinqapur Xarici İşlər Nazirliyi və bu ölkənin Rajaratnam Beynəlxalq Əlaqələr Məktəbinin birgə təşkilatçılığı ilə sözügedən ölkədə “Dini tolerantlığın təşviq edilməsi və gücləndirilməsi məqsədilə ən yaxşı təcrübələr və siyasətlər üzrə regionlararası perspektivlər” adlı beynəlxalq konfrans təşkil olunmuşdur.

Ahlibeyt.az-ın Dini komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın da dəvət aldığı konfransda BMT-nin Cenevrədə yerləşən daimi nümayəndəliyinin müxtəlif ölkələr üzrə  təmsilçiləri, BMT İnsan Hüquqları Şurasının prezidenti,  20-dən çox ölkədən siyasətçi, hüquqşünas, dini lider, professor, vətəndaş cəmiyyətinin üzvləri və bu sahədə fəaliyyət göstərən ekspertlər də daxil olmaqla 100-ə yaxın nümayəndə iştirak etmişdir.

Tədbir çərçivəsində keçirilən panellərdə dözümsüzlüyün qarşısının alınması, qarşılıqlı anlaşma, dialoq və tolerantlığın gücləndirilməsi üçün əsas diqqətin etnik və dini münaqişənin qarşısının alınması, işsizliyin aradan qaldırılması, sağlam media təhsilinin vacibliyi kimi həssas mövzulara yönəldilməsi xüsusi vurğulanmışdır.

Məzhəblərarası müharibələr və fobiya anlayışının ümumdünya kontekstində daha da genişləndiyini qeyd edən natiqlər bu sahədə aparılan ən yaxşı siyasətlərin və təcrübələrin öyrənilməsinin zərurətə çevrildiyini diqqətə çatdırdılar. Çıxışlardan qənaət bu oldu ki, bir çox ölkələr mədəni müxtəlifliyin idarə edilməsi, dini tolerantlığın gücləndirilməsi və təşviqi sahəsində siyasətini üç istiqamətdə – hüquqi, institutsional və icmalara (etnik, milli və dini) yönəlik qurmuşdur. Hüquqi istiqamət əsasən mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsində qanunvericilik bazasının formalaşması sahəsində görülən işlər hesab olunur. İnstitutsional istiqamət - irqçiliyə və dini dözümsüzlüyə qarşı formalaşmış qanunvericilik bazasının icra mexanizmlərinin həyata keçirilməsi və nəzarətidir. Sonuncu istiqamətin əsas vəzifəsi isə din xadimləri və dini icmalar tərəfindən tolerantlıq, qarşılıqlı anlaşma və hörmət prinsiplərinin gücləndirilməsi sahəsində dövlətlə qarşılıqlı əlaqələrin qurulmasıdır.

Sinqapurun Dövlət, Müdafiə və Xarici Əlaqələr üzrə Baş naziri Dr. Məhəmməd Maliki bin Osman nifrət zəminində çıxışların getdikcə artması, mənfi stereotiplərin yaranması və inkişafında müasir telekommunikasiya vasitələrinin rolu,  bu “hərəkat”da gənclərin hədəf seçilməsinin siyasi və psixoloji tərəfləri haqqında geniş məruzə ilə çıxış etdi.

Məruzəçilər “miqrasiya inqilabı”nın nəticəsi kimi dini dözümsüzlük və nifrət zəminində çıxışların artdığını, irqçiliyin gücləndiyini diqqətə çatdırmaqla onu XXI əsrdə qarşıda duran əsas çətinliklərdən biri kimi dəyərləndirdilər. Bu səbəbdən, bütün ölkələrin dünyada baş verən proseslərdə birbaşa iştirakı, qabaqlayıcı tədbirləri artırmaq və əməkdaşlıq əlaqələrini genişləndirmək yönündə zəruri addımlar atmağsının vacibliyi vurğulanaraq qeyd edildi ki, baş verən humanitar böhranların qarşısının alınması üçün mədəni demokratiya çox önəmlidir.

Sinqapur konfransında rəğbətlə qarşılanan hadisələrdən biri də Azərbaycan həqiqətlərinin araşdırılması və öyrənilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çap olunmuş “Azərbaycanın seçilmiş İslam abidələri” və “Azərbaycan tolerantlıq diyarı” kitablarının, eləcə də sənədli filmlərin ingilis dilinə tərcümə olunmuş nüsxələrinin konfrans iştirakçılarına, Sinqapur Xarici İşlər Nazirliyinin, Rajaratnam Beynəlxalq Əlaqələr Məktəbinin araşdırma mərkəzinin, Sinqapur İslam Dini Şurasının və Harmoniya Mərkəzinin kitabxanalarına təqdim edilməsi oldu.Bu məlumat bazaları həm Azərbaycanda illərdir tətbiq olunan və nümunəvi modellər sırasına daxil edilən dövlət-din münasibətləri modelinin geniş auditoriyaya çatdırılması, həm də ölkə xaricində akademik səviyyədə araşdırılması işinə mühüm töhfə olacaqdır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2016  11:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!